Müharibədə Azərbaycana məğlub olan Ermənistan İQTİSADİ RƏQİBƏ ÇEVRİLİR? - FOTO
“Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq antiterror əməliyyatından sonra beynəlxalq mediaya, o cümlədən Ermənistan jurnalistlərinə verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpası Ermənistanın da buxovlardan, yükdən azad olmasına, Ermənistanın da suverenliyinin artmasına xidmət edəcək. Yəni, Azərbaycan Ordusu, faktiki olaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, həm də Ermənistanın suverenliyini möhkəmlətdi, çəkə bilməyəcəkləri, altında əziləcəkləri yükdən azad etdi. Yaxşı olardı ki, Ermənistan bunu vaxtında anlaya, sülh yolu ilə məsələnin həllinə razı olardı, amma, olmadı, qəhrəman əsgərimiz bu vəzifəni layiqincə yerinə yetirdi”.
Xpress.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Qarabağ məsələsinin ədalətli həlli, Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanın daha rahat davranmasına, iqtisadi və siyasi “dalandan” çıxmasına, Rusiyanın boyunduruğundan addım-addım azad olmasına səbəb olur.

Partiya sədrinin qənaətincə, Ukrayna bataqlığına batan, taktiki üstünlük qazansa da, strateji məğlubiyyətə doğru gedən Kreml, Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqaza ən böyük təsir alətini itirib, ardınca da Türkiyə-Azərbaycan tandemi taktiki və strateji qərarlarla Rusiyanın bölgəmizdə zəifləməsinə nail olub: “ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəmizə səfərini həm də bu kontekstdən dəyərləndirmək lazımdır. ABŞ, bölgədə Rusiyadan ən çox asılı olan ölkəni öz “qucağına” alır, böyük investisiya layihələri, “Tramp yolu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır. Ermənistan, faktiki olaraq, iqtisadi baxımdan Rusiyanın “muxtariyyəti” idi, hələ də asılılıq həddən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri, qaz təminatı kimi strateji sahələrdə Rusiyadan çox asılıdır. Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir. Deməli, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır. Bu səfər, həm də Nikol Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır”.

REAL sədri N.Cəfərli vurğulayıb ki, bu gedişat Azərbaycana strateji olaraq sərfəlidir, amma, iqtisadi yarışda geri düşməmək şərti ilə yaxşıdır: “Ermənistanla sülh müqaviləsi, qarşılıqlı tanıma, səfirliklərin açılması, iqtisadi münasibətlər - bunlar çox yaxşıdır. Amma, Ermənistan bölgədə iqtisadi rəqib olaraq həmişə qalacaq, bölgəyə yönəlik investisiyalar uğrunda gedəcək mübarizədə əsas rəqibimiz olacaq. Azərbaycan öz coğrafi, enerji, əhali üstünlüyünü ağılla, strateji doğru qərarlarla üstünlüyə çevirməli, istənilən investisiya üçün ilk ağıla gələn ölkə olmaq üçün çalışmalıdır. Bunun üçün yeni idarəetmə sistemi, ədalətli məhkəmələr, cəlbedici vergi-gömrük qanunvericiliyi olmazsa-olmazdır. Müharibəni və diplomatiyanı böyük üstünlüklə udub, iqtisadi rəqabətdə geri düşmək olmaz. Sürətlə dəyişən dünyaya uyğun olan çevik, rifaha indeksli, ədalətli sistem qurmalıyıq. Bu, qəhrəman şəhidlərimizin ruhu, böyüyən övladlarımızın gələcəyi qarşısında boynumuzun borcudur”.
Ərturan İSMAYIL