Vanqanın 2027-ci il üçün proqnozları: Ölkələr xəritədən silinəcək
Müasir informasiya məkanında gələcəklə bağlı qeyri-müəyyənlik artdıqca, mistik proqnozlara və köhnə peyğəmbərliklərə maraq da yüksəlir.
Xpress.az xəbər verir ki, sosial şəbəkələrdə bolqar görücü Vanqanın adı ilə 2027-ci ilə aid müxtəlif proqnozlar yayılır. Bu iddialar gələn il dünyada baş verə biləcək böyük dəyişikliklər və risklərdən bəhs edir. Həmin proqnozların əsas məqamları bunlardır:
1. Naməlum xəstəlik və insanlarda dəyişiklik
2027-ci ildə yeni və sirli bir xəstəliyin ortaya çıxacağı iddia edilir. Şərhlərə görə, bu xəstəlik ya insanlarda qeyri-adi qabiliyyətlər yaradacaq, ya da aparılan genetik təcrübələrin nəticəsi kimi meydana çıxacaq. Nəticədə cəmiyyətin adi insanlara və daha güclü, fərqli imkanlara sahib olanlara bölünəcəyi ehtimal olunur.
2. İqtisadi böhran və pulun dəyərdən düşməsi
Dünyada ciddi maliyyə böhranının yaşanacağı deyilir. Bu proqnoza görə:Nağd pullar sürətlə dəyərini itirəcək və insanların yığdığı əmanətlər əriyəcək. Evlərin, avtomobillərin və ərzaq məhsullarının qiyməti kəskin bahalaşacaq. Pul etibarını itirdiyi üçün insanlar sərvətlərini qorumaq məqsədilə kütləvi şəkildə qızıla üz tutacaqlar.
3. Avropanın boşalması
Vanqaya aid edilən məşhur iddialardan biri Avropa ilə bağlıdır. Bəziləri bunu müharibələrlə, digərləri isə doğum sayının azalması, iqtisadi problemlər və kütləvi köçlərlə izah edir. Bu ssenariyə görə, bəzi şəhərlər boşala, ölkələr arasındakı birliklər dağıla və mövcud sərhədlər dəyişə bilər.
4. Böyük müharibə təhlükəsi
Böyük dövlətlər arasındakı gərginliyin 2027-ci ildə pik həddə çatacağı və qlobal müharibə riski yaradacağı bildirilir. Müharibəyə qoşulmayan ölkələr belə bu vəziyyətdən zərər görəcək — dünyada enerji böhranı, ərzaq qıtlığı və ciddi bahalaşma yaşanacaq.
5. ABŞ və Rusiyanın gələcəyi
ABŞ: Daxili qarşıdurmalar, iqtisadi geriləmə və təbii fəlakətlər səbəbindən ölkənin zəifləyəcəyi və dünyadakı nüfuzunu itirəcəyi iddia edilir.Rusiya: Ölkədə böyük siyasi dəyişikliklərin baş verəcəyi, lakin çətinliklərdən sonra Rusiyanın yeni dövlətlər birliyi yaradaraq dünyada əsas güc mərkəzlərindən birinə çevriləcəyi deyilir.
6. Təbii fəlakətlər
Güclü zəlzələlər, daşqınlar, quraqlıq, həddindən artıq istilər və qasırğaların artacağı proqnozlaşdırılır. Buzlaqların əriməsi nəticəsində bəzi sahil şəhərlərinin su altında qalma təhlükəsi ilə üzləşəcəyi bildirilir.
2028-ci il üçün nikbin gözlənti
Bütün bu qorxulu ssenarilərə baxmayaraq, 2028-ci il üçün daha müsbət proqnozlar verilir. Həmin ildə yeni enerji mənbələrinin tapılacağı, elmdə böyük kəşflər ediləcəyi və dünyadakı aclıq probleminin həll olunmağa başlayacağı iddia edilir.