"Aİ ABŞ-la ticarət müharibəsinə hazırlaşır" Dmitriyev:
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Politico nəşrində yayımlanan xəbərə münasibət bildirib.
Xpress.az xəbər verir ki, məlumatda Almaniya və Fransanın ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi hədələrə cavab olaraq Avropa Komissiyasına müraciət etməyi planlaşdırdığı qeyd olunur.
Kirill Dmitriyev bu məsələ ilə bağlı fikirlərini X sosial şəbəkəsində paylaşıb. O bildirib ki, bəzi Avropa İttifaqı üzvləri ABŞ-a qarşı “ticarət bazukasını işə salmaq” niyyətindədir. Dmitriyevin sözlərinə görə, bu addımın ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən də alqışlanacağı düşünülür.
Onun açıqlaması Almaniya və Fransanın Avropa Komissiyasının mövcud mexanizmlərindən istifadə etməyə hazırlaşması ilə bağlı Politiconun yaydığı məlumata reaksiya kimi dəyərləndirilir. Nəşrin məlumatına əsasən, sözügedən təşəbbüs Avropa İttifaqı ilə ABŞ arasında ticarət münasibətlərində artan gərginlik fonunda müzakirə olunur.