Gürcüstan polisi “Beşiktaş” azarkeşləri ilə bağlı 16 nəfəri saxlayıb, 3 əməkdaş yaralanıb
Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” futbol matçı zamanı baş verən insidentlərlə bağlı açıqlama yayıb.
Xpress.az xəbər verir ki, nazirliyin məlumatına görə, qarşılaşma zamanı baş verən hadisələr nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 16 nəfər isə saxlanılıb.
Bildirilib ki, matç öncəsi Batumidə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinə müvafiq tapşırıqlar verilib. Azarkeşlərin şəhər daxilində stadionadək təhlükəsiz hərəkət etməsi üçün də tədbirlər görülüb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Avropa Meydanından Batumi Arenasına doğru yürüş zamanı “Beşiktaş” azarkeşlərinin bir qismi aqressiv davranış nümayiş etdirib.
Məlumata əsasən, azarkeşlər yürüş zamanı ictimai asayişi pozub, polis əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayaraq müxtəlif əşyalar atıblar.
Bundan başqa, insidentlərin stadion ərazisində də davam etdiyi bildirilib. Nazirliyin açıqlamasına görə, bəzi azarkeşlər stadionun infrastrukturuna, xüsusilə oturacaqlara zərər vurub və həmin oturacaqları hüquq-mühafizə orqanlarının əməkdaşlarına ataraq onların həyatını təhlükəyə atıblar.
Gürcüstan Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin qorunması və zorakılığın qarşısının alınması məqsədilə polis tərəfindən xüsusi nəqliyyat vasitələrindən istifadə də daxil olmaqla müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
Bəyanatda, həmçinin bəzi KİV-lərdə polisin oyun zamanı Fələstin bayraqları nümayiş etdirən azarkeşlərə müdaxilə etməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.