İşini itirənlərin kredit borcu necə olacaq?
Kredit öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkən vətəndaşlar üçün borcların restrukturizasiyası və ödəniş müddətlərinin uzadılması məsələsi vaxtaşırı gündəmə gəlir. Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı əvvəlki illərdə də müxtəlif mexanizmlər tətbiq edilib və restrukturizasiya imkanlarından istifadə olunub.
Xüsusilə gəlirini itirən, müvəqqəti maliyyə çətinliyi yaşayan və ya gözlənilməz xərclərlə üzləşən şəxslər üçün kredit ödənişlərinin müəyyən müddətə təxirə salınması və ya borcun daha uzun müddətə bölünməsi məsələsi əhəmiyyət daşıyır. Bununla yanaşı, belə mexanizmlərin tətbiqi zamanı həm borcalanın, həm də kredit təşkilatının maraqlarının nəzərə alınması vacibdir.
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələyə yanaşarkən ilk növbədə bank sisteminin necə işlədiyini nəzərə almaq lazımdır.
Onun sözlərinə görə, qanunvericiliklə banklara ümumi şəkildə “bu halda kreditləri mütləq dondurmalısınız” kimi bir öhdəlik qoymaq düzgün olmaz:
“Çünki banklar kreditləri yalnız öz vəsaitləri hesabına vermirlər. Bankların kredit portfelinin formalaşmasında əmanətçilərin və digər maliyyə mənbələrinin vəsaitləri də mühüm rol oynayır.
Məsələn, vətəndaş banka pulunu əmanət kimi yerləşdirir və bunun müqabilində bankdan müəyyən faiz gəliri gözləyir. Bank isə həmin vəsaiti müxtəlif kreditlər şəklində iqtisadiyyata yönəldir. Məsələn, qanunla banklara müəyyən kateqoriyaya daxil olan şəxslərin kredit ödənişlərini uzun müddətə dayandırmaq məcburiyyəti qoyulur. Bu zaman bankın öz öhdəlikləri necə olacaq? Əmanətçiyə bankın “sizin pulunuz hazırda dövriyyədə deyil, gözləyin, faiz ödənişinizi də sonra edəcəyik” deməsi real və dayanıqlı model deyil.
Ona görə də kredit ödənişlərinin dondurulması məsələsində yalnız borcalanın vəziyyətini deyil, bankın və onun qarşısında öhdəliyi olan digər şəxslərin maraqlarını da nəzərə almaq lazımdır. Bank da kommersiya qurumu olduğundan müəyyən maliyyə öhdəliklərinə malikdir. Əgər dövlət bankdan müəyyən sosial funksiyanı yerinə yetirməyi tələb edirsə, bunun maliyyə yükünün kim tərəfindən qarşılanacağı da əvvəlcədən müəyyənləşdirilməlidir.
Bu baxımdan dövlət müəyyən hallarda bankların üzərinə düşən əlavə yükü öz üzərinə götürə bilər. Məsələn, əvvəllər müəyyən iqtisadi və maliyyə böhranları zamanı dövlət tərəfindən bank sektorunun dəstəklənməsi, restrukturizasiya mexanizmlərinin tətbiqi və güzəştli maliyyələşmə imkanlarının yaradılması kimi addımlar atılıb. Yəni dövlət müəyyən sosial və ya iqtisadi səbəbdən vətəndaşların kredit ödənişlərinin təxirə salınmasını nəzərdə tutursa, o zaman bankların yaranacaq zərərinin hansı mexanizmlə kompensasiya ediləcəyi də düşünülməlidir.
Əks halda bütün yükün bankların üzərinə qoyulması onların maliyyə dayanıqlığına mənfi təsir göstərə bilər. Bu isə nəticə etibarilə yalnız bankın deyil, əmanətçinin və bütövlükdə maliyyə sisteminin maraqlarına toxuna bilər.
Digər tərəfdən, belə bir mexanizmin tətbiqində sui-istifadə riskləri də nəzərə alınmalıdır. Əgər qanunda ümumi şəkildə “işini itirən şəxsdən kredit ödənişi tələb edilə bilməz” kimi müddəa müəyyənləşdirilsə, bu, müəyyən hallarda yanlış davranış üçün stimul yarada bilər. İnsan əvvəlcədən bilsə ki, işsiz qaldığı halda kredit ödənişləri avtomatik olaraq dayandırılacaq, bəzi şəxslər bundan öz maraqları üçün istifadə etməyə cəhd göstərə bilərlər”.
Ekspert əlavə edib ki, ona görə də burada əsas məsələ həm sosial müdafiəni təmin etmək, həm də məsuliyyət prinsipini qorumaqdır:
“Həqiqətən də gəlirini itirmiş, müəyyən səbəbdən ödəniş qabiliyyəti ciddi şəkildə zəifləmiş və bunu sənədlə təsdiq edə bilən şəxslər üçün fərdi restrukturizasiya, ödəniş müddətinin uzadılması, müəyyən müddət güzəşt və digər mexanizmlər tətbiq oluna bilər. Amma bütün borcalanlar üçün avtomatik və məcburi kredit tətilinin tətbiqi bank sistemində ciddi problemlər yarada bilər.
Məncə, burada sosial baxımdan həssas qruplara dəstək mexanizmlərinin nəzərdən keçirilməsi və bankların üzərinə yarana biləcək maliyyə yükünün də nəzərə alınması məqsədəuyğun olardı.
Bankların üzərinə əlavə öhdəlik qoyulursa, həmin öhdəliyin maliyyə mənbəyi də olmalıdır.
Çünki bir tərəfdə kredit götürən vətəndaşın problemi var, digər tərəfdə isə bankın öhdəlikləri, əmanətçilərin vəsaitləri və maliyyə sisteminin sabitliyi dayanır. Bu iki tərəfdən birini tamamilə nəzərə almadan qərar qəbul etmək düzgün nəticə verməyə bilər. Əsas məqsəd həm vətəndaşı qorumaq, həm də bank sisteminin dayanıqlığını saxlamaq olmalıdır”, – deyə Əkrəm Həsənov fikrini tamamlayıb.