Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə NATO sammiti sonrası regionda GƏRGİNLİK:
NATO sammiti sonrası regionda GƏRGİNLİK:
Ana səhifə

NATO sammiti sonrası regionda GƏRGİNLİK: Hərbi qarşıdurma YENİDƏN ALOVLANIR - FOTO

Xpress.az Redaksiyası 10.07.2026 15:10

“NATO-nun Ankara sammitinin yekunlarının müzakirəsi bitməmiş Yaxın Şərq yenidən qarışıb. ABŞ Prezidenti Donald Tramp elə Ankarada olarkən, İrana zərbə vurmağa qərar verib. Livanda da müharibənin şiddətlənməsi ehtimalı var. İranın təlimatı ilə İsrail ərazisinə yeni zərbələrin endirilməsi Tel-Əvivin qonşu ölkənin ərazisində hərbi müdaxiləni genişləndirməsinə səbəb olacaq”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb.

Politoloqun sözlərinə görə, İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı: “İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb. İslamabaddan yayılan açıqlamada, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ olmadığı bildirilib. Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb”.

E.Şahinoğlu bildirib ki, Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətin məsələdir: “ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib. Pakistanla yanaşı, Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər. Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir”.

Politoloq söyləyib ki, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb: “Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dən hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müqavilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər”.

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsinə baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir: “Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil. Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək