Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı:
Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı:
Siyasət

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı: Yeni Mərhələnin Başlanğıcı

Xpress.az Redaksiyası 11.02.2026 13:18

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Vensin Azərbaycana səfəri və Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Dünyanın ən güclü dövlətlərindən biri olan ABŞ-ın Azərbaycanla siyasi və iqtisadi əlaqələrin inkişafına böyük maraq göstərməsi ölkəmizin diplomatik uğurunun bariz nümunəsidir.
Ötən ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında imzalanmış birgə Bəyannaməyə əsasən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupu yaradılmış və altı ay ərzində sənəd hazırlanaraq razılaşdırılmışdır.
Dörd bölmədən ibarət Strateji Tərəfdaşlıq Xartiyasında iki dövlət arasında enerji, ticarət, tranzit və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə Transxəzər Nəqliyyat Dəhlizi əsas götürülərək quru, dəniz və hava nəqliyyatı infrastrukturlarının inkişafı, ticarətin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əksini tapmışdır.
Eyni zamanda, Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutunun (TRİPP) əhəmiyyəti qeyd edilmiş, iqtisadi sərmayələr, o cümlədən süni intellekt, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdir.
Sənəd imzalandıqdan sonra Prezident cənab İlham Əliyev və vitse-prezident Ceyms Vens mətbuata bəyanatlarla çıxış edərək mühüm mesajlar səsləndirmişlər. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesində ABŞ Prezidentinin rolunu xüsusi vurğulamış və bildirmişdir ki, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Prezident İlham Əliyev Azərbaycanın regionda sülhün təşəbbüskarı olan dövlət kimi çıxış etdiyini xüsusi qeyd etmişdir. İlk dəfə olaraq Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana yük daşınması və Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi regionda etimad mühitinin formalaşmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilə bilər. Bu fakt bir daha göstərir ki, Azərbaycan rəhbərliyi iki ölkə arasında davamlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Şübhəsiz ki, ABŞ da Azərbaycanın bu sülhyönümlü təşəbbüslərini dəstəkləyir.
ABŞ-ın vitse-prezidenti Ceyms Vens də öz növbəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini yüksək qiymətləndirmiş, Azərbaycanın Yaxın Şərqdə dövlətlərarası münasibətlərin normallaşdırılmasına töhfə verə biləcəyini vurğulamışdır.
Bu gün Azərbaycanın beynəlxalq siyasi arenada mühüm tərəfdaş kimi qəbul olunması hər bir azərbaycanlıda qürur hissi doğurur. İmzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə ölkəmizin qlobal miqyasda artan nüfuzunun və uğurlu xarici siyasət kursunun növbəti təsdiqidir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək