Rus hərbçilər: Ağac qabığı və ot yeyirdik - VİDEO
Bir neçə gün öncə Ukrayna ordusunun “Vivaldi” əməliyyatı zamanı əsir götürülən rusiyalı hərbçilərin yeni görüntüləri yayılıb.
Görüntülər Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sosial şəbəkə hesablarında paylaşılıb.
Görüntülərdə rusiyalı əsirlərin ukraynalı hərbçilərin nəzarəti altında sıraya düzüldükləri təqdim olunub. Sayım əsasında onların 94 nəfər olduqları qeyd olunub.
Rütbəcə mayor olan əsirlərdən biri Rusiya ordu komandanlığına müraciət də ünvanlayaraq, boş yerə ölmək istəmədikləri üçün əsir düşdüklərini deyib.
Əsirlər bildiriblər ki, həddən artıq ağır şəraitdə döyüşüblər, yemək əvəzinə ağac qabığı və ot yeyiblər, hətta əsgərlərdən biri susuzluqdan ölüb.
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu “Vivaldi” əməliyyatının üçüncü mərhələsini başa çatdırdığını, əməliyyat nəticəsindən 2000-dən çox rus hərbçisinin zərərsizləşdirildiyini, 250-dən çox hərbçinin isə əsir götürüldüyünü bildirmişdi.