Yeni Günəşlidə 3 gündür su yoxdur – “Bunun adı təkcə korrupsiya deyil, bunun adı həm də əxlaqsızlıq, şərəfsizlikdir”
Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində sakinlər artıq 3 gündür içməli su problemi ilə üzləşiblər. İddialara görə, qəsəbə əhalisi su təminatının dayandırılması səbəbindən mağazalardan su alaraq evlərinə daşımaq məcburiyyətində qalıb.
Xpress.az xəbər verir ki, tanınmış jurnalist Natiq Muxtarlı sosial şəbəkə hesabında məsələ ilə bağlı sərt paylaşım edib.
Jurnalist bildirib ki, ADSEA-nın (Azərsu) suyun kəsilməsi ilə bağlı əhaliyə əvvəlcədən heç bir xəbərdarlıq etmədiyini iddia edib. O, paylaşımında qeyd edib ki, sakinlər günlərdir ciddi çətinlik yaşayırlar.
Natiq Muxtarlı daha sonra bəzi iddialara da toxunaraq, marketlərdə satılan suların əksəriyyətinin istehsalçısının ADSEA rəhbəri Zaur Mikayılov olduğunu irəli sürüb. Jurnalist iddia edib ki, qəsəbənin su təchizatının dayandırılması həmin məhsulların satışını artırmağa xidmət edir.
“Bunun adı təkcə korrupsiya deyil, bunun adı həm də əxlaqsızlıq, şərəfsizlikdir”, – deyə Natiq Muxtarlı paylaşımında yazıb.
Qeyd edək ki, səsləndirilən fikirlər və ittihamlar müəllifə məxsusdur. Məsələ ilə bağlı ADSEA və ya Zaur Mikayılov tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.
