Xpress.az
Bakı: 22°C

Bizi izləyin

17 Noyabr
Cəmiyyət

17 Noyabr – Azərbaycanın milli azadlıq mübarizəsinin tarixi günü

Xpress.az Redaksiyası 17.11.2026 07:30

17 Noyabr – Azərbaycanın milli azadlıq mübarizəsinin tarixi günü
Bu gün, noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Xpress.az xatırladır ki, bu əlamətdar gün 1988-ci ildə Bakıda geniş vüsət alan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin dövrdə Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin hadisələrə münasibəti ölkədə ciddi narazılığa səbəb olmuşdu.

1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında (keçmiş Lenin meydanı – red.) minlərlə insanın iştirakı ilə kütləvi mitinqlər başladı. Aksiyalarda Moskvanın Azərbaycana qarşı siyasətinə etiraz edilir, ölkənin ərazi bütövlüyünün qorunması və milli hüquqların təmin olunması tələb edilirdi. Həmin mitinqlər milli özünüdərkin güclənməsində və xalqın müstəqillik istəyinin açıq şəkildə ifadə olunmasında mühüm rol oynadı.

Dekabrın əvvəllərində SSRİ-nin daxili qoşunları meydandakı aksiyaları zor gücünə dağıtsa da, milli-azadlıq hərəkatını dayandırmaq mümkün olmadı. Xalqın azadlıq və müstəqillik tələbləri getdikcə daha geniş miqyas aldı.

1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycanın suverenliyi haqqında Konstitusiya Qanununu qəbul etdi. Bu proses ölkədə müstəqillik meyillərinin gücləndiyini göstərirdi. Lakin SSRİ rəhbərliyi xalqın azadlıq iradəsini hərbi müdaxilə ilə boğmağa çalışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində çoxsaylı dinc sakin həlak oldu və yaralandı. Qanlı Yanvar faciəsi xalqın müstəqillik əzmini sarsıda bilmədi, əksinə, imperiyaya qarşı müqaviməti daha da gücləndirdi.

Milli dövlətçilik ideyalarının inkişafında 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə keçirilən ilk sessiyası da mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması barədə qərar qəbul edildi.

Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi və onun bütün Azərbaycanda dövlət bayrağı kimi tanınması üçün Ali Sovet qarşısında vəsatət qaldırıldı. Bu addım milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm tarixi hadisə idi.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Beləliklə, 1988-ci ildə xalq hərəkatı ilə başlanan müstəqillik mübarizəsi öz tarixi nəticəsinə çatdı.

Milli Dirçəliş Günü 1992-ci ildə rəsmi bayram kimi təsis edilib və hər il noyabrın 17-də qeyd olunur.

Bu gün Azərbaycanın müstəqillik tarixində yeni mərhələ də yaşanır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa olundu.

23 saatdan bir qədər artıq davam edən əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri və hərbi infrastrukturu zərərsizləşdirildi. Nəticədə separatçı qüvvələr təslim oldu və bölgədə Azərbaycanın konstitusiya quruluşunun bərpası təmin edildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Beləliklə, 1988-ci ildə milli azadlıq iradəsinin nümayiş etdirildiyi tarixi mübarizə bu gün suveren və müstəqil Azərbaycanın inkişafı, ərazi bütövlüyünün təmin olunması və azad edilmiş torpaqların dirçəldilməsi ilə yeni məzmun qazanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evdən tapılan iki meyitlə bağlı

17.11.2026 10:22 Hadisə

“Gənclik Mall”da “endirimlə” şalvar aldı, etiketin altından çıxan mənzərəyə görə şoka düşdü

17.11.2026 10:11 Cəmiyyət

Yeni ilə qədər “qara zolaq” -

17.11.2026 09:50 Cəmiyyət

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 09:26 Cəmiyyət

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salınıb

17.11.2026 09:00 Cəmiyyət

600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq

16.11.2026 21:08 Cəmiyyət

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

16.11.2026 20:49 Cəmiyyət

Yəmən qüvvələri Bab əl-Məndəbdən çəkilir:

16.11.2026 19:57 Siyasət

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

16.11.2026 17:59 Cəmiyyət

Kirayədə qalanların bilmədiyi qayda -

16.11.2026 17:44 Cəmiyyət

“Cahan-Motors”la “Atəşgah Sığorta” arasında 13 min manatlıq

16.11.2026 17:22 Cəmiyyət

Yalçın Rəfiyev: COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb

16.11.2026 17:21 Gündəm

Salyan rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

16.11.2026 16:59 Təhsil

"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformator quraşdırıblar! –

16.11.2026 16:32 Cəmiyyət

Banklarla bağlı narazılıq:Bank Avrasiya, Yelo Bank, UNİBANK….

16.11.2026 16:00 İqtisadiyyat

Gələn il Azərbaycanda minimum maaş bu qədər olacaq

16.11.2026 15:55 Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

16.11.2026 15:00 Cəmiyyət

Minlərlə telefon xətti ləğv edilir?

16.11.2026 13:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək