“7 İşığın Qoruyucusu” həm şah əsərimdir, həm də ayrı-seçkiliyə qarşı etirazımın səsidir” – Gülçin Aslanlı
7 İşığın Qoruyucusu” – İşıq, Yaddaş və Ədalətin Sənət Dili
Uzun müddət yaradıcılıqdan uzaq qaldıqdan sonra rəssam və heykəltəraş Gülçin Aslanlı özünün ən dərin məna yükünə malik əsərlərindən biri olan “7 İşığın Qoruyucusu”nu təqdim edib.
Azərbaycan–İsrail dostluğuna həsr olunan bu əsər müəllif üçün sadəcə sənət nümunəsi deyil, illər ərzində formalaşan düşüncələrin, hisslərin, araşdırmaların və mənəvi axtarışların təcəssümüdür. Bir aydan artıq müddətdə ərsəyə gələn əsərin hər detalı xüsusi məna daşıyır və vahid fəlsəfi konsepsiyanın tərkib hissəsi kimi formalaşdırılıb.
Müəllifin sözlərinə görə, “7 İşığın Qoruyucusu” bu günədək yaratdığı əsərlər arasında ən zəngin simvolik dilə, ən böyük mənəvi yükə və ən geniş fikir qatına malik işidir. Əsərdə istifadə olunan hər bir element ayrı-ayrılıqda fərqli məna ifadə etsə də, bütövlükdə insanın güc, inanc, yaddaş, ədalət, ümid və zaman haqqında düşüncələrini əks etdirən vahid bir hekayə yaradır.
Gülçin Aslanlı bu əsəri yaradıcılığının şah əsəri hesab edir. Onun fikrincə, bəzi əsərlər sadəcə hazırlanır, bəziləri isə yaşanaraq yaranır. “7 İşığın Qoruyucusu” müəllifin daxili dünyasının, həyat təcrübəsinin və mənəvi baxışlarının sənət dilində ifadəsidir.
Əsər yalnız bir nüsxədə hazırlanıb və təkrar istehsalı nəzərdə tutulmur.
Mövzu ilə bağlı Gülçin Aslanlı Xpress.az-ın suallarını cavablandırdı.

-“7 İşığın Qoruyucusu” əsərini yaratmaq ideyası necə yarandı?
- Mən multikultural dəyərlərin hökm sürdüyü Azərbaycanda, ziyalı ailəsində böyümüşəm. Uşaqlıqdan fərqli dinlərə, mədəniyyətlərə və dünyagörüşlərinə hörmət etməyi öyrənmişəm. İnanıram ki, insanları bir-birindən fərqləndirən xüsusiyyətlər ayrılıq səbəbi deyil, əksinə, dünyanı daha rəngarəng və zəngin edən dəyərlərdir.
Hər bir xalqın, hər bir inancın və hər bir insanın öz hekayəsi var. Biz həmin hekayələrdən həyatımıza işıq tutan həqiqətləri götürərək qarşılıqlı hörmət və anlayış içində yaşaya bilərik.
Bu əsəri xüsusi dəyər verdiyim, uzun illər ərzində mənə dəstək olmuş bir insana hədiyyə etmək üçün yaratdım. İşə başlayarkən onun yaradıcılıq yolumda bu qədər mühüm yer tutacağını təsəvvür etmirdim. Lakin zaman keçdikcə anladım ki, əllərimlə sadəcə bir sənət əsəri deyil, ruhumun bir parçasını formalaşdırıram. Bəlkə də buna görə bu əsər zamanla mənim şah əsərimə çevrildi.
Burada dini baxışlarımı deyil, insanlara və ədalətə münasibətimi ifadə etmişəm. Əsərin əsas mesajı hər hansı bir xalqın və ya insanın kimliyinə, milliyyətinə və ya inancına görə ayrı-seçkiliyə məruz qalmasına sənətçi etirazıdır. Çünki mənə görə insanı dəyərli edən onun mənsub olduğu din və ya millət deyil, daşıdığı vicdan, mərhəmət və insanlıqdır.
Mən dünyanı nifrət və qarşıdurmanın deyil, dostluğun, güvənin, ədalətin və sevginin idarə etdiyi bir yer kimi görmək istəyirəm. Sənətin ən böyük gücü də məhz insanları ayırmaq deyil, onları bir-birinə yaxınlaşdırmaqdır.

-Əsərinizdə çoxsaylı simvollardan istifadə olunub. Onlar tamaşaçıya hansı mesajı verir?
- Əsərdə yer alan hər bir simvol ayrıca məna daşıyır. Lakin mənim üçün onların əsas gücü birlikdə yaratdıqları ümumi hekayədədir. Burada yalnız dini simvollardan deyil, bəşəriyyətin əsrlər boyu axtardığı ümumi dəyərlərdən bəhs edilir.
Əsərin yuxarı hissəsində yerləşən qartal gücü, iradəni və uzaqgörənliyi təcəssüm etdirir. Onun altında yerləşən Ağlama Divarı yaddaşın, tarixin və xalqın qoruduğu ümidin rəmzidir. Dua edən haham isə insanın mənəviyyatla, Yaradanla və öz vicdanı ilə qurduğu əlaqəni ifadə edir.
Menoranın yeddi qolunda yerləşdirilmiş simvollar insanın və cəmiyyətin sahib olmalı olduğu əsas dəyərləri əks etdirir. David Ulduzu kimliyi və mənsubiyyəti, Tövrat hikməti və ilahi qanunu, Hamsa qorunmanı, zeytun budağı sülhü, göyərçin ümid və yenilənməyi, buğda bərəkəti, nar isə həyatın davamlılığını və bolluğu simvolizə edir.
Qollar üzərində istifadə olunan ilan dərisi fakturası dəyişimin, yenilənmənin və daxili gücün rəmzidir.
Əsərin mərkəzində yerləşən tərəzi isə xüsusi məna daşıyır. Mənim üçün bütün güc, bilik və inanc yalnız ədalətlə tamamlandıqda həqiqi dəyər qazanır. Buna görə də əsərdəki bütün simvollar sonda bir nöqtədə birləşir: insanı insan edən dəyərlərdə.
Əslində bu əsər simvollar haqqında deyil. Bu əsər fərqlərə baxmayaraq insanların sülh, hörmət, ədalət və sevgi içində yaşaya bilməsi haqqındadır.
-Sonda tamaşaçılara nə demək istərdiniz?
-Düşünürəm ki, həyatda heç nə təsadüfi deyil. Bəzi hekayələrin mənası başlanğıcda deyil, sonuna yaxın aydın olur.
“7 İşığın Qoruyucusu” mənim üçün sadəcə bir sənət əsəri deyil, insanın öz daxilində işığı qorumaq bacarığı haqqında bir hekayədir. İstərdim ki, bu əsərə baxan hər kəs burada özünə yaxın olan bir dəyəri tapsın və xatırlasın ki, fərqliliklərimiz bizi ayırmaq üçün deyil, bir-birimizi daha yaxşı anlamaq üçündür.
Əgər sənət bir insanın düşüncəsində, hissində və ya baxışında kiçik də olsa bir dəyişiklik yarada bilirsə, deməli, öz missiyasını yerinə yetirib.

Xəyalə Rəis