Toydakı mübahisənin qanlı sonu: həmkəndlisini 33 bıçaq zərbəsi vurub başını bədənindən ayırdı – AĞIR CƏZA
Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, Əli Əliyev həmin cəzanın ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Əli Əliyev xüsusi amansızlıqla həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilir.
Cinayət işinin materiallarına əsasən, hadisə 14 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonunun Moranlı kəndi ərazisində baş verib.
Təqsirləndirilən şəxs həmin gün axşam saat 20 radələrində tanışları ilə birlikdə Şirvan şəhərində fəaliyyət göstərən "Leyla" şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib. Məclis zamanı spirtli içki qəbul edən Əli Əliyev alkoqol sərxoşluğu vəziyyətində şadlıq sarayının həyətində tanışı ilə mübahisə edib və onu vurub. Bu zaman hadisəyə müdaxilə edən həmkəndlisi, zərərçəkmiş Rüstəm Əliyev təqsirləndirilən şəxsin bu hərəkətinə irad bildirib.
İraddan narazı qalan Əlinin Rüstəmlə mübahisəsi daha da böyüyüb. Bu zaman Rüstəm onun sol göz nahiyəsinə yumruqla zərbə endirib, həmçinin ünvanına və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib.
Məhz həmin hadisədən sonra təqsirləndirilən şəxsin Rüstəm Əliyevdən qisas almaq və onu öldürmək niyyətinə düşüb.
İstintaqın müəyyən etdiyi məlumata görə, həmin gün axşam saat 23 radələrində Əli Sabirabad rayonunun Moranlı kəndində yerləşən yaşadığı evə qayıtdıqdan sonra Rüstəmə zəng edib, onu kənd ərazisində yol kənarında görüşə çağırıb. O, görüşə gedərkən özü ilə mətbəx bıçağı da götürüb.
Daha sonra qonşusunun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə Rüstəm Əliyevin yaşadığı evin yaxınlığına gedib. Təyin olunmuş görüş yerində avtomobildən düşərək onu gözləyən Rüstəmlə yenidən mübahisəyə başlayıb. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı çıxararaq Rüstəmin baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl şəkildə zərbələr endirib. Əli zərərçəkmişə xüsusi ağrı və iztirab vermək məqsədilə ümumilikdə 33 dəfə bıçaq zərbəsi vurub.
Məhkəmə materiallarına görə, bıçaq zərbələri nəticəsində zərərçəkmişin döş qəfəsinin müxtəlif nahiyələrinə nüfuz edən yaralar əmələ gəlib, qabırğaarası arteriya və venalar, sol plevra, sol ağciyərin orta və aşağı payları zədələnib. Bundan əlavə, qarın boşluğuna nüfuz edən çoxsaylı yaralar nəticəsində periton və nazik bağırsaqlar zədələnib. Zərərçəkmişin bədənində həm həyatı üçün təhlükəli ağır xəsarətlər, həm də çoxsaylı yüngül bədən xəsarətləri qeydə alınıb.
İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyib. O, artıq yerə yıxılmış və ağır vəziyyətdə olan Rüstəm Əliyevə qarşı zorakılığı davam etdirərək müstəsna qəddarlıq nümayiş etdirib.
Belə ki, Əli Rüstəmin 6-cı və 7-ci boyun fəqərələrini sındırıb, daha sonra baş nahiyəsinə əlavə olaraq təxminən 10 dəfə bıçaq zərbəsi endirib.
İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs sonda bıçaqla zərərçəkmişin başını bədənindən ayırıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, başın travmatik amputasiyası və bədənə yetirilmiş çoxsaylı ağır xəsarətlər nəticəsində Rüstəm Əliyev hadisə yerində həyatını itirib.
İttiham orqanı hesab edir ki, təqsirləndirilən şəxs cinayəti xüsusi amansızlıqla, zərərçəkmişə müstəsna əzab verməklə törədərək onu qəsdən həyatdan məhrum edib.
Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış sübutlar, şahid ifadələri, ekspertiza rəyləri və digər materiallar tədqiq olunub.
Qeyd: Daha əvvəl Əli Əliyev Cinayət Məcəlləsinin 237.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmişdi.