Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə Sünii intellekt rəqabəti, təhlükəsizlik balansı və...
Sünii intellekt rəqabəti, təhlükəsizlik balansı və kadr problemi:
Müsahibə

Sünii intellekt rəqabəti, təhlükəsizlik balansı və kadr problemi: Elvin Abbaslıdan Xpress.az-a ÖZƏL MÜSAHİBƏ

Xpress.az Redaksiyası 21.08.2026 22:26

Süni intellekt və rəqəmsal texnologiyalar regionda ciddi rəqabət yaradıb. Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və superkompüter mərkəzlərinin qurulması mühüm addım olsa da, tənzimləmə və kadr çatışmazlığı əsas mövzulardandır. Bu mövzu ilə bağlı İKT eksperti Elvin Abbaslının fikirlərini öyrəndik. 

 Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru.Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında İctimai Şuranın üzvü, İKT üzrə ekspert Elvin Abbaslı Xpress.az-ın suallarını cavablandırıb.

Aysel İbrahimli: Azərbaycanın süni intellekt strategiyasını necə qiymətləndirirsiniz? Sizcə, bu sənəd real texnoloji dönüşüm yaratmaq üçün kifayət qədər konkret hədəflər və mexanizmlər təqdim edir?
 Elvin Abbaslı: Son iki ildə Azərbaycanda bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilib və Süni İntellekt Strategiyası yaradılıb. Strategiyadan irəli gələn bir çox məsələlər artıq öz həllini tapmaqdadır. Həmçinin Rəqəmsal İnkişaf Şurası öz fəaliyyəti çərçivəsində süni intellekt yanaşmasını əsas prioritet kimi götürüb. Bura süni intellekt mərkəzlərinin yaradılması, rəqəmsal hövzənin formalaşdırılması və kibertəhlükəsizlik istiqamətində fəaliyyətlərin aparılması daxildir. Həm dövlət sənədlərində süni intellektin inkişafı, həm qanunvericilikdəki yanaşmanın təkmilləşdirilməsi, həm də yeni tənzimləmə qaydalarının tətbiqi göstərir ki, Azərbaycanda dövrün çağırışlarına uyğun olaraq süni intellekt əsas prioritetlərdən birinə çevrilib.
 Aysel İbrahimli: Qazaxıstan son illərdə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində regional liderliyə iddialı görünür. Azərbaycan bu yarışda Qazaxıstanla müqayisədə hansı üstünlüklərə və hansı çatışmazlıqlara malikdir?
 Elvin Abbaslı: Biz fərqli coğrafiyalarda fərqli üstünlüklərə sahib ölkələrik. Qazaxıstan bir neçə ildir ki, bütün diqqətini süni intellekt layihələrinə yönəldib. Orada texnoparklar düzgün tənzimləndi, yerli və xarici şirkətlərə, eləcə də insan kapitalına böyük imtiyazlar verildi. Onlar riskli qərarlar aldılar, maliyyə və miqrasiya risklərinə baxmayaraq sürətli nəticəyə fokuslandılar. Azərbaycan isə coğrafi mövqeyinə görə iki münaqişə yaşanan ölkənin tam sərhəd qonşuluğunda yerləşir. Biz miqrasiya və təhlükəsizlik risklərimizi qorumaq üçün daha mühafizəkar bir yanaşma ortaya qoyduq. Təhlükəsizliyi qorumaq yaxşı olsa da, bu mühafizəkar addımlar cəld hərəkət etməyimizə mane oldu və bəzi fürsətləri əldən verdik. Lakin Azərbaycanın üstünlüyü onun böyük enerji resurslarında, günəş enerjisi potensialında və güclü maliyyə dayanıqlığındadır.
 Aysel İbrahimli: Ermənistanda İT sektoru və startap ekosistemi uzun illərdir sürətlə inkişaf edir. Sizcə, Azərbaycan süni intellekt və innovasiya sahəsində Ermənistanla rəqabətdə hansı addımları atmalıdır?
 Elvin Abbaslı: Ermənistanda İT və proqram təminatı üzrə ixracın yuxarı olması Rusiya-Ukrayna münaqişəsi zamanı yaradılan miqrasiya fürsətləri və diaspora dəstəyi ilə bağlıdır. Məsələn, "Nvidia"nın Ermənistandakı mövqeyi biznes üstünlüyündən çox, rəhbərlikdəki erməni mənşəli şəxslərin humanitar yanaşmasının nəticəsidir. Ermənistan riski nəzərə almadan çevik qanunvericilik dəyişikliklərinə gedə bilir, çünki itirəcəyi resursları azdır. Azərbaycan isə zəngin enerji və kənd təsərrüfatı resurslarına malik oturmuş ölkədir, biz strateji qərar alarkən vətəndaşların təhlükəsizliyini və sabitliyi düşünürük. Azərbaycan heç kimin humanitar jestinə möhtac deyil. Bizim atmalı olduğumuz addım qanunvericiliyi xarici investisiyalar, vençur fondlar və mütəxəssislər üçün daha çevik etməkdir, lakin bunu təhlükəsizlik balansını gözləməklə həyata keçirməliyik.
 Aysel İbrahimli: Süni intellekt strategiyasının uğuru üçün əsas məsələ nədir: maliyyə, kadr potensialı, məlumat bazası, yoxsa qanunvericilik? Azərbaycanın ən zəif halqası hansıdır?
 Elvin Abbaslı: Süni intellektin inkişafı tək bir məsələdən asılı deyil, o bir çox alt komponentdə öz əksini tapmalıdır: insan resursları, dövlətin koordinasiyası və siyasəti, icraçı qurumların düzgün tənzimləməsi və ekosistemdəki şirkətlərin mədəniyyəti. Bunların hər biri ayrı-ayrılıqda işlənməlidir. Azərbaycanın ən zəif halqası dövlət qurumlarının qanunvericilik və tənzimləmə məsələlərində kifayət qədər çevik hərəkət edə bilməməsidir. Məsələn, Rusiya-Ukrayna münaqişəsi fonunda regiona axın edən İT mütəxəssislərini qanunvericilik bazamız hazır olmadığı üçün lazımi həcmdə qəbul edə bilmədik, digər qonşularımız isə bu fürsətdən yararlandı.
Aysel İbrahimli: Azərbaycanda gənclərin böyük bir hissəsi İT və proqramlaşdırmaya maraq göstərir. Amma bu maraq nə dərəcədə real məhsullara, startaplara və dünya bazarına çıxan texnologiyalara çevrilir?
 Elvin Abbaslı: Bu proses vaxt və düzgün mühit tələb edir. Hal-hazırda dünyada sərhədlər aradan qalxıb, mütəxəssislər azad şəkildə xarici şirkətlərlə işləyirlər. Azərbaycanda da gənclərin bu potensialının real məhsula çevrilməsi üçün layihələr həyata keçirilir. Lakin unutmaq olmaz ki, xarici kadrların və şirkətlərin ölkəyə gəlməsi, yerli gənclərin onlarla çiyin-çiyinə işləyərək təcrübə qazanması bu keçidi sürətləndirən əsas amildir.

 Aysel İbrahimli: Sizcə, Azərbaycan gələcəkdə sadəcə xarici süni intellekt məhsullarından istifadə edən ölkə olacaq, yoxsa öz AI modellərini və texnoloji həllərini yarada biləcək? Bunun üçün hansı resurslar lazımdır?
 Elvin Abbaslı: Azərbaycan sadəcə istehlakçı mövqeyində olmaq, yəni hazır süni intellektlə sadəcə sənəd emal etmək yolunu seçməyib. Süni intellekti təkmilləşdirmək və yerli layihələri inkişaf etdirmək üçün ölkəmizdə artıq iki ən son superkompüter mərkəzi mövcuddur. Biri Dördüncü Sənaye İnqilabının Koordinasiya Mərkəzinə, digəri isə "AzInTelecom"a aiddir. Həmçinin 2016-cı ildən ADNSU-da ilk superkompüter yaradılmışdı. Bu texnoloji alətlər və superkompüterlər özəl sektora, dövlət qurumlarına və tədqiqatçılara öz AI modellərini və yerli həllərini yaratmaq üçün kifayət qədər güclü resurs imkanı verir.
Aysel İbrahimli: Azərbaycanda İT mütəxəssislərinin hazırlanmasının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Universitetlər və təlim proqramları əmək bazarının, xüsusilə süni intellekt və yeni texnologiyaların tələblərinə cavab verən kadrlar yetişdirə bilirmi?
 Elvin Abbaslı: Məsələyə sırf universitet prizmasından baxmaq doğru olmaz, burada fərdi yanaşma böyük rol oynayır. Biz təcrübəmizdə görürük ki, eyni universitetin, eyni fakültəsinin və qrupunun məzunları arasında kəskin fərqlər olur. Bəziləri öz üzərində işləyib, əlavə kurslara qoşularaq yüksək əməkdaş səviyyəsinə çatır, digərləri isə zəif biliklə qalır. Universitetlər, əlbəttə, öz tədris səviyyəsini artırmalıdır, lakin tələbə də yalnız ali məktəblə kifayətlənməməlidir. İnsan öz üzərində çalışmadıqda, hətta Oksfordda təhsil alsa belə, heç bir nəticə əldə edə bilməyəcək.
 Aysel İbrahimli: Bir çox gənc İT sahəsinə yönəlsə də, şirkətlər tez-tez təcrübəli kadr çatışmazlığından danışır. Sizcə, təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlıq necə qurulmalıdır ki, məzunlar birbaşa əmək bazarının tələblərinə uyğun hazırlansın?
 Elvin Abbaslı: Azərbaycanda bizneslər müəyyən qədər konservativdir. Şirkətlərin vakansiya büdcəsi var və oraya gələcək təcrübəçidən dərhal fayda görmək istəyirlər. Şirkətlər əlavə büdcə xərcləyib gəncləri 6 ay və ya 1 il sıfırdan öyrətməyə həvəsli deyillər. Təcrübəçi ilə biznes arasındakı bu uçurumu bağlamaq yalnız dövlətin və iri şirkətlərin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi proqramlar və kampaniyalar sayəsində mümkün ola bilər.

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək