Xərçəngin erkən əlamətləri: Dırnaqlar xəstəlikdən xəbər verə bilər
Dırnaqların vəziyyəti bəzi hallarda bədxassəli şişlərin erkən mərhələdə inkişaf etdiyini göstərə bilər. Mütəxəssislərin fikrincə, bəzən xərçəng xəstəliyinin ilkin əlamətlərini dırnaqlardakı dəyişikliklərdən də müşahidə etmək mümkündür.
Bu barədə İngiltərənin Viqan şəhərindən olan Cenni Uilyams Teylorun hekayəsi də danışılır. O, sosial şəbəkədə qeyri-adi formaya düşmüş dırnağının fotosunu paylaşdıqdan sonra istifadəçilər ona mütləq həkimə müraciət etməyi tövsiyə ediblər.
Müayinədən sonra həkimlər onun ikitərəfli ağciyər xərçəngi olduğunu müəyyən ediblər.
Cenni sosial şəbəkədə ona diqqət yetirən və vaxtında həkimə müraciət etməsinə səbəb olan insanlara təşəkkür edib. Onun sözlərinə görə, bu xəbərdarlıq xəstəliklə mübarizəyə vaxtında başlamağa kömək edib.
Mütəxəssislər bildirirlər ki, dırnaqların və barmaq uclarının formasında və ölçüsündə dəyişikliklər bəzən ağciyər xərçənginin əlaməti ola bilər. Dırnaqların solğun rəng alması isə qaraciyər problemlərindən xəbər verə bilər.
Bundan başqa, dırnaq lövhəsinin altında yaranan bej, qəhvəyi və ya qara rəngli ləkələr və zolaqlar dəri xərçəngi – melanoma ilə əlaqəli ola bilər.
Dırnağın boru formasında əyilməsi də bəzən ciddi xəstəliklərin inkişafı barədə xəbərdarlıq edən əlamətlərdən sayılır.
Lakin mütəxəssislər vurğulayırlar ki, bu cür dəyişikliklər mütləq diaqnoz demək deyil. Buna baxmayaraq, belə simptomlar müşahidə edilərsə, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.
Xpress.az