Somalinin Azərbaycandakı səfiri QHGT rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib
Bu gün Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) baş qərargahında Somalinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abdınur Dahir Fidov ilə görüş keçirilib.
Xpress.az xəbər verir ki, səfir Abdınur Dahir Fidov əvvəlcə QHGT-nin baş qərargahını ziyarət edib və təşkilatın fəaliyyəti ilə tanış olub.
Daha sonra səfir QHGT-nin sədri Leyla Həsənova ilə görüşüb. Görüş zamanı tərəflər əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər.
Müzakirələr zamanı COP31 çərçivəsində yan tədbirin keçirilməsi, QHGT Araşdırma Mərkəzi ilə əməkdaşlıq, Somali universitetləri ilə birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda təhsil alan somalili tələbələrin QHGT-nin şəbəkəsinə və üzvlüyünə cəlb olunması məsələləri diqqət mərkəzində olub.
Görüşdə həmçinin QHGT-nin Somali Milli Bölməsinin Azərbaycan və Somali arasında gənclərin təşəbbüsü ilə həyata keçirilən əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğu vurğulanıb.

