Türkiyədə internet mediası üçün yeni hüquqi tənzimləmə hazırlanır
Türkiyənin ədliyyə naziri Akın Gürlek internet jurnalistikasının vahid platformada birləşdirilməsi və bu sahənin hüquqi çərçivəsinin təkmilləşdirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinə dəstək verməyə hazır olduqlarını açıqlayıb.
Xpress.az xəbər verir ki, İğdır şəhərində Türkiyə İnternet Jurnalistika Dərnəyi (TİGAD) tərəfindən təşkil edilən 13-cü Rəqəmsal Media Seminarında çıxış edən nazir bildirib ki, internet jurnalistikasının mövcud ehtiyaclara uyğun hüquqi əsaslarla tənzimlənməsi artıq zərurətə çevrilib.
"İnternet jurnalistikasının bir dam altında birləşdirilməsi vacibdir. Əgər bununla bağlı qanun layihəsi hazırlanarsa, onun parlament gündəliyinə çıxarılması və texniki baxımdan hazırlanması üçün Ədliyyə Nazirliyi olaraq tam dəstək verməyə hazırıq", – deyə Gürlek vurğulayıb.
Seminarda çıxış edən TİGAD prezidenti Okan Geçgel isə daha əvvəl vitse-prezident Fuat Oktayın da belə bir qanun layihəsinin hazırlanmasını dəstəklədiyini xatırladaraq, Ədliyyə Nazirliyindən də eyni dəstəyi gözlədiklərini bildirib.
Akın Gürlek internet mediasının son illərdə cəmiyyət üçün əsas informasiya mənbələrindən birinə çevrildiyini qeyd edərək, insanların gündəmi əsasən telefon və digər rəqəmsal platformalar vasitəsilə izlədiyini deyib. Nazirin sözlərinə görə, bu vəziyyət internet jurnalistikasının məsuliyyətini daha da artırır və peşəkar media ilə digər məzmun istehsalçıları arasında fərqin hüquqi baxımdan müəyyənləşdirilməsi vacibdir.
Çıxışında sosial media sahəsində planlaşdırılan yeniliklərə də toxunan Gürlek bildirib ki, yeni sosial media qanununun oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə çıxarılması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, qanun layihəsində dezinformasiya və informasiya çirkliliyinə qarşı mühüm mexanizmlər yer alacaq. O qeyd edib ki, sosial mediada yayılan əsassız məlumatlar və ittihamlar cəmiyyətdə ciddi problemlər yaradır və bunun qarşısının alınması üçün yeni hüquqi tənzimləmələr hazırlanır.
Xpress.az