Bu Avropa ölkəsində oktyabr ayında çimə bilərsiniz : dəniz suyu istidir
Aralıq dənizində yerləşən Malta payızda da çimərlik istirahəti üçün seçilən istiqamətlərdəndir. Burada oktyabr ayında hava şəraitindən asılı olaraq dənizdə üzmək və günəşlənmək mümkündür.
Malta yay tətilini gecikdirənlər üçün maraqlı səyahət istiqaməti kimi təqdim edilib
Valletta: Piyada gəziləsi paytaxt
1566-cı ildə əsası qoyulan Valletta UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Tarixi mərkəzi piyada gəzmək və bir-birinə yaxın yerləşən abidələrlə tanış olmaq mümkündür.
Şəhərin əsas görməli yerlərindən biri Müqəddəs Yəhya kafedralıdır. Binanın sadə fasadının arxasında zəngin bəzədilmiş interyer, barokko üslubunda rəsmlər, heykəllər və qızılı naxışlar var. Döşəmədə orden cəngavərlərinə aid 400-dən çox rəngli mərmər məzar daşı yerləşir.
Yuxarı Barrakka bağlarından isə Böyük limana və qarşı sahildəki tarixi şəhərlərə mənzərə açılır.
Maltanın “Sükut şəhəri”
Adanın keçmiş paytaxtı Mdina təpə üzərində yerləşir. “Sükut şəhəri” adlandırılan bu məkan qala divarları, dar küçələri və sarımtıl əhəngdaşından tikilmiş binaları ilə tanınır.
Burada “Game of Thrones” serialının bəzi səhnələri də çəkilib. Mdina tarixi mühitdə sakit gəzintiyə üstünlük verən turistlərin maraq göstərdiyi yerlərdəndir.
Vallettanın qarşı sahilində yerləşən Vittorioza, Senqlea və Kospikua isə birlikdə “Üç şəhər” kimi tanınır. Bu tarixi əraziyə ənənəvi Malta qayıqları ilə getmək mümkündür.
Firuzəyi suyu ilə tanınan Mavi laqun
Malta ilə Qozo arasında yerləşən Komino adası xüsusilə Mavi laqunu ilə məşhurdur. Qayalarla əhatələnən bu ərazinin şəffaf, firuzəyi suyu turistlərin diqqətini çəkir.
Adanın cənub-şərqində, Marsaşlokk yaxınlığındakı Müqəddəs Pyotr hovuzu da məşhur təbiət məkanlarındandır. Əhəngdaşı qayalarının arasında yaranan təbii hovuzun ətrafındakı hamar səthlər günəşlənmək üçün istifadə olunur.
Duz hovuzları və dəniz mağaraları
Qozo adasının şimal sahilindəki Şveyni körfəzində qayalara oyulmuş duz hovuzları yerləşir. Burada bəzi ailələr dəniz duzunu əl ilə toplamaq ənənəsini davam etdirirlər.
Maltanın cənub sahilindəki Mavi qrot isə dəniz mağaralarından ibarətdir. Qayıqla gəzinti zamanı suyun işığın təsiri ilə aldığı müxtəlif mavi çalarları görmək mümkündür.