Azərbaycanda hansı dövlət müəssisələri ləğv ediləcək? – İnhisarlar rəqabətə açılır
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
"Bakupost" xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə bildirilib.
Burada qeyd olunur ki, divident ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.
Hesablama Palatası həmçinin əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.
İqtisadçı ekspert Xalid Kərimli “Bakupost”a bildirib ki, dövlət inhisarlarının rəqabətə açılması heç də dövlətin iqtisadiyyatdan tamamilə geri çəkilməsi anlamına gəlməməlidir:
“Bu sadəcə, dövlətin bazarda birbaşa sahibkar kimi fəaliyyətinin məhdudlaşdırılması, daha çox effektiv fəaliyyət göstərən özəl sektora sahə açılmasıdır. Yeni fəaliyyət planında hansı sahələrin ləğv ediləcəyi, özəlləşdiriləcəyi, birləşdiriləcəyilə bağlı konkret istiqamətlər göstərilmir. Lakin 2028-2029-cu illərdə bu istiqamətdə ciddi araşdırmalar aparılacağı, potensialı olan və özəl sektora açıla biləcək sahələrin müəyyənləşdiriləcəyi bildirilir”.
İqtisadçının fikrincə, özəl sektora ilk növbədə açılması nəzərdə tutulan bu sahə telekommunikasiya sahəsidir:
“Dövlət telekommunikasiya sahəsində özəl sektorun rolunu artıra və buradakı inhisarçılıq mövqeyindən tədricən çəkilə bilər”.
Müsahibimizin sözlərinə görə, özəl sektorun sərəncamına verilməsi vacib olan ikinci istiqamət elektrik enerjisi istehsalı sahəsidir:
“Dövlət tədricən bu sahədəki inhisarçılıq mövqeyini də özəl sektorun ixtiyarına buraxacaq. Belədə dövlətin enerji istehsalında həm yükü azalacaq, həm də özəl sektor üzrə investisiyalar həmin sahəyə cəlb olunacaq. Nəticədə enerji mənbələrinin diversifikasiyası daha da sürətlənəcək.
İqtisadçı dəmir yolları, loqistika xidmətlərində də özəl sektora yol açılmasını daha məqsədəuyğun hesab edir:
“Bu addımlazr atılarkən təbii ki, qabaqcıl ölkələrin təcrübəsi öyrəniləcək.
Növbəti istiqamət isə infrastrukturun saxlanılması zamanı prosesə özəl kapitalın cəlbi və bu yöndə bir sıra sahələrin özəlləşdirilməsi diqqət mərkəzində olmalıdır. Azərbaycanın Orta Dəhlizdə rolunun artması ilə liman, terminal, nəqliyyat-loqistika xidmətlərinin də əhəmiyyəti artacaq. Bu istiqamətdə dövlətin təkbaşına rol oynaması xidmətin keyfiyyətinin yaxşılaşmasına maneə olmaqla yanaşı, eyni zamanda, dövlətin diqqətinin daha əhəmiyyətli sahələrə yönəlməsinə də əngəl ola bilər. Ona görə də nəqliyyat və rabitə sahələrində özəl sektora qapıların açılması olduqca vacibdir”.