Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sibir buzlarında dondurulmuş
Sibir buzlarında dondurulmuş
Cəmiyyət

Sibir buzlarında dondurulmuş BÖYÜK YALAN

Xpress.az Redaksiyası 21.09.2026 16:08

Zəfərlər və şah əsərlər silsiləsi
Qələm, güc, savaş və fırça

SSRİ-də əsir düşən alman əsgəri Clemens Forell əslində kim idi?

İkinci Dünya Müharibəsinin sonlarına doğru, 1945-ci ildə sovet qoşunlarına əsir düşən alman əsgəri Klemens Forel 25 il məcburi əmək cəzasına məhkum edilərək Sibirdəki əmək düşərgəsinə göndərilir. Onun arxasında geridə qoyduğu bir ölkə və evdən daha artığı vardı — yolunu gözləyən bir qadın və bir uşaq.  

Klemens Forell cəbhəyə yola düşərkən həyat yoldaşı Katrin və qızı ilə vidalaşmışdı. O zaman heç biri bu vidanın illərlə davam edəcəyini bilmirdi. Forell evə qayıdacağına inanırdı. Hətta qızına geri dönəcəyinə söz vermişdi. Amma müharibə insanın verdiyi sözlərin zamanını dəyişə bilir. Qatar uzaqlaşdıqca arxada qalan evlər kiçilir, qarşıda isə onu naməlum bir müharibə gözləyirdi. O bilmirdi ki, həmin yol onu Sibirin buz kimi soyuğuna, əsir düşərgəsinə və illərlə davam edəcək bir mübarizəyə aparacaq. Bəlkə də sonralar düşərgənin ağır şəraitindən qaçmaq haqqında düşünəndə ağlına gələn yalnız azadlıq deyildi.

Arxada qalan bir ev, və o evin içində onun qayıtmasına ümid edən iki insan vardı. Bəzən insanı azadlığa aparan yolun sonu görünmür. Nə qarşıda bir şəhər var, nə işıq. Sadəcə qar, soyuq, susuzluq və ayaqlarının səni nə qədər daşıya biləcəyi... Sibir belə bir yerdir. Gecə vaxtı belə hər tərəfin bəmbəyaz göründüyü, ağacsız və ucsuz-bucaqsız qar səhrasında istiqaməti itirmək an məsələsidir. Kompassız qalan insan eyni nöqtənin ətrafında dəfələrlə dolana, saatlarla yol getdiyini zənn edərkən yenidən başladığı yerə qayıda bilər. Burada soyuq sadəcə üşütmür - insanın bədənini, gücünü və yaşamaq ümidini sınağa çəkir.

14 min kilometrin o tayında azadlıq…

Sibir sürgününə göndərilmiş bu almanın qarşısında iki seçim vardı: düşərgədə qalmaq və taleyini qəbul etmək, ya da, demək olar ki, mümkünsüz olanı sınamaq - qaçmaq. O qaçdı. Sonralar “Klemens Forel” adı ilə məşhurlaşacaq bu hekayəyə görə, Sibirdən qaçan alman əsir təxminən 14 min kilometrlik yolu qət edərək İran sərhədinə qədər gəlib çatmışdı. Bu şəxsin əsl adı Kornelius Rost idi.

Güzgüdəki yad sima

Bəzən tarix böyük döyüşlərin, qalibiyyətlərin və məğlubiyyətlərin içində yazılır. Bəzən isə bir insanın ayaq izlərində. Bu hekayənin kitab səhifələrinə düşməsi isə təsadüfi bir qarşılaşmadan başladı. Münhenli nəşriyyatçı Franz Ehrenwirth Sibirdən qayıtdığı deyilən bir alman əsirin hekayəsini yazıçı Josef Martin Bauerə danışdı. Bauer bu qeyri-adi həyat hekayəsinin arxasında bir roman üçün güclü material gördü. Sonra həmin adam - Kornelius Rost — Bauerə yaşadıqlarını uzun söhbətlər və səs yazıları vasitəsilə danışdı. Rostun hekayəsi saatlarla davam edən müsahibələr zamanı lentə alındı. Lakin Bauer qarşısındakı həyat hekayəsini sadəcə sənədləşdirmədi, onu ədəbi əsərə çevirdi. Roman böyük şöhrət qazandı və Forelin 14 min kilometrlik qaçışı uzun müddət gerçək həyat hekayəsi kimi qəbul edildi. Sonralar televiziya və kino ekranlarına da köçürüldü.

Beləcə, 1955-ci ildə “So weit die Füße tragen” — “Ayaqlarım məni hara qədər apararsa” romanı işıq üzü gördü. Kitabda Rost artıq Cornelius Rost deyildi. O, Klemens Forel idi. Bu adın arxasında alman əsgəri Cornelius Rost dayanırdı. Rost İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin təhlükəsizlik orqanları tərəfindən təqib olunmaqdan ehtiyat etdiyi üçün yaşadıqlarını yazıçı Josef Martin Bauerə anonim şəkildə danışmış və hekayədə özünü Klemens Forel adı ilə təqdim etmişdi. Yazıçı onun 8 saatlıq səs yazısını dinləyərək 1955-ci ildə eyniadlı bestseller romanını yazdı. Beləcə, bir insanın yaşadığı iddia edilən qaçış hekayəsi əvvəlcə romana, daha sonra isə filmə çevrildi. Klemens Forel adı isə illər ərzində Sibirdən azadlığa doğru uzanan 14 min kilometrlik yolun simvoluna çevrildi. Oxucu üçün isə bu, sadəcə bir roman yox, Sibirdən azadlığa doğru uzanan 14 min kilometrlik inanılmaz qaçışın hekayəsi idi.

Qarın içində itən izlər...

Forell üçün müharibə artıq başqa bir mərhələyə keçmişdi. Silahların səsi arxada qalmış, qarşıda isə Sibirin soyuğu və əsir düşərgəsinin ağır günləri başlamışdı. Azadlıq isə düşərgənin hüdudlarından kənarda, minlərlə kilometr uzaqda idi. Forel Sibirdəki əmək düşərgələrindən birinə göndərilir. Burda günlər bir-birinə bənzəyirdi: ağır əmək, aclıq, şaxta və bitib-tükənməyən gözlənti.  Amma bir müddət sonra Forel üçün düşərgədə qalmaq artıq yaşamaq demək deyildi. Qaçmaq fikri getdikcə daha çox ağlında yer etməyə başladı. İlk qaçış cəhdi uğursuz olmuşdu. Forel düşərgədən qaçarkən SSRİ zabitləri tərəfindən tutulmuş, günlərlə ağır cəzalandırılmış və yaralı vəziyyətdə düşərgənin xəstəxanasına göndərilmişdi. Məhz burada onun taleyinin dəyişməsinə səbəb olacaq insanla - düşərgə həkimi Dr.Heinz Staufferlə qarşılaşdı. Stauffer də düşərgənin məhbuslarından idi. Həkim olması isə onu ağır əməkdən xilas etmiş, düşərgə xəstəxanasında işləməsinə imkan vermişdi.

Xəstəlik onu artıq tükətmişdi və onun üçün azadlığa qaçmaq ehtimalı getdikcə uzaqlaşırdı. Lakin Forelin qaçmaq niyyətini anlayanda ona kömək etməyə qərar verdi. Stauffer illərdir özü üçün hazırladığı qaçış ləvazimatlarını Forelə verdi: isti geyim, qar ayaqqabıları, qar eynəyi, ərzaq, xəritə, kompas və yol üçün lazım olan digər vasitələr. Onun artıq gedə bilmədiyi yol, başqa bir insan üçün azadlığa gedən yol ola bilərdi. Amma Staufferin Foreldən bir xahişi vardı: əgər Almaniyaya çata bilsə, onun həyat yoldaşına Staufferin öldüyünü xəbər versin. Beləcə, bir insanın yarımçıq qalan qaçışı digərinin yoluna çevrildi. Forel düşərgədən çıxarkən özü ilə yalnız ərzaq və xəritə aparmırdı. O həm də bir insanın ona etibarını və yerinə yetirməli olduğu son vədi daşıyırdı. Qarşıda minlərlə kilometr, Sibirin amansız soyuğu və naməlum yol vardı. Arxada isə onu qaçmağa hazırlayan bir insan qalırdı.

Və günlərin birində həmin fürsət yarandı. O, düşərgəni və düşərədəki əsir düşmüş əsgər dostlarını arxada qoyub qarla örtülmüş sonsuzluğa doğru addımladı. Amma azadlıq düşündüyündən daha amansız idi. İlk günlərdən aclıq onun ən böyük düşmənlərindən birinə çevrildi. Yanında nə qədər ərzaq saxlaya bilərdisə, o qədər idi. Qarşıda isə nə isti yemək, nə sığınacaq, nə də onu gözləyən təhlükəsiz bir yol vardı. Sibir meşələri və qar səhrası arasında hər addımın öz qiyməti vardı. Gündüz istiqaməti müəyyənləşdirmək çətinləşir, gecələr isə şaxta daha da sərtləşirdi. Bəzən insanın qarşısında yalnız ağlıq olurdu - nə yol, nə ev, nə də uzaqda görünən bir işıq. Forel bilirdi: burada səhv istiqamət seçmək sadəcə yolu uzatmaq demək deyildi. Bu, həyatını itirmək demək ola bilərdi. O isə addımlamağa davam edirdi. Çünki arxasında əsirlik, qarşısında isə azadlıq vardı.

14 min kilometr. Həqiqətlə əfsanə arasındakı məsafə.

Bu rəqəmi sadəcə məsafə kimi oxumaq asandır. Amma həmin məsafəni qarın, aclığın, xəstəliyin və ölüm təhlükəsinin içindən keçən bir insan üçün 14 min kilometr sadəcə yol deyil. Hər addımın həyatla ölüm arasındakı məsafəyə çevrildiyi bir sınaqdır. Klemens Forel həmin yolu getdi. Sibirdən qaçdı. Azadlığa doğru addımladı. Bəzən günlərlə, bəzən həftələrlə qarşısında yalnız qar və sonsuzluq gördü.

Sərhədin o tayında...

Aylar, saysız-hesabsız kilometrlər və Sibirin amansız soyuğundan keçən uzun yolun ardından Forelin qarşısında daha bir sərhəd vardı. Bu dəfə isə həmin xətt onun üçün sadəcə xəritədəki bir sərhəd deyildi. O xəttin o tayında SSRİ yox idi. Rostun danışdığı versiyaya görə, uzun və ölümcül yolun son mərhələsində İrana çatdı. Nəhayət, sərhədi keçmək onun üçün illərdir arzuladığı anı gətirdi. Arxasında Sibir, düşərgə, aclıq və şaxta; qarşısında isə azadlıq vardı. Romanda Forel İran sərhədinə çatanda sərhəd çayının bir keçidindən istifadə edərək İran ərazisinə keçir. Qarşısında artıq Sibirin sonsuz qar səhrası yox, başqa bir ölkə vardı. İllərlə davam edən qaçışın ardından ilk dəfə özünü sovet ərazisindən kənarda görürdü. Lakin bu son addımı atmaq da yolun əvvəlki mərhələlərindən az təhlükəli deyildi.

Forel Təbrizə çatdıqdan sonra İran hakimiyyəti tərəfindən saxlanıldı. Uzun müddət ərzində kim olduğunu və haradan gəldiyini izah etməyə çalışdı. Onun qarşısında indi başqa bir sınaq vardı: illərlə can atdığı azadlığın astanasında dayanmışdı, amma hələ özünü təhlükəsiz hiss edə bilmirdi. Sibirdən başlayan yol onu İranın qapılarına qədər gətirmişdi, lakin İran hakimiyyətləri onun danışdığı qaçış hekayəsinə inanmadılar. Sibirdən piyada gəlib İrana çatdığını söyləyən bu yorğun və sənədsiz adam onlar üçün inandırıcı görünmürdü.

Forel rus casusu olmaqda şübhəli bilinərək həbs edildi. Beləliklə, minlərlə kilometr yol qət edən, Sibirin soyuğundan və aclığından sağ çıxan adam azadlığa çatdığını düşündüyü anda yenidən dəmir barmaqlıqların arxasında qaldı. Forel isə son ümidini itirmədi. Onun kimliyini təsdiqləyə biləcək bir insan vardı - əmisi Erix Baudreksel. İranda onun xahişi ilə əmisinin yanına xəbər göndərildi. Baudreksel əvvəlcə qarşısındakı insanın öz qardaşı oğlu olduğuna inanmadı. İllər onu dəyişmişdi. Qarşısında artıq yaddaşında qalan gənc adam yox, uzun əsirlik və qaçış illərindən keçmiş, tanınmaz hala düşmüş bir insan dayanmışdı. Lakin Forel ailəyə aid köhnə fotoşəkillərin arxasındakı yazılar və ailə albomunda yalnız yaxınlarının biləcəyi məlumatlar vasitəsilə öz kimliyini sübut etdi. Bu dəfə onun sözlərinə inanıldı. Forel azad edildi.

Onun üçün bu, sadəcə həbsxananın qapısının açılması deyildi. Bu, illərdir arzuladığı evə qayıdış yolunun son mərhələsinin başlanğıcı idi. Təbrizdən sonra Ankara, İstanbul və Roma üzərindən Münhenə yola düşdü. Nəhayət, 22 dekabr 1952-ci ildə, romanda yazılan versiyaya görə, Forel Münhenə çatmışdı. Qarşıda artıq Sibir yox, ev var idi. Forelin qaçışı bitmək üzrə idi. Amma onun hekayəsinin ən böyük sualı hələ qarşıda idi: bu insan həqiqətən 14 min kilometrlik yolu qət etmişdimi?


Kornelius Rost (Klemens Forell) qaçmasından danışarkən – xəritədə SSRİ-İran sərhədini göstərir.

Həqiqət harada bitir, əfsanə harada başlayır?

Klemens Forelin hekayəsi beləliklə tamamlanır: Sibirdəki əsirlik, qaçış, qar və şaxta ilə dolu minlərlə kilometr, İran sərhədi və nəhayət, vətənə qayıtmaq ümidi. Amma illər sonra bu hekayənin qarşısına arxiv sənədləri çıxdı. 2010-cu ildə jurnalist Arthur Dittlmannın apardığı araşdırmalar Rostun anlatdığının mühüm hissələrinə ciddi şübhələr yaratdı. Münhen qeydiyyat sənədlərinə görə Cornelius Rost 28 oktyabr 1947-ci ildə artıq sovet əsirliyindən azad edilərək Münhenə qayıtmışdı. Bu məlumat isə onun 1949-cu ildə Sibirdəki düşərgədən qaçaraq üç il ərzində 14 min kilometr yol qət etməsi barədə versiya ilə uzlaşmırdı. Araşdırmalarda həmçinin Forelin hekayəsində təsvir edilən Kap Dejnevdəki düşərgənin həmin dövrdə mövcudluğuna dair sübut tapılmadığı bildirildi.

Beləcə, illərlə “həqiqi həyat hekayəsi” kimi oxunan qaçışın qarşısında cavabsız suallar yarandı. Rost həqiqətən nə qədərini yaşamışdı? Nə qədərini xatırlayırdı, nə qədərini dəyişmişdi və bu hekayəyə nələr sonradan əlavə olunmuşdu? Bu sualların bütün cavabları isə bu gün də aydın deyil. Bəlkə də Kornelius Rostun hekayəsində ən uzun məsafə Sibirdən Almaniyaya qədər olan 14 min kilometr deyildi. Ən uzun məsafə həqiqətdən əfsanəyə, əfsanədən isə yenidən şübhə altına alınmış tarixə qədər uzanırdı.

Məhluqə Nuraliyeva
Xpress.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək