Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Kripto-hücum kodsuz: Dələduzlar insan psixologiyas...
Kripto-hücum kodsuz: Dələduzlar insan psixologiyasını necə manipulyasiya edirlər -
Ana səhifə

Kripto-hücum kodsuz: Dələduzlar insan psixologiyasını necə manipulyasiya edirlər - FOTO

Xpress.az Redaksiyası 01.09.2026 16:19

Müasir kriptovalyuta dələduzları blokçeynin mürəkkəb müdafiəsini keçməyə və ya kriptocüzdanların kodunu sındırmağa getdikcə daha az cəhd edirlər. Bunun əvəzinə onlar səylərini daha həssas bir hədəfə, insanın özünə yönəldirlər. Bu üsul sosial mühəndislik adlanır və mahiyyəti insanın ən əsas emosiyalarının: tamahkarlıq, qorxu, etibar və fürsəti əldən vermək hissinin manipulyasiyasından ibarətdir. Belə dələduzluq sxemlərinin demək olar ki, hər biri eyni klassik dörd mərhələli model üzrə qurulur: əvvəlcə dələduz sizin etimadınızı qazanır, sonra süni şəkildə ciddi vaxt məhdudiyyəti hissi yaradır, imtina edilməsi mümkün olmayan gəlir təklif edir və nəhayət, emosiyalar səngiməmiş sizi hərəkətə keçməyə sövq edir. Təhlükə ondadır ki, bu sxemin xarici görünüşü daim dəyişir və mövcud trendlərə, eləcə də qurbanın şəxsi xüsusiyyətlərinə uyğunlaşdırılır.

Binance Research-in məlumatlarına görə, hazırda ən geniş yayılmış üsullardan biri özünü nəzakətli “analitik” kimi təqdim edən şəxsin gözlənilmədən şəxsi mesajlara yazaraq eksklüziv təklif və ya “insayder” qrafikləri təqdim etməsi ilə başlayır. Dələduzlar özlərini JPMorgan kimi iri maliyyə konqlomeratlarının əməkdaşları kimi təqdim edə, sözlərini saxta qrafiklər, fantastik gəlir vədləri və satın almaq üçün hazır kontrakt ünvanları ilə əsaslandıra bilərlər. Digər hallarda isə dəbdəbəli həyat nümayiş etdirilir: psevdоekspertlər qapalı siqnal kanalları yaradır, bahalı superkarların fotolarını paylaşır və şübhəli tokenin qısa müddətdə dəfələrlə bahalaşacağını vəd edirlər.

Bu hərəkətlərin məqsədi sadədir, sizi aşağı likvidliyə malik və ya süni şəkildə manipulyasiya olunan aktivi şişirdilmiş qiymətə almağa məcbur etmək, daha sonra isə öz aktivlərini sataraq sizi dəyərdən düşmüş sikkələrlə baş-başa qoymaq və bununla da öz mövqelərindən çıxmaları üçün sizi klassik likvidlik təminatçısına çevirməkdir.

Belə qruplarda təhlükəsizliklə bağlı hər hansı şübhə bildirmək və ya narahatedici suallar vermək cəhdi dərhal lağlağı, bloklama və ya çatdan çıxarılma ilə qarşılanır.

Tez qazanc əldə etmək cəhdi nəticə vermədikdə, fırıldaqçılar daha mürəkkəb və uzunmüddətli oyuna keçərək saxta münasibətlər qururlar. Bu, “donuz kəsimi” (pig butchering) kimi tanınan sxem ola bilər. Belə ki, messencer və ya tanışlıq tətbiqində təsadüfi söhbət tədricən həftələrlə davam edən səmimi dostluğa və ya romantik bağlılığa çevrilir. Yalnız etimad tam formalaşdıqdan sonra qarşı tərəf söhbət əsnasında guya təsadüfən inanılmaz gəlirlilik vəd edən “xüsusi platforma” haqqında söz açır. Məhz emosional bağlılıq insanı tanımadığı saytda göstərilən saxta rəqəmlərə inanmağa vadar edir.

Oxşar manipulyativ yanaşmadan tanınmış kriptovalyuta birjalarının dəstək xidməti adı altında fəaliyyət göstərərkən də istifadə olunur. Saxta dəstək əməkdaşları hesabda kritik problemin yarandığını bildirir və kriptocüzdanın təcili şəkildə verifikasiya edilməsini və ya girişin bərpası üçün məxfi bərpa ifadəsinin (seed phrase) paylaşılmasını tələb edirlər. Sosial mühəndisliyin ən həyasız formalarından biri isə təkrar dələduzluq sxemləridir. Bu zaman yenicə vəsaitini itirmiş şəxslə özlərini rəsmi qurumların nümayəndələri və ya özəl detektivlər kimi təqdim edən şəxslər əlaqə saxlayaraq kiçik məbləğdə əvvəlcədən ödəniş müqabilində oğurlanmış vəsaiti geri qaytarmağı vəd edirlər. Onlar qurbanın psixoloji baxımdan ən həssas olduğu məqamdan istifadə edərək onun ikinci dəfə pul itirməsinə səbəb olurlar.

Nəticə etibarilə, investor başqalarının manipulyasiyasının təsiri altında əməliyyatı həyata keçirməyə özü razılıq verirsə, heç bir texnoloji müdafiə sistemi, kriptocüzdanların və ya birjaların təhlükəsizlik xəbərdarlıqları onun kapitalını qoruya bilməz. Burada əsas müdafiə vasitəsi tənqidi düşüncədir. Nəzərə almaq lazımdır ki, yüksək gəlirliliyi, hesab balansını və ya qapalı məlumatları əks etdirən istənilən skrinşot bir neçə dəqiqə ərzində hazırlana bilər və özlüyündə heç nəyi sübut etmir. Heç bir həqiqi dəstək xidməti nümayəndəsi sizdən məxfi bərpa ifadənizi (seed phrase) və ya şəxsi açarlarınızı (private keys) tələb etməz. Ümumiyyətlə, bu məlumatları rəqəmsal formada, istər qeydlərdə, istərsə də bulud yaddaşında saxlanılan skrinşotlar şəklində saxlamaq olmaz.

Onlayn ünsiyyət gözlənilmədən investisiya mövzusuna yönəlirsə və tanımadığınız şəxs israrla onun göndərdiyi keçid vasitəsilə “unikal” platformada qeydiyyatdan keçməyi təklif edirsə, bu, hər zaman xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Sizi dərhal qərar verməyə tələsdirdikləri hər bir halda dayanıb düşünmək vacibdir. Çünki heç bir legitim maliyyə fürsəti aktivi, tokenin sahiblik strukturunu və onun likvidliyinin bloklanması şərtlərini müstəqil şəkildə yoxlamağa bir neçə saat sərf etdiyiniz üçün yox olmayacaq. Kriptovalyuta dünyasında əldən verilmiş qazanc fürsəti emosiyaların təsiri altında verilmiş tələsik qərardan həmişə daha ucuz başa gəlir.

 

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək