Dünənki Batumi matçı Azərbaycanda baş tutsaydı... - ŞƏRH + FOTO
Məkan Gürcüstan, meydanda Türkiyə və İsrail klubları, tribunada şüar qışqıranlar türkiyəli azarkeşlər, mövzu isə Fələstin. Sanki adamlar Batumiyə futbol izləməyə yox, BMT Təhlükəsizlik Şurasının təcili iclasına səhvən bilet alıb gəliblər.
Gürcü polisi sitasuiyanın nəzarətdən çıxmasına astagəl reaksiya verir, vəziyyəti nəzarətdən buraxır, sonra kütləvi şəkildə pankart qaldırılan sektora hücum çəkib bibər qazı ilə tribunalara "sülh" gətirir. Neytral meydanda beynəlxalq idman yarışı bir anda küçə mitinqinə çevrilir.

Ən tragikomik detal isə budur: mövzu Fələstindir, amma binəva Fələstin nə meydanda oynayır, nə də bu tribunadakı hay-küydən xəbəri var. Amma vəziyyəti gərginləşdirməkdə maraqlı olanlar provakasiyaya meyilli azarkeşləri elə ortaya atıblar ki, sanki Yaxın Şərqin taleyi Batumi stadionunun künc zərbəsində həll olunur. Nəticə nədir? Fələstinə bir qram fayda yox, əvəzində öz klublarını və ölkələrini UEFA-nın cərimə və sanksiya masasına uzadırlar.
Beynəlxalq futbol qurumlarının (UEFA, FIFA) nizamnamələrinə görə stadionlar siyasi bəyanat, etiraz aksiyası və ya münaqişə tərəflərinin simvollarının toqquşma meydanı deyil. Ev sahibi ölkənin polisi tribunalarda iki qarşıdurma tərəfinin simvolları və şüarları üz-üzə gəldikdə kütləvi davanın, pirotexnika və ya fiziki toqquşmanın qarşısını almaq üçün protokola uyğun müdaxilə edir. Bu, ifadə azadlığının ümumi inkarı kimi deyil, kütləvi tədbirdə ictimai təhlükəsizliyin təmin edilməsi kimi qiymətləndirilir.

İki tərəf arasında gərginlik olan mövzunun üçüncü bir ölkənin ərazisində keçirilən ictimai tədbirə daşınması həmin ev sahibi dövləti öz ərazisində baş verə biləcək iğtişaşlara görə məsuliyyət daşıyan tərəfə çevirir. Ev sahibi dövlətin əsas vəzifəsi xarici münaqişənin tərəfi olmaq yox, öz ərazisində qanunun aliliyini və ictimai asayişi qorumaqdır.
Qaydanın özü ilə onun icra mexanizmi (çeviklik, peşəkarlıq və əməliyyat hazırlığı) fərqli şeylərdir.
Hadisənin necə idarə olunması təkcə qanun və ya nizamnamənin mövcudluğundan yox, həm də polisin və təhlükəsizlik xidmətinin vəziyyəti nə dərəcədə tez oxumasından, kütləni vaxtında lokallaşdırmasından və eskalasiyanı ilk dəqiqələrdə söndürməsindən asılıdır.

Gecikmiş müdaxilə gərginliyi böyüdür.
Stadion və kütləvi tədbirlər mühitində ilk bir neçə dəqiqə kritikdir. Gərginlik vaxtında izolyasiya olunmayanda emosiyalar sürətlə yayılır, tərəflər arasında sözlü atışma fiziki qarşıdurma və ya polis-azarkeş toqquşması riskinə çevrilir.
Peşəkar və çevik idarəetmədə stüardlar, təhlükəsizlik xidməti və polis arasında əlaqə aydın olur: problemli sektor dərhal müəyyənləşdirilir, xəbərdarlıq və ya nəzarətli müdaxilə kütlə böyümədən tətbiq edilir. Əks halda, ya çox gec, ya da həddindən artıq sərt və xaotik reaksiya verilir ki, bu da əlavə gərginlik yaradır.
Beləliklə, iki fərqli arqumenti bir-birindən ayırmaq vəziyyəti daha dəqiq izah edir: siyasi simvol (və ya şüar) səbəbindən yaranan riskə qarşı asayişin qorunması prinsipi bir tərəfdə, hadisənin vaxtında və peşəkar idarə olunmaması nəticəsində yaranan gərginlik isə digər tərəfdə dayanır.

Burada nəzərə alınmalı məqamlardan biri müdaxilə edib-etməməkdə yox, müdaxilənin vaxtında və dəqiq edilməsindədir.
Azərbaycan beynəlxalq idman yarışlarına (məsələn, Bakıda keçirilən avrokubok oyunları, milli komandaların neytral matçları və ya digər beynəlxalq turnirlər) ev sahibliyi etdikdə dövlət qurumlarının və polisin əsas məqsədi oyunun təhlükəsiz keçirilməsi, komandaların və azarkeşlərin qorunması, eləcə də ictimai asayişin pozulmasının qarşısının alınması olur.
Misal üçün, iki xarici klubun (məsələn, Rusiya və Ukrayna, yaxud regionda gərgin münasibətləri olan digər iki ölkənin klublarının) neytral meydan kimi Bakıda qarşılaşardısa…
Məsələ BMT iclasına çevrilmədən yerindəcə bağlanardı.

Qabaqlayıcı filtrasiya: Siyasi pankart və bayraqlar elə girişdəki yoxlamada (turniketdə) ələ keçər, stadionun içinə ümumiyyətlə buraxılmazdı.
Saniyəlik lokallaşdırma: Əgər hansısa şüar səslənsəydi, polis kütləvi hücuma keçib tribunaya bibər qazı sıxmaq əvəzinə, çevik qüvvələrlə bir neçə dəqiqəyə təxribatçıları nöqtəvi şəkildə sektordan çıxarardı.
Sıfır eskalasiya: Nə azarkeşlər arasında toqquşma yaranardı, nə də günahsız tamaşaçılar qaz buludunun altında qalardı — oyun da qaldığı yerdən davam edərdi.
Qısası, bizdə neytral meydan statusu siyasi şouya yox, futbolun və təhlükəsizliyin qorunmasına xidmət edərdi.
Sənan NƏCƏFOV