Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan il...
Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir
Siyasət

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir

Xpress.az Redaksiyası 18.10.2025 12:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

AZƏRTAC-a istinadən müsahibəni təqdim edirik.

-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?

-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
 

Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.


Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib.

Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
 

Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.


Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.

-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq necə inkişaf edir?

-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir.

Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.

Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb.

Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir:

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika və neft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizin hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansı addımlar atılır?

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək