Kerç boğazı üzərindəki peyk görüntülərində müdaxilə qeydə alınıb- GÖRÜNTÜLƏR
Sosial şəbəkələrdə "SoarAtlas" xəritə platformasından götürülmüş və Kerç boğazı ərazisini əks etdirən peyk görüntüsü geniş müzakirələrə səbəb olub.
Xpress.az xəbər verir ki, paylaşımlarda Rusiya tərəfinin elektron müharibə vasitələri ilə Qərb kəşfiyyat peyklərinin fəaliyyətinə mane olduğu iddia edilir.
Müzakirə olunan təsvir Avropa İttifaqının "Copernicus Sentinel-1" peyklərinin sintetik aperturalı radar (SAR) məlumatları əsasında hazırlanıb. Kerç boğazı və Taman yarımadası üzərində görünən parlaq diaqonal zolaqlar 5,4 GHz tezlikli radiotezlik müdaxiləsinin nəticəsidir.
Bu hal yerüstü güclü elektron müharibə sistemləri və ya hava hücumundan müdafiə radarlarının peykin qəbuledicisini həddindən artıq yükləməsi zamanı yaranır və nəticədə radar təsvirində görüntünü örtən parlaq zolaqlar əmələ gəlir.
Mütəxəssislərin məlumatına görə, sözügedən texniki müdaxilə yeni hadisə sayılmır. Rusiya qüvvələri 2023-cü ildən etibarən regionda kəşfiyyat və müşahidə sistemlərinin işini çətinləşdirmək üçün oxşar radiotezlik maneələrindən mütəmadi istifadə edir. Belə şəraitdə ərazidən yalnız müəyyən marşrut və icazəyə malik kommersiya uçuşları maneəsiz keçə bilir.
