Təhsilə ayrılan milyardlar nəyi dəyişəcək?
2027-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Lakin bu məbləğin böyük olması təhsilin keyfiyyətinin avtomatik yüksələcəyi demək deyil. Əsas məsələ ayrılan vəsaitin hansı istiqamətlərə yönəldilməsi və nə dərəcədə səmərəli istifadə olunmasıdır.
İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, büdcədən ayrılan vəsaitin həcmi deyil, onun hansı səmərəliliklə istifadə olunması əsasdır.
Onun sözlərinə görə, təhsilə ayrılan 5 milyard 99 milyon manatın əhəmiyyətli hissəsi əməkhaqqı fonduna yönəldilir. Buraya müəllimlərin, eləcə də məktəblərdə çalışan yardımçı heyətin maaşları daxildir. Bundan başqa, məktəblərin işıqlandırılması, təmizliyi, saxlanılması, kommunal və cari xərcləri də həmin vəsait hesabına qarşılanır.
İqtisadçı qeyd edib ki, bu xərclərin ödənilməsi zəruridir. Müəllimlərə əməkhaqqı verilməli, məktəblərin fəaliyyəti təmin olunmalıdır. Ancaq bütün bunlar təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil. Çünki müəllim maaşını aldıqdan sonra əvvəlki qaydada dərs keçə, sadəcə dərslikdə yazılanları şagirdlərə çatdırmaqla kifayətlənə bilər. Belə olan halda əməkhaqqı xərclərinin artması müəllimin məhsuldarlığını və tədrisin keyfiyyətini avtomatik dəyişmir.
X.Kərimlinin fikrincə, təhsilin inkişafı üçün vəsaitin sadəcə artırılması deyil, onun müəllimlərin peşəkar hazırlığına yönəldilməsi vacibdir. Bunun üçün müəllimlərin bilik və bacarıqları inkişaf etdirilməli, onların mütəmadi təlim və yenidənhazırlanma proqramlarında iştirakı təmin olunmalıdır. Eyni zamanda, universitetlərdə daha yaxşı müəllimlərin yetişdirilməsinə və təhsil sisteminin dəyişdirilməsinə diqqət yetirilməlidir.
İqtisadçı hesab edir ki, təhsil sahəsində real irəliləyiş əldə etmək üçün büdcə vəsaitləri məhz keyfiyyətə təsir edən istiqamətlərə yönəldilməlidir. Əks halda, ayrılan məbləğin artırılması özlüyündə ciddi nəticə verməyəcək.