Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA
TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA
Cəmiyyət

TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA

Xpress.az Redaksiyası 19.10.2026 19:45

Məlum olduğu kimi, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Həmin qərardan sonra digər sahələrdə də oxşar struktur dəyişikliklərinin mümkünlüyü müzakirə olunur. Bu kontekstdə təhsil sahəsində Dövlət İmtahan Mərkəzinin (DİM) gələcək statusu da diqqət çəkən məsələlərdən biridir.

Bəs Dövlət İmtahan Mərkəzinin də Elm və Təhsil Nazirliyinin strukturuna daxil edilməsi və ya iki qurumun birləşdirilməsi gündəmə gələ bilərmi? Belə bir dəyişiklik idarəetmədə hansı üstünlüklər yarada bilər?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a danışıb: “TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra haqlı olaraq belə bir məsələ də gündəmə gəlib: təhsil sahəsində də çoxsaylı agentliklər və idarələr fəaliyyət göstərir. Bu qurumların da birləşdirilməsi mümkündürmü?

Əlbəttə, bu məsələ yalnız müzakirələrlə həll olunmur. Belə addımlar dövlətin müəyyən etdiyi siyasətə və planlaşdırdığı islahatlara uyğun şəkildə həyata keçirilir. Ancaq sizin də qeyd etdiyiniz kimi, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birləşdirilməsi ilə bağlı müzakirələr də var. Mən düşünürəm ki, belə bir addım məqsədəuyğun olmaz. Çünki Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə, yaxud nazirliyin hansısa agentliyinə və ya struktur bölməsinə çevrilsə, qiymətləndirmə məsələləri ilə bağlı ictimaiyyətdə müəyyən şübhələr yarana və etimadsızlıq mühiti formalaşa bilər.

Ona görə də hesab edirəm ki, Dövlət İmtahan Mərkəzini Elm və Təhsil Nazirliyinin tabeliyinə verməkdənsə, onun funksiyalarında dəyişikliklər aparmaq və strukturunu islah etmək daha məqsədəuyğun olardı. Məsələn, Dövlət İmtahan Mərkəzi yalnız imtahanların keçirilməsini həyata keçirən qurum kimi fəaliyyət göstərə bilər, test bankının hazırlanması isə başqa bir quruma həvalə olunar. Beləliklə, test tapşırıqlarını bir qurum hazırlayar, imtahanların keçirilməsini isə Dövlət İmtahan Mərkəzi təmin edər.

Bu gün Dövlət İmtahan Mərkəzinin suallarının tərtibi və məzmunu ilə bağlı kifayət qədər narazılıqlar eşidirik. Təkcə ötən il 11 mindən artıq şəxs apellyasiya müraciəti etmişdi. Bu da qiymətləndirmə sisteminə ictimai etimad baxımından müəyyən suallar yaradır. Ona görə də mən Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən daha çox, qurumun strukturunun yenidən formalaşdırılmasını, test bankının başqa bir qurum tərəfindən hazırlanmasını, imtahanların keçirilməsinin isə Dövlət İmtahan Mərkəzində qalmasını daha məqsədəuyğun hesab edirəm".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək