Ləmanın nəfəsi kəsilir, oksigeni düşür, təcili kömək lazımdır” – Könül Vəlibəylinin bacısı FƏRYAD ETDİ
Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti yenidən ağırlaşıb. Hazırda Novxanıdakı 2 saylı dövlət xəstəxanasında müalicə alan Ləmanın oksigen saturasiyasının aşağı düşdüyü, hərarətinin 38 dərəcəyə çatdığı, nəbzinin isə 145-i keçdiyi bildirilir. Onun təcili olaraq müvafiq tibbi imkanlara malik ixtisaslaşmış xəstəxanaya köçürülməsinə ehtiyac var.
Ləmanın xalası Maya Hümbətova Musavat.com-a açıqlamasında aidiyyəti dövlət qurumlarına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və tibb müəssisələrinə müraciət edərək kömək istəyib. O, Ləmanın vəziyyətinin gözləməyə imkan vermədiyini, əsas problemin nəfəs yolları ilə bağlı olduğunu deyərək fəryad edib:
“Ləmanın səsinə səs verilməlidir. O, təcili xəstəxanaya yerləşdirilməlidir. Söhbət nəfəsindən gedir. Səhiyyə Nazirliyinə müraciət etmişik, deyirlər ki, müraciətimizə baxılacaq. Amma Ləman artıq gözləyə biləcək vəziyyətdə deyil. Oksigeni getdikcə düşür, saturasiyası aşağı düşəndə rəngi sapsarı olur”.
Maya Hümbətovanın sözlərinə görə, Ləmanın hazırda nəfəs borusunda (traxeyasında), eləcə də qida borusunda (ezofaqusunda) stentlər yerləşdirilib. Təxminən üç ay əvvəl qoyulan stentlərdən birində problem yarandığı ehtimal olunur. O, stentin yerindən tərpənməsi, aşağı sürüşməsi və ya ətrafında daşlaşma baş verməsi nəticəsində nəfəs yolunun daralmasından və ya tutulmasından narahatdır.
Xalası bildirib ki, problemin səbəbi təcili müəyyənləşdirilməli, Ləman lazımi tibbi avadanlıqlara və ixtisaslı mütəxəssislərə malik xəstəxanaya yerləşdirilməlidir.
Maya Hümbətovanın bildirdiyinə görə, Ləmanın vəziyyəti ağırlaşdıqdan sonra onu əvvəlcə Abşeron xəstəxanasına, daha sonra isə Yeni Klinikaya aparıblar. Lakin xalasının sözlərinə görə, Yeni Klinika xəstəni qəbul etməyib.
“Ləmanı gecə təcili yardımla apardıq. İstəyirdik ki, Yeni Klinikaya yerləşdirilsin. Çünki orada onun əvvəlki müalicə prosesi və vəziyyəti barədə məlumat var, tibbi avadanlıqlar da Ləman üçün daha uyğundur. Buna görə təkid etdik və təcili yardım onu ora apardı. Amma qəbul etmədilər, yarım saat gözlətdilər. Qızın vəziyyəti getdikcə pisləşirdi. "Yerimiz yoxdur" dedilər”, – deyə Maya Hümbətova bildirib.
Onun sözlərinə görə, hazırda Ləman Novxanıdakı 2 saylı dövlət xəstəxanasında müayinə və müalicə olunur, ona antibiotiklər təyin edilib. Rentgen müayinəsində pnevmoniya ehtimalı qeyd olunsa da, dəqiq diaqnozun müəyyənləşdirilməsi üçün kompüter tomoqrafiyasının (KT) nəticəsi gözlənilir.
Maya Hümbətova hesab edir ki, Ləmanın vəziyyətinin mürəkkəbliyi və əvvəlki tibbi tarixçəsi nəzərə alınaraq onun daha geniş diaqnostik və müalicə imkanları olan tibb müəssisəsində müayinəsi zəruridir.
Ləmanın xalası ailənin uzun müddətdir onun müalicəsi üçün ciddi maddi vəsait sərf etdiyini, indiyədək 200 min manatdan çox xərc çəkildiyini bildirib. Onun sözlərinə görə, Ləman ağır sağlamlıq problemləri ilə əlaqədar uzun müddət xəstəxanalarda müalicə alıb, Türkiyədə də müayinələrdən və tibbi müdaxilələrdən keçib. Hazırda isə ailənin müalicə xərclərini qarşılamaq imkanları tükənib.
Maya Hümbətova Ləmanın cəmi bir il əvvəl anasını faciəvi şəkildə itirdiyini də xatırladıb. Noyabrın 21-də Könül Vəlibəylinin vəfatından bir il ötəcək. O bildirib ki, ailə bu ağır itkinin ağrısını yaşadığı bir vaxtda Ləmanın səhhətindəki problemlərlə də mübarizə aparır.
“Ləman da bu ölkənin vətəndaşıdır. Biz çox ağır vəziyyətdə qalmışıq, kimə müraciət edəcəyimizi bilmirik. Onun həyatını xilas etmək üçün dövlət qurumlarından, Səhiyyə Nazirliyindən, TƏBİB-dən, müvafiq fondlardan və ölkəmizdəki xəstəxanalardan kömək istəyirik. Bu günə qədər 200 mindən çox pul xərcləmişik, artıq gücümüz tükənib. Bütün xəstəxanalara müraciət edirik ki, bu qıza yardım etsinlər. Xahiş edirəm, səsimizi eşitsinlər”, – deyə Maya Hümbətova fəryad edib.
Qeyd edək ki, məsələ ilə bağlı Yeni Klinikaya rəsmi sorğu ünvanlamışıq.
Xatırladaq ki, 2025-ci il noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verib. Rəsmi məlumata görə, binanın zirzəmi hissəsində başlayan yanğın qısa müddətdə genişlənərək bütün binanı tüstüyə bürüyüb. Hadisə nəticəsində 2018-ci il təvəllüdlü Arzu Qəmbərli, 1983-cü il təvəllüdlü Samir Məmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova tüstüdən zəhərlənərək həyatlarını itiriblər. Hadisə zamanı Könül Hümbətovanın qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova ilə yanaşı daha 24 nəfər ağır və müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.
Dəhşətli hadisədən ötən aylar ərzində Ləman Qulamovanın durumu stabilləşsə də, hələ də süni tənəffüs aparatı ilə həyatda qala bilir. Sərbəst qidalana bilmir.