Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu
Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu
Hadisə

Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu

Xpress.az Redaksiyası 02.09.2026 12:14

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb.

Xpress.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

İş üzrə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, icra hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi İsa Şəmsəliyev və icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli mühakimə ediliblər. Onlardan yalnız Q.Abdullayev həbsdə olub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər cinayət baş verən dövrdə rayon icra hakimiyyətinin başçısı işləmiş Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir edərək müxtəlif şəxslərə pul qarşılığında işlər görməyə icazə veriblər.

Zərərçəkmiş şəxslər əsasən ev tikmək məqsədilə torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsi üçün müraciət ediblər. Onlar 3, 5, 6 min manat pul verdikdən sonra torpaq sahəsinə icra başçısı tərəfindən təsdiqlənmiş sənəd alıblar.

İş materiallarından görünür ki, qanunsuz fəaliyyətlərdə əsas rol oynayan təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev olub. Məhkəmədə onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu məlum olub. İcra başçısı bir çox işləri həll etməyi də məhz ona həvalə edib.

Sabiq məmurlar icra başçısının qərarına qanunsuz təsir etdiklərini boyunlarına almayıblar. Onlar ifadələrində deyiblər ki, yerləşmə cizgisinin təsdiqlənməsi yalnız icra başçısının möhürü ilə mümkün olub. Onlar da kiməsə "icra başçısının qərarına təsir edə bilərik" deməyiblər.

Məhkəmə yekunda təqsirləndirilən şəxslərin üçünü də nüfuz alveri cinayətində təqsirli bilib. Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9 500 manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu əməliyyatdan sonra S. Mikayılov vəzifəsindən azad edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək