Altıağac Milli Parkında EKOLOJİ FƏLAKƏT – Zibil daşınmır, çaya atılır – VİDEOREPORTAJ
Xızı rayonunun Altıağac qəsəbəsində sakinlər məişət tullantılarından çox ciddi əziyyət çəkirlər.
Xpress.az-ın əməkdaşı sözügedən ünvanda olaraq vəziyyətlə yerində tanış olub. Ortaya acınacaqlı faktlar çıxıb.
Məlum olub ki, qəsəbədə zibil konteynerləri ümumiyyətlə yoxdur. Xızı Rayon İcra Hakimiyyəti və ya kommunal xidmət idarəsi tərəfindən zibil daşınması prosesi həyata keçirilmir. Bu səbəbdən də sakinlər məişət tullantılarını qəsəbə boyunca axan çaya atırlar.
“Çay boyunca hərəkət etdikcə acınacaqlı mənzərə və üfunət qoxusuna şahid olduq. Ərazidə çəkiliş apararkən bir neçə sakinin çaya məişət tullantısı atdığına şəxsən şahidlik etdik. Hazırda burada ciddi bir ekoloji fəlakət yaşanır, antisanitariya hökm sürür. Özü də bura respublika əhəmiyyətli Milli Park ərazisidir. Yerli və xarici turistlərin istirahət üçün tez-tez gəldiyi yerdir. Belə bir ərazinin bu şəkildə nəzarətsiz qalması, çay yatağının zibillə doldurulması, insanların istifadə etdiyi suyun, eləcə də ekologiyanın çirkləndirilməsinə göz yumulması heç bir halda başadüşülən deyil”, - əməkdaşımız qeyd edir.
Sakinlər də bildiriblər ki, zibili çaya atmaqdan başqa çarələri yoxdur.
“Qəsəbədə zibil qabları qoyulmayıb. Nə də ki, həyət darvazalarının önünə qoyduğumuz tullantılar daşınmır. Nəticədə qalaqlanıb qalır, iylənir. Buna görə də məcbur qalıb onu çay yatağına atırıq. Bununla bağlı rayon rəhbərliyinə dəfələrlə şikayətimizi çatdırmışıq, amma bir nəticə yoxdur”, - sakinlərdən biri deyib.
Qəsəbənin əsas prospekti ilə hərəkət edərkən də yol kənarında qalaqlanan, elektrik dirəklərindən asılan zibil sellofanlarını görmək mümkündür.
Qeyd edək ki, əməkdaşımız sözügedən ünvanda həftənin bazar günü olduğundan məsələ ilə bağlı rəsmi qurumlardan məlumat ala bilməyib. Ona görə də mövzu ilə bağlı daha ətraflı reportajı sonra təqdim edəcəyik.
Aşağıda isə bəhs etdiyimiz ekoloji fəlakətə dair FOTO və VİDEOFAKT-ları təqdim edirik:


