Qonşu ölkədə WhatsApp bloklanır?
Rusiayada Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Anton Qorelkinin sözlərinə görə, Rusiyada ekstremist təşkilat kimi tanınan və qadağan olunmuş Meta* şirkətinə məxsus WhatsApp messencerinin bloklanması ehtimalı xeyli artıb. Buna səbəb kimi diplomatik danışıqların son sızmaları göstərilir.
Qorelkin bu barədə öz Telegram kanalında yazıb. Onun sözlərinə görə, məxfi diplomatik danışıqların mediaya sızması WhatsApp-a qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı qərarın sürətləndirilməsinə təsir edib.
Deputat iddia edir ki, Meta* şirkəti təkcə qanun pozuntularına göz yumur, həm də bəzi hallarda qanunsuz fəaliyyətlərdə birbaşa iştirak edir.
Qorelkinin sözlərinə görə, Roskomnadzor-un məsələ ilə bağlı rəsmi açıqlamasına Meta* tərəfindən indiyədək heç bir ictimai reaksiya verilməyib. Onun fikrincə, messencer bloklanacağı təqdirdə şirkət beynəlxalq istifadəçilər üçün yalnız qısa mətbuat açıqlaması ilə kifayətlənə bilər.
“Yerli qanunvericiliyə açıq-aşkar laqeyd münasibət fonunda, məlumat sızması və istifadəçi təhlükəsizliyi ilə bağlı yeni yüksək səviyyəli qalmaqalları gözləmədən bir çox ölkənin bizim nümunəmizi izləyə biləcəyini istisna etmirəm”, — deyə Qorelkin bildirib.
Qeyd edək ki, Roskomnadzor daha əvvəl WhatsApp-ın Rusiyada cinayətlərin qarşısının alınması və istintaqı ilə bağlı tələblərə əməl etmədiyini əsas gətirərək, messencerin tam bloklanması ehtimalı barədə xəbərdarlıq etmişdi. Eyni zamanda, istifadəçilər son vaxtlar Moskvada WhatsApp-ın fəaliyyətində problemlər müşahidə olunduğunu bildiriblər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı ABŞ-la aparılan telefon danışıqlarının sızdırılmasını qəbuledilməz adlandırıb.
*Meta — Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib.