Birinci özümüzə ev alaq, yoxsa maşın?
Bəzi adamlar deyirlər ki, birinci ev alıb, sonra maşın almaq yaxşıdır. Bəzən deyirlər ki, əvvəl maşını alıb, sonra evi almaq olar. Çünki maşın da özünə qatdığın bir dəyərdir.
Bəs, əslində necə olmalıdır? Hansı düzdür, birinci ev, yoxsa maşın almaq?
"Bank of Baku"nun Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini, Azərbaycan Banklar Assosiasiyasının eksperti, maliyyəçi İsmayıl Məmmədov Valyuta.az-a bildirib ki, ev və maşın arasında seçim zamanı maliyyə fərqini nəzərə almaq lazımdır:
"Maşın almaq bir çox insanın arzusudur. Rahatlıq, hərəkət azadlığı və gündəlik həyatda yaratdığı imkanlar baxımından avtomobil mühüm ehtiyac ola bilər, lakin maliyyə baxımından avtomobil, xüsusilə şəxsi istifadə üçün alınan maşın, adətən dəyər itirən aktiv hesab olunur.
Yeni avtomobil salonundan çıxdığı andan etibarən dəyər itirməyə başlayır. Bununla yanaşı, avtomobil sahibinin üzərinə yanacaq, sığorta, texniki xidmət, təmir, parklanma və digər xərclər də düşür. Yəni avtomobil yalnız alış qiyməti ilə məhdudlaşmır və uzunmüddətli dövrdə əlavə maliyyə yükü yaradır.
Digər tərəfdən, avtomobil insan üçün birbaşa gəlir gətirən vasitəyə çevrilə bilər. Məsələn, taksi, yükdaşıma və ya kuryer fəaliyyəti ilə məşğul olan şəxs üçün maşın sadəcə istehlak vasitəsi deyil, gəlir əldə etmək üçün iş alətidir. Bu halda avtomobilə yanaşma da dəyişir".
Ekspert deyir ki, mənzil investisiya baxımından fərqli imkanlar yarada bilər:
"Ev almağın üstünlüklərindən biri ondan ibarətdir ki, insan həm yaşayış ehtiyacını təmin edir, həm də müəyyən aktivə sahib olur. Mənzilin yerləşdiyi ərazi, bazardakı vəziyyət və digər amillərdən asılı olaraq onun dəyəri zamanla arta bilər.
Bundan başqa, alınan mənzil kirayəyə verilərsə, sahibinə əlavə gəlir gətirə bilər. Bu baxımdan mənzil yalnız istehlak edilən bir məhsul deyil, gələcəkdə gəlir yaratmaq potensialı olan aktiv kimi də qiymətləndirilə bilər.
Lakin burada da avtomatik olaraq “ev həmişə qazandırır, maşın isə həmişə zərər etdirir” yanaşması doğru deyil. Əsas məsələ konkret şəxsin maliyyə vəziyyəti, məqsədi, aldığı əmlakın xüsusiyyətləri və həmin aktivdən necə istifadə etməsidir”.
İ.Məmmədovun sözlərinə görə, seçim zamanı insanın əlində olan vəsaiti nə üçün xərclədiyi də ciddi fərq yaradır:
"Təsəvvür edək ki, insanın 50 min manat vəsaiti var. Bu məbləği avtomobilə yönəldərsə, avtomobilin dəyər itirməsi ilə yanaşı, növbəti illərdə onun saxlanılması üçün də əlavə xərclər yaranacaq.
Əgər həmin vəsait mənzilin ilkin ödənişinə yönəldilərsə, insan ipoteka vasitəsilə daha böyük aktiv əldə edə və zamanla həmin mənzilin dəyərinin dəyişməsindən yararlana bilər. Mənzili kirayəyə vermək imkanı varsa, bu zaman əlavə gəlir əldə etmək də mümkündür.
Ona görə də seçim edərkən yalnız “nə almaq istəyirəm?” sualına deyil, “aldığım aktiv mənim maliyyə vəziyyətimə necə təsir edəcək?” sualına da cavab vermək lazımdır”.
Ekspert vurğulayıb ki, avtomobil kreditinin mövcudluğu şəxsin maliyyə imkanlarına təsir göstərə bilər:
“İnsan avtomobil almaq üçün kredit götürürsə, onun aylıq borc öhdəlikləri artır. Bu isə gələcəkdə daha böyük kredit, o cümlədən, mənzil krediti götürmək imkanlarına təsir göstərə bilər. Buna görə də kreditlə avtomobil almaq qərarı verilərkən yalnız aylıq ödəniş deyil, ümumi borc yükü də nəzərə alınmalıdır.
Əgər avtomobil insanın gəlir əldə etməsinə xidmət edirsə, bu halda onun alınması ayrıca qiymətləndirilməlidir. Məsələn, avtomobil vasitəsilə ay ərzində əldə edilən gəlir onun kredit ödənişlərini və digər xərclərini qarşılayırsa, maşın müəyyən mənada gəlir gətirən aktivə çevrilə bilər. Sadəcə status və ya ani istək naminə yüksək məbləğdə kredit götürərək avtomobil almaq uzunmüddətli maliyyə planına uyğun olmaya bilər”.
Ekspert deyir ki, əsas məsələ seçim deyil, hesablamadır:
“Burada əsas məsələ ev və maşın arasında mexaniki şəkildə seçim etmək deyil. Hər iki alışın insanın büdcəsinə, gələcək gəlirlərinə və maliyyə məqsədlərinə təsiri hesablanmalıdır.
Əgər insanın yaşayış məsələsi həll olunmayıbsa və uzunmüddətli maliyyə sabitliyi əsas məqsəddirsə, mənzil almaq daha prioritet məsələ kimi nəzərdən keçirilə bilər. Avtomobil isə real ehtiyacdırsa və büdcəyə uyğun gəlirsə, daha sonra alınması planlaşdırıla bilər.
Digər tərəfdən, insanın işi avtomobildən asılıdırsa və avtomobil ona birbaşa gəlir gətirirsə, bu zaman maşının alınması da maliyyə baxımından əsaslandırıla bilər. Bu halda əsas məsələ avtomobilin mümkün qədər büdcəyə uyğun seçilməsi və qalan vəsaitin digər maliyyə məqsədlərinə yönəldilməsidir.
Yəni burada universal qayda yoxdur. Əsas prinsip odur ki, insan emosional qərar vermək əvəzinə gəlirini, xərclərini, borc yükünü, aktivin gələcək dəyərini və ondan əldə edə biləcəyi faydanı birlikdə qiymətləndirsin".
Ev və maşın arasında seçim edərkən "hansı daha yaxşıdır?" sualından çox, "hansı seçim mənim maliyyə məqsədlərimə daha uyğundur?" sualına cavab vermək lazımdır", - deyə ekspert əlavə edib.