Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı:
Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı:
Siyasət

Azərbaycan–BƏƏ strateji tərəfdaşlığı: dostluqdan qlobal əməkdaşlığa

Xpress.az Redaksiyası 05.02.2026 10:20

Prezident cənab İlham Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da güclü dövlətə, siyasi və iqtisadi sahələrdə lider mövqedə olan bir ölkəyə çevrilmişdir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanla strateji tərəfdaş ölkələrin sayı daha da artmışdır. Bu dövlətlər Azərbaycanın etibarlı və prinsipial tərəfdaş olduğunu xüsusi vurğulayırlar. Azərbaycan bütün hallarda ədalətin, eləcə də dövlətlər arasında müstəqil və bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı olduğunu dəfələrlə sübut etmişdir.
Bu baxımdan Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dostluq və qardaşlıq təməli üzərində qurulmuşdur. Ötən il iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədi münasibətlərin daha da genişlənməsinə mühüm töhfə vermişdir. 2025-ci il sentyabrın 16-da BƏƏ Prezidentinin Şuşaya səfəri isə bu ölkənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəstəyin bariz nümunəsi olmuşdur.
Prezident cənab İlham Əliyevin BƏƏ-yə növbəti işgüzar səfəri və bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü iki dövlət arasında mövcud strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda daim bir-birini dəstəkləyir.
Bu səfərin ən diqqətçəkən və qürurverici məqamlarından biri Şeyx Zayed Fondunun təsis etdiyi və beynəlxalq miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim olunmasıdır. Bu mükafat dövlət başçımızın regionda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması istiqamətində göstərdiyi misilsiz xidmətlərə verilən yüksək qiymətin ifadəsidir.
Səfər çərçivəsində Azərbaycan və BƏƏ hərbiçilərinin “Sülh Qalxanı 2026” adı altında birgə hərbi təlimlər keçirməsi hərbi sahədə əməkdaşlığın da yeni mərhələyə yüksəldiyini göstərir. Türkiyədən sonra Azərbaycan BƏƏ ilə birgə hərbi təlimlər keçirən ikinci ölkə olmuşdur.
Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr də ildən-ilə genişlənməkdədir. Qarşılıqlı investisiya qoyuluşları artan templə inkişaf edir, ticarət dövriyyəsi isə 2 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Bu göstəricilər gələcəkdə iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinə əsaslı ümid yaradır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və humanitar sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Prezident cənab İlham Əliyevin BƏƏ-yə səfəri təkcə iki ölkə arasında deyil, bütövlükdə Yaxın Şərq regionunda Azərbaycanın iqtisadi və siyasi əlaqələrinin inkişafına və möhkəmlənməsinə mühüm təkan verəcəkdir.


Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək