Bu gün Şaxta Babanın doğum günü və Düyməli Telefon Günüdür
Bu gün – noyabrın 18-də dünyada bir sıra maraqlı və əlamətdar günlər qeyd olunur. Bunlar arasında Şaxta Babanın doğum günü, Düyməli Telefon Günü, Dünya Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsi, Uşaqların Cinsi İstismarı və Zorakılığına Qarşı Ümumdünya Günü, Dünya Xroniki Obstruktiv Ağciyər Xəstəlikləri Günü və Coğrafi İnformasiya Sistemləri Günü yer alır.
Noyabrın 18-i Rusiyada Şaxta Babanın doğum günü kimi qeyd olunur. Bu ənənə 2005-ci ildən mövcuddur. Tarixin seçilməsi təsadüfi deyil. Belə ki, Şaxta Babanın vətəni hesab edilən Velikiy Ustyuq şəhərində ilk ciddi şaxtaların məhz noyabrın ortalarında başladığı güman edilir.
Bu gün Şaxta Babanın iqamətgahına Rusiyanın müxtəlif bölgələrindən təbrik məktubları, açıqcalar, rəsmlər və əl işləri göndərilir. Ənənəyə görə, Şaxta Baba doğum günündə qış mövsümünün başlanmasını simvolizə edən Yeni il ağacının işıqlarını yandırır. Bayram münasibətilə onun iqamətgahında müxtəlif əyləncəli tədbirlər, tamaşalar və oyunlar təşkil olunur.
Noyabrın 18-dən 24-dək Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Dünya Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsi keçirilir.
Kampaniyanın əsas məqsədi bakteriya, virus, göbələk və parazitlərin dərmanlara qarşı davamlılığının yaratdığı təhlükəyə diqqət çəkməkdir. Antibiotiklərin və digər antimikrob preparatların düzgün istifadə edilməməsi infeksiyaların müalicəsini çətinləşdirir və bəzi hallarda daha ciddi sağlamlıq problemlərinə səbəb olur.
2026-cı il kampaniyasının şüarı "Bir Sağlamlıq, Bir Fəaliyyət: Antimikrob Müqavimətinin İndi Qarşısının Alınması"dır.
BMT tərəfindən 2022-ci ildə təsis edilən bu günün əsas məqsədi uşaqlara qarşı cinsi istismar və zorakılıq hallarının qarşısının alınmasına, zərərçəkmiş uşaqların müdafiəsinə və onlara dəstəyin gücləndirilməsinə diqqət çəkməkdir.
Noyabrın 18-də dövlət qurumları, beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri uşaqların təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və zorakılıq qurbanlarının ədalət mühakiməsinə çıxış imkanlarının artırılması məsələlərini gündəmə gətirirlər. Xüsusilə internet mühitində uşaqların cinsi istismar və digər təhlükələrdən qorunması diqqət mərkəzində saxlanılır.
Bu gün həmçinin xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) ilə bağlı maarifləndirmə tədbirləri keçirilir. Beynəlxalq GOLD təşəbbüsü tərəfindən dəstəklənən bu gün xəstəliyin profilaktikası, erkən aşkarlanması və müalicəsinin əhəmiyyətini diqqətə çatdırır.
XOAX tənəffüs yollarında hava axınının məhdudlaşması ilə xarakterizə olunan xroniki xəstəlikdir. Davamlı öskürək, bəlğəm ifrazı və nəfəs darlığı onun əsas əlamətləri sırasındadır. Siqaret çəkmək və havanın çirklənməsinə uzun müddət məruz qalmaq xəstəliyin əsas risk faktorları hesab olunur.
Noyabrın 18-də qeyd olunan digər əlamətdar tarix Coğrafi İnformasiya Sistemləri (CİS) Günüdür. 1999-cu ildən qeyd edilən bu gün coğrafi məlumatların toplanması, rəqəmsal xəritələrin hazırlanması və məkan məlumatlarının təhlilində istifadə olunan texnologiyaların əhəmiyyətini ön plana çıxarır.
CİS texnologiyaları şəhərsalma, nəqliyyat, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə geniş tətbiq olunur. Bu gün münasibətilə müxtəlif maarifləndirici tədbirlər, sərgilər və texnologiya təqdimatları təşkil edilir.
Noyabrın 18-i, eyni zamanda, qeyri-rəsmi Düyməli Telefon Günü kimi də qeyd olunur. Bu tarix fiziki klaviaturalı mobil telefonların populyar olduğu dövrü xatırlamaq üçün bir fürsətdir.
Bir vaxtlar mobil rabitənin əsas vasitəsi olan düyməli telefonlar sadəliyi, davamlılığı və uzun batareya ömrü ilə seçilirdi. Mesaj yazmaq üçün eyni düyməni bir neçə dəfə basmaq, zəng melodiyalarını seçmək və telefonun kiçik ekranında məlumatları oxumaq həmin dövrün yadda qalan xüsusiyyətlərindəndir.
Bu gün smartfonların geniş yayıldığı bir vaxtda Düyməli Telefon Günü köhnə mobil telefon modellərini və mobil rabitənin inkişaf tarixini yada salır.
Xpress.az