Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Ləfxanım Xocalının uşaq simasıdır-
Ləfxanım Xocalının uşaq simasıdır-
Mədəniyyət

Ləfxanım Xocalının uşaq simasıdır- Nihat Pir yazır…

Xpress.az Redaksiyası 26.09.2026 17:58

Ləfxanım Xocalıya qayıdıb. Köçüb Xocalıya. Orada yaşayacaq. Həyat onun üçün orada, məhz Xocalıda davam edəcək. Həm də yenidən. Elə bilirəm, Xocalı təzədən qayıdıb bizə. Elə bilirəm, Xocalıya təzədən qayıtmışıq. Həm də daha böyük. Böyük qayıdışın başqa adı indi Ləfxanım kimi görünür gözümə. İrimiqyaslı. Böyükdən böyük. Qara bağ misalı. Ləfxanım başqa sözlə elə məhz Xocalı deməkdir. Xocalı deyəndə ağla nə gəlirsə, Ləfxanım deyəndə də o gəlir. Ləfxanım Xocalının uşaq simasıdır. Körpə simasıdır. Ağrı üzüdür. Acı üzüdür. Yaddaşıdır. Keçmişidir. Və bu gündən həm də sabahıdır. Xocalıda bir neçə dəfə olmuşam. Hər dəfəsində başqa-başqa qeyri-müəyyən hisslər keçirir adam. Hər səfərdə Xocalı adına nəsə başqa şey kəşf edir adam. Sonuncu dəfə Daşbulaqda olduq. Orada gecələdik. Mən ilk dəfə Xocalıda gecələdim. Özü də Daşbulaqda. Ləfxanımın kəndində. Səksən-yüz min işlək söz var dilimizdə. Xocalıda, Daşbulaqda gecələməyin nə olduğunu ifadə edəcək söz yoxdur amma. Mən tapmamışam. Qarabağa qayıtmaq bir yana, Xocalıya qayıtmaq başqa. Elə bilirəm, ağacın yanında dayansam, nəsə yeni bir faciə eşidərəm. İnsan faciəsi. O ağac o gün, o gecə gördüklərini necəsə, birtəhər danışar. Elə bilirəm, daşın yanında dayansam, nəsə yeni bir faciə eşidərəm. İnsan faciəsi. O daş o gün, o gecə gördüklərini necəsə, birtəhər danışar. Deyər. Pıçıldayar. Nə yaxşı ki, Ləfxanım sağdır. Nə yaxşı ki, Ləfxanım Xocalıdadır. Xocalı deyəndə məni soyuq kəsir, vallah. Buz kəsir. Üşüyürəm. Ayazlı, şaxtalı bir gecə gəlir durur gözümün qabağında. Haradansa körpə səsi. Ana səsi. Silah səsi. Güllə səsi. Xocalını körpə səsi, ana səsi və güllə səsi üçbucağından Ləfxanımın qayıdışı qurtardı mənim üçün. Çingizin ruhu şaddır. Əminəm.

Nihat Pir

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək