Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycanın Münhen Mesajları:
Azərbaycanın Münhen Mesajları:
Siyasət

Azərbaycanın Münhen Mesajları: Qlobal Siyasətdə Artan Nüfuz və Regional Sülhün Memarı

Xpress.az Redaksiyası 15.02.2026 11:53

Bu günlərdə təkcə Avropanın deyil, bütün dünyanın diqqəti Almaniyaya yönəlib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət və hökumət başçıları Avropanın üzləşdiyi dərin siyasi böhrandan çıxış yollarını müzakirə etmək üçün bir araya gəliblər. Son 30 ildə Avropa bu qədər mürəkkəb geosiyasi vəziyyətlə üzləşməmişdir. Ukrayna–Rusiya müharibəsi, eləcə də Avropa İttifaqına üzv dövlətlər arasında mövcud fikir ayrılıqları problemləri daha da dərinləşdirmişdir.
Prezident cənab İlham Əliyevin növbəti dəfə Münhen Təhlükəsizlik Konfransına dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və qlobal siyasi proseslərə təsir imkanlarının göstəricisidir. Azərbaycan bu platformada sadəcə iştirakçı dövlət kimi deyil, problemlərin həllinə real töhfə verən ölkə kimi çıxış edir.
Fevralın 13-də Münhendə Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə dövlət başçısı ölkəmizin mövqeyini ətraflı şəkildə izah etmişdir. Prezident Azərbaycanın Avrasiya məkanında mühüm strateji əhəmiyyətə malik dövlət olduğunu vurğulamış, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində rəsmi Bakının prinsipial və açıq mövqeyini diqqətə çatdırmışdır.
Konfrans çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və digər yüksək səviyyəli rəsmilərlə keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycan təkcə region üçün deyil, qlobal miqyasda siyasi sabitliyə və iqtisadi tərəqqiyə töhfə verən mühüm aktordur.
Prezident İlham Əliyev Fransanın France 24 televiziya kanalına müsahibəsində Azərbaycan–Fransa münasibətləri və Qarabağ separatçıları ilə bağlı təxribat xarakterli suallara açıq və qətiyyətli cavablar verərək ölkəmizin prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmışdır.
Azərbaycan hər zaman bütün dövlətlərlə dostluq və bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin tərəfdarı olmuşdur. 2020-ci il Vətən müharibəsinə qədər Fransa ilə münasibətlər yüksək səviyyədə inkişaf etmiş, qarşılıqlı səfərlər həyata keçirilmiş, müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır. Lakin müharibədən sonra Fransanın bəzi siyasi dairələrinin qərəzli mövqeyi münasibətlərdə gərginlik yaratmışdır. Buna baxmayaraq, Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn addımlara adekvat və prinsipial cavab vermişdir. Son dövrlərdə isə rəsmi Parisin münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atdığı müşahidə olunur.
Dövlət başçısı çıxışlarında Qarabağ separatçılarının Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətləri xüsusi vurğulamış, onların məhkəmə proseslərinin açıq və şəffaf şəkildə keçirildiyini bildirmişdir. Bu, Azərbaycanın hüquqi dövlət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Fevralın 14-də Prezident İlham Əliyev “Açıq dəhliz siyasəti və Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində çıxış etmişdir. O, Azərbaycan–Ermənistan münasibətlərində mövcud sülh gündəliyi, eləcə də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutları barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni reallıqlar regionda sabitliyin əsasını təşkil edir. Bu gün Azərbaycan ərazisində yaradılmış müasir nəqliyyat-logistika infrastrukturu Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Yükdaşımaların həcmi ildən-ilə artmaqdadır və bu marşrutdan istifadə edən ölkələrin iqtisadi imkanları genişlənir.
Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə ölkəmizdən artıq ondan çox Avropa dövlətinə təbii qaz ixrac olunur. Yaxın perspektivdə elektrik enerjisinin də Avropaya nəqli nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Asiya ölkələrində istehsal olunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropaya ötürülməsi planlaşdırılır. Bu isə Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan Avrasiya məkanında dövlətləri birləşdirən, iqtisadi əməkdaşlığı təşviq edən və regional sabitliyin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaşdır. Bu reallıq artıq Avropa dövlətləri tərəfindən də qəbul edilir və Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyini davamlı şəkildə möhkəmləndirir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək