Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər yalnız sahibkarlıq fəaliyyətinə şamil ediləcək
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq” məlumatının yayılmasından sonra vətəndaşlar tərəfindən çoxsaylı suallar ünvanlanıb.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məsələyə aydınlıq gətirib.
Xidmətin məlumatına görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu fəaliyyətlər hidrotexniki qurğular, kanallar, borular, nasoslar, artezian və subartezian quyuları, kəhrizlər, eləcə də sudaşıyan avtomobillər kimi xüsusi texniki vasitələrdən istifadə edilməklə həyata keçirilir.
Bildirilib ki, belə hallarda icazə yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur. Su obyektlərindən ümumi istifadə isə vətəndaşların qanunla təmin edilmiş hüququ olaraq qalır.
Belə ki, vətəndaşlar çimərliklərdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.
Həmçinin mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə torpaq sahibləri öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə üçün quyu qaza və həmin quyudan istifadə edə bilərlər.
Qurum vurğulayıb ki, vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çaylardan və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün nə icazə almasına, nə də hər hansı ödəniş etməsinə ehtiyac var.
Tullantı sularının axıdılması qaydalarına da aydınlıq gətirilərək bildirilib ki, sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər. Normativlərə cavab verməyən tullantı suları isə əvvəlcədən xüsusi təmizləyici qurğular vasitəsilə emal edilməlidir.
Tullantı sularının su obyektlərinə axıdılması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tullantı sularının həcmi, axıdılma nöqtəsinin koordinatları, istifadə olunan təmizləyici qurğular və digər tələb olunan sənədlərlə birlikdə ADSEA-ya müraciət edərək müvafiq icazə almalıdırlar.
Məlumatda qeyd olunur ki, Xəzər dənizində kiçik həcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, eləcə də artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar da xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.
İstifadə olunan su mənbəyindən və fəaliyyət növündən asılı olaraq ödəniş məbləğləri fərqlənir. Bu məbləğlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” sənədində əks olunub.
Xidmət vətəndaşların diqqətinə çatdırıb ki, yeni ödəniş mexanizmi yalnız xüsusi məqsədlər üçün istifadə hallarına şamil edilir və şəxsi məişət ehtiyacları üçün su obyektlərindən istifadəyə aid deyil.
Qeyd edək ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.