II Qarabağ Müharibəsi: Tarixi ədalətin bərpası yolu
II Qarabağ Müharibəsi Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası kimi böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində Azərbaycan Ordusu işğal altında qalan əraziləri, o cümlədən Şuşa şəhərini azad etmişdir. Bu qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın uzun illər çəkdiyi həsrət və itkilərin kompensasiyası, tarixi haqların tanınması deməkdir. Müharibə Azərbaycan xalqının həm hüquqi, həm də mənəvi haqqının təmin olunması ilə nəticələnmişdir.
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmuşdur. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə məruz qalmışdır. Nəticədə Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirmişdir. Aparılan hərbi əməliyyatlar zamanı ilk gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. Eyni zamanda, qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra strateji yüksəkliklər nəzarətə götürülmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi də işğaldan azad edilmişdir. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etmiş, uzun illər işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini və Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etmişdir. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd və çoxsaylı strateji yüksəkliklər işğaldan azad olunmuşdur.
Noyabrın 8-də — 28 illik həsrətdən sonra — Azərbaycan xalqı üçün böyük əhəmiyyət və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsindən bir gün sonra, noyabrın 9-da Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunduğunu ictimaiyyətə bildirdi. Beləliklə, hərbi əməliyyatlar nəticəsində darmadağın edilən düşmən Prezidentin irəli sürdüyü şərtləri qəbul edərək məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı və tarixi qələbəsidir. 27 sentyabrdan (27.09.2020) 10 noyabra (10.11.2020) qədər davam edən Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın çıxışları xalqımızın qəlbini silkələdi; eşidilən xəbərlərə inanmaq çətin idi — adeta yuxu kimi.
Uzun illər gözlənilən xəbər gəldi: yaşımızda həmin yerləri görməmiş, orada doğulmamış olsaq da hər bir azərbaycanlının ürəyi torpaq həsrəti ilə döyünürdü. Qarabağ bizim haqq savaşı idi. Vətən dərdi çəkən hər bir vicdanlı azərbaycanlı, dünyanın dörd bir yanında yaşayan əlli milyonluq xalqımızın ləyaqətli nümayəndələri eyni amalla — Qarabağ həsrəti ilə yaşadı. Bu millət çox ağrılar gördü: Kərkicahan faciəsi, Meşəli faciəsi və digər misli görünməmiş cinayətlər, vəhşiliklər və amansızlıqlar. O günləri yalnız qaçmağa məcbur olanlar, üzləşdikləri halda amputasiya edilənlər, uşaqlığını, gəncliyini və yaşlılığını normal yaşaya bilməyən insanlar və onların yaxınları bütün dəhşəti bilir. Sevinclə yanaşı ürəkdə həmişə bir qüssə də vardı: Qarabağ yarası, Xocalı faciəsi kimi sağalmayan yaralar hələ də bizimlədir. Nənələrimizin dillər əzbəri olan:
Qarabağda talan var, günəş sanki solur,
Zülfün üzə salan var, könül elə çox dolur.
Gedirsən — tezcə dön, yurdun yolda qalan var,
Gözlərdə ümid sancısı, könülündə qan var.
kimi bayatılarla, mərsiyələrlə, ağılarla böyüdük, boya-başa çatdıq.
Mənfur düşmənlərimiz yalnız mülki şəxslərin yaşadığı evləri dağıtmaqla kifayətlənməyərək, milli mədəniyyətimizə aid minillik yaşı olan abidələri — qalaları, türbələri, binaları, məscidləri, evləri, karvansarayları, məktəbləri, bulaqları, kəhrizləri, müqəddəs ziyarətgah və ibadətgahları da məhv etmiş, məqsədli şəkildə türklərin izini və tarixini silməyə cəhd etmişlər. Bu, namus məsələsi idi; həmin dağıntıları aradan qaldırmaq bizim mənəvi haqq işimiz və hüquqi baxımdan düzgün addımımız idi. Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu, insanlığa sığmayan şəkildə işğala məruz qaldığını və ermənilərin tarixi torpaqlarımıza yaxın dövrlərdə köçürüldüyünü bütün beynəlxalq təşkilatlar və qüvvələr bilirdi. Lakin beynəlxalq aləm işğalçıya qarşı faktiki tədbir görmədi. Bütün dünyanın susaraq seyr etdiyi bu vəziyyət qarşısında Azərbaycanın güc tətbiqi hüquqi baxımdan ən düzgün addım idi. Çox şükür ki, rəşadətli ordumuz bu utancı və ləkəni həm bizim, həm də dünyanın vicdanında təmizlədi. Suverenliyimiz tam bərpa olundu. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq. Tanrı ordumuzu, müzəffər Ali Baş Komandanımızı və xalqımızı qorusun.
Elza İbadova
Filoloq