“Lazeroloq üzümü yandırıb...”
“Gənclikdə yerləşən “Paris Beaute” Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır”.
Xpress.az xəbər verir ki, Zərərçəkmişin sözlərinə görə, prosedur lazer mütəxəssisi Lyuba adlı xanım tərəfindən icra olunub: “Sözügedən salonda daha öncə başqa lazeroloq yanına gedirdim. Ancaq bu dəfə Lyuba adlı xanımın yanına yazıldım, onu tanımırdım, ilk dəfə idi. Bu da nəticəsi...”
T.Şirinovanın sözlərinə görə, üzü və boğaz nahiyəsi tamamilə yanıb: “Dərimdə hazırda güclü qızartı, yanma hissi və qabıqlanma müşahidə olunur. Prosedur iyulun 15-də olmuşdu. Bilmirəm neçə dərəcə ilə etdi ki, hazırda bu durumdayam, heç bir fikrim yoxdur. Sadəcə prosedur zamanı dərimin yandığını hiss etdim.
Lazeroloq üzümü yandırıb sonra dedi ki, “belə hallar az da olsa, baş verir”. Həkimə getdikdə isə bildirildi ki, yanığın fərqli növüdür, hazırda müalicə alıram. Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz. Qeyri-peşəkarların salonlarda işləyərək insanların sağlamlığına zərər vurması qəbuledilməzdir”.