Günəş altında saatlarla qalan bu məhsulları almayın
Yay aylarında küçədə, çimərliklərdə və müxtəlif açıq məkanlarda satılan hazır qidalara tələbat artır. Lakin yüksək temperatur və məhsulların düzgün şəraitdə saxlanılmaması qidaların tez xarab olmasına, nəticədə isə sağlamlıq üçün risk yaranmasına səbəb ola bilər.
Açıq havada satılan qidaları alarkən hansı məqamlara diqqət etmək lazımdır və hansı məhsullar daha çox risk daşıyır?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında yay mövsümünün qidaların xarab olması üçün ən əlverişli şərait yaradan dövrlərdən biri olduğunu deyib:
“Temperaturun yüksək olması qidaların xarab olmasına təsir edən əsas amillərdəndir. Bir çox qidalar 5-60 dərəcə temperatur aralığında xarab olmağa daha meyilli olur. Belə şəraitdə bakteriyalar və mikroorqanizmlər sürətlə çoxalır ki, bu da insan orqanizmində müxtəlif zəhərlənmələrə və sağlamlıq problemlərinə səbəb ola bilər. Hazırda açıq havada, küçələrdə, çimərliklərdə və müxtəlif açıq məkanlarda hazır qidaların satışına tez-tez rast gəlinir. Nəzərə almaq lazımdır ki, hazır qidaların otaq temperaturunda saxlanma müddəti təxminən 2 saatdır. Lakin hava temperaturu 32 dərəcədən yuxarı olduqda bu müddət 1 saata qədər azalır”.
Mütəxəssis bildirib ki, xüsusilə çimərliklərdə orta temperaturun 35 dərəcəyə çatması və qidaların saatlarla günəş altında qalması onların xarab olması riskini artırır:
“Tərkibində mayonez və müxtəlif dadlandırıcılar olan məhsullar, bişmiş və bişməmiş qidaların bir yerdə saxlanılması, həmçinin unlu şirniyyat məmulatlarında kremlərin olması qidaların xarab olması üçün əlverişli şərait yaradır. Buna görə də belə məhsullar soyuducuda və ya temperaturu qoruyan termoqablarda saxlanılmalıdır. Ən riskli məhsullar sırasında ət və toyuq məhsulları, o cümlədən burger, dönər və digər hazır ət məhsulları, balıq və dəniz məhsulları, süd və süd məhsulları, yumurtalı qidalar, mayonezli salatlar, kremli şirniyyatlar və suşilər yer alır. Satış şəraiti uyğun olmayan, soyuq zəncirə riayət edilmədən soyuducuda və ya termoqablarda saxlanılmayan, birbaşa günəş şüaları altında satılan, polietilen torbalarda və ya plastik butulkalarda təqdim olunan məhsullar riskli hesab edilir və onların alınması tövsiyə olunmur. Belə məhsullar xüsusilə immun sistemi zəif olan insanlar, azyaşlılar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər, hamilə və süd verən qadınlar üçün daha təhlükəlidir. Bu qidaların istehlakı həmin şəxslərin sağlamlığı üçün ciddi risk yarada bilər”.