Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən TAKTİKİ FƏALİYYƏTLƏR
Azərbaycanda keçirilən "Birliyin Gücü – 2026" təliminin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib.
Bu barədə Xpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd olunub ki, şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.


