Xəzərdəki “əjdaha” – İnsanları udan gözəgörünməz haqda nə bilirik?
Xəzər dənizində insan tələfatı ilə nəticələnən boğulma hallarının sayı cəmiyyətdə ciddi narahatlıq yaradır. Demək olar ki, hər gün dənizdə gənc və orta yaşlı insanlar batır.
Bəs Xəzər niyə bu qədər insanın həyatına son qoyur? İnsanların suda boğulmasının qarşısını almaq niyə mümkün olmur? Dənizdə boğularaq ölənləri sayı nə üçün kəskin artır? Xəzərdə boğulma hallarının əsas səbəbləri nələrdir və illərdir bu problemin qarşısını almaq niyə mümkün olmayıb?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, suda boğulma məsələsi, ilk növbədə, mədəniyyətimiz və təhsilimizlə bağlıdır:
“Burada həm aidiyyəti dövlət qurumlarının, həm də valideynlərin məsuliyyəti var. Çünki hər şey ailədən başlayır. Valideynlərin bir çoxu özləri üzməyi bilmədiyi kimi, uşaqlarına da bunu öyrətmirlər. Uşaqlarımızın təhsilinə illərlə böyük vəsaitlər hesabına yatırım edirik, amma onları həyata hazırlamırıq. Üzmək də həyat üçün vacib bacarıqlardan biridir. Xəzər dənizi bizim üçün böyük nemətdir. Dünyanın müxtəlif yerlərindən insanlar Xəzərə üzmək üçün gəlirlər, biz isə sahilində doğulub böyüdüyümüz dənizdə üzməyi çox vaxt bilmirik. Sonra da baş verən bədbəxt hadisələrə görə Xəzəri günahlandırırıq. Halbuki dənizin heç bir günahı yoxdur, insanlara üzməyi öyrətmək lazımdır”.
Ekoloqun fikrincə, Elm və Təhsil Nazirliyi ilə Nazirlər Kabineti məktəblərdə hovuzların yaradılması və üzgüçülüyün məcburi şəkildə öyrədilməsi barədə düşünməlidir:
“Hovuz yaratmaq mümkün olmasa belə, uşaqlara ən azı su təhlükəsizliyi, suda davranış və üzmənin əsas qaydaları öyrədilməlidir. Uşaqları itdən qorxutmaq əvəzinə itlə dost olmağa hazırladığımız kimi, dənizlə də dost olmağı, sudan qorxmamağı və təhlükəni düzgün qiymətləndirməyi öyrətməliyik. Mən özüm hər gün dənizdə üzürəm və üzməyi bacaran yüzlərlə uşağın da dənizdən təhlükəsiz istifadə etdiyini görürəm. Həmişə deyirəm, dənizdə batmaq ayıbdır”.
Q.İbrahimli deyib ki, gənclərimiz boğulanda ailələr övladlarını, dövlət gənc kadrlarını, orta yaşlı insanlar boğulanda isə ailələr valideynlərini itirir:
“Bunun qarşısını almaq üçün televiziya və mətbuat vasitəsilə üzgüçülük mədəniyyəti, suda davranış və təhlükəsizlik qaydaları geniş şəkildə təbliğ olunmalıdır. Əsas məsələ isə üzməyi uşaqlıqdan öyrətməkdir”.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, bu qədər hadisənin baş verməsi çox üzücü və narahatedicidir:
“Təəssüf ki, hələ də Xəzərdə, Kürdə və digər su hövzələrində hər gün insanlarımızı, xüsusilə gənclərimizi itiririk. Bu, hər birimizi ciddi şəkildə düşündürməli və narahat etməlidir. Hesab edirəm ki, ilk növbədə ciddi maarifləndirmə və təbliğat işlərinə, eyni zamanda nəzarətə ehtiyac var. İnsanlar təhlükəsizlik qaydalarına əməl etməli, üzməyi bilmirlərsə, dərinliyə getməməli, küləkli və təhlükəli havada suya girməməli, icazə verilməyən yerlərdə çimməməlidirlər”.
C.Məmmədov deyib ki, əgər insanlar suya girməyə icazə verilməyən yerlərdə çimirlərsə, məsuliyyət ilk növbədə onların öz üzərinə düşür:
“Hər kəs dəniz və digər su hövzələri ilə münasibətdə daha diqqətli olmalıdır. Əsas səbəblərdən biri də insanların xəbərdarlıqlara, çağırışlara və tövsiyələrə əməl etməməsidir. Buna görə təhlükəsizlik qaydalarının təbliği və onlara riayət olunmasına nəzarət gücləndirilməlidir”.