Turizm və mühafizə arasında düzgün balans: Tarixi abidələri necə qoruyaq? - FOTO
Mədəni turizmin bu gün dünyada bu sahənin ən sürətlə inkişaf edən növlərindən biri sayılması heç də təsadüf deyil. Bu fəaliyyət həm tarixi abidələrin qorunmasına lazımi maliyyə resursları qazandırır, həm də ölkələrin iqtisadi inkişafına töhfə verir. Tarixi irsin turizmə cəlb olunması, təhlükəli də ola bilər. Turist axını abidəni tanıtmaqla ona mənəvi həyat qazandırsa da, diqqətsizlik və mühafizənin zəifliyi bu irsi aşındıra da bilər.
Bu paradoks Azərbaycan üçün də aktualdır. Ölkədə turizmin ən inkişaf etmiş növü məhz mədəni turizmdir. Qədim tarixi abidələr xarici və yerli turistlər üçün əsas cəlbedici məkanlar rolunu oynayır. İlbəil artan ziyarətçi sayı, şübhəsiz, ölkə iqtisadiyyatına müsbət töhfələr verir. Lakin bu artımın arxa planında ciddi bir risk də gizlənir: əgər turist axını düzgün idarə olunmasa, nəticə yalnız iqtisadi fayda ilə məhdudlaşmır. Artan turist axını abidənin fiziki bütövlüyü, ətraf mühiti və hətta onun tarixi-mədəni mahiyyətinin dərk edilməsini təhlükə altına salır.

Tarixi irsə çağdaş baxış
Beləliklə, mədəni turizmin inkişafı xeyir gətirdiyi kimi, zərər də verə bilir. Hər şey onun necə idarə olunmasından asılıdır. Söhbət turizmə “bəli” və ya “xeyr” deməkdən getmir. Əsas məsələ turizm və mühafizə arasında düzgün balans yaratmaqdır. Bir abidənin turizm məkanına çevrilməsinin ilk faydası onun dünya miqyasında tanınmasıdır.
2019-cu ildə Dünya Mədəni İrsi Siyahısına daxil edilən Şəki Xan saray bu gün ölkənin ən mühüm turizm məkanlarından biri kimi minlərlə turisti qəbul edir. Paradoksaldır ki, bu qədər böyük əhəmiyyət daşıyan abidənin nə qədər yük götürə biləcəyi, nə qədər ziyarətçi tutumu olduğu barədə hələ də konkret bir yanaşma yoxdur.
Əslində, UNESCO-nun özü də bu məsələnin sadə görünməkdən uzaq olduğunu vurğulayır: "daşıma qabiliyyəti"ni tək bir rəqəmlə ifadə etmək cəhdi problemlidir, çünki ziyarətçi yükü mövsümdən-mövsümə, günün saatından-saatına və hətta məkanın müxtəlif hissələrinə görə köklü şəkildə dəyişir. Bu da bizi vacib bir nəticəyə aparır: məsələ, sadəcə, ziyarətçilərin sayını hesablamaq deyil, onların harada, nə vaxt və necə hərəkət etdiyini izləməkdir. Deməli, tarixi abidələrin idarə olunmasında tamamilə yeni bir fəlsəfəyə ehtiyac var – məqsəd turisti azaltmaq yox, ziyarətçi axınını ağıllı şəkildə təşkil etməkdir.

“Toxunmaq olmaz”
Şəki Xan Sarayında bu problemin praktiki həlli kimi ziyarətçi yükünü azaltmaq üçün konkret addım atılıb: turistlər 10-12 nəfərlik kiçik qruplara bölünərək abidəyə buraxılır və hər otaqda bu say hüdudunun keçilməməsinə nəzarət edilir. Nəticədə, abidənin həddindən artıq yüklənməsi müəyyən qədər tənzimlənir. Ancaq bu tədbir təkbaşına kifayət etmir – sarayın daxilində divarlara toxunmaq, şəbəkələrə həddindən artıq yaxınlaşmaq və ya ziyarət qaydalarına məhəl qoymamaq kimi hallar hələ də mövcuddur.
Bu da mühüm bir həqiqəti üzə çıxarır: mühafizə sadəcə, bərpa işlərindən ibarət deyil. Əsl mühafizə abidənin gündəlik vəziyyətinin daim izlənməsi, potensial risklərin vaxtında müəyyənləşdirilməsi və ən əsası – ziyarətçi davranışının düzgün istiqamətə yönəldilməsidir. Elə bu nöqtədə muzey və abidə əməkdaşının rolu həlledici əhəmiyyət kəsb edir. Onun əsas vəzifəsi ziyarətçiyə sadəcə "nəyi gördüyünü" göstərmək deyil, nəyə baxdığını və bunun nə üçün dəyərli olduğunu anlatmaqdır.
Yaxşı qurulmuş muzey xidməti bu mənada ikili fayda verir: həm ziyarətçinin təcrübəsini zənginləşdirir, həm də dolayı yolla abidənin qorunmasına xidmət edir. Bunun üçün isə düzgün kommunikasiya vacibdir. Ziyarətçiyə quru şəkildə "bu hissəyə toxunmaq olmaz" demək əvəzinə, niyə toxunmamalı olduğunu izah etmək qat-qat effektlidir. Çünki insan qoruduğu dəyərin əhəmiyyətini anladıqda, qaydaya formal yox, şüurlu şəkildə əməl edir. Beləliklə, əsl hədəf aydınlaşır: məqsəd abidəni turistdən qorumaq deyil, turisti abidənin qoruyucusuna çevirməkdir.

Çəkiliş qadağası
Şəki xan Sarayında ən çox yaranan mübahisələrdən biri fotoçəkiliş qadağası ilə bağlıdır. Qəbul etmək lazımdır ki, belə qadağalar dünyanın bir çox muzey və abidələrində mövcuddur. Tarixi abidələrdə və muzeylərdə fotokamera qadağasının mahiyyətini anlamaq üçün onu tək bir səbəbə endirmək yanlış olar. Əslində bu qərar dörd əsas amilin üzərində qurulur:
Birinci amil qorunmadır. Fləşin işıq şüaları qədim rəng piqmentlərini, kağız və parça materiallarını zamanla deformasiyaya uğradır, bu isə əvəzolunmaz irsin itirilməsi deməkdir.
İkinci amil idarəetmədir. Çoxsaylı ziyarətçinin eyni anda çəkiliş aparması insan axınının nizamlanmasını çətinləşdirir, təhlükəsizlik, vaxt və gediş-gəliş baxımından əlavə risklər yaradır.
Üçüncü amil gəlirdir. Rəsmi suvenir mağazalarında satılan fotoalbomlar, açıqcalar və lisenziyalı görüntülər, həmçinin ödənişli çəkiliş icazələri muzeylərin və tarixi abidələrin əsas maliyyə mənbələrindən biridir; sərbəst çəkiliş bu mənbəni zəiflədir.

Dördüncü və nisbətən az nəzərəçarpan amil – məxfilik və etik həssaslıqdır. Bu daha çox dini və sakral məkanlara aid edilir. Bəzi məkanlar hələ də dini funksiyasını itirməyib və orada çəkilən şəkillər yerli əhalinin mənəvi dəyərlərinə toxuna bilər.
Bir sözlə, fotoçəkiliş qadağası texniki bir maneədən çox, mədəni irsin qorunması, institusional idarəetmə, maliyyə dayanıqlılığı və etik məsuliyyət arasındakı incə tarazlığın nəticəsidir. Təcrübə göstərir ki, bu cür qadağa və məhdudiyyətlərin arxasında duran səbəb ziyarətçiyə düzgün izah olunmadıqda və ya sadəcə anlaşılmadıqda, qaçılmaz olaraq gərginlik və mübahisə yaranır.
Nəticədə, əməkdaş şəkil çəkmək istəyən ziyarətçiyə potensial problem kimi baxır. Lakin mədəni irsin gələcəyi baxımından məsələyə fərqli prizmadan yanaşmaq daha doğru olardı: ziyarətçini problemin mənbəyi kimi deyil, mühafizə prosesinin təbii iştirakçısı kimi görmək lazımdır.

Şəffaf ünsiyyət
Bunun üçün isə, ilk növbədə, abidə ilə ziyarətçi arasında şəffaf və effektiv kommunikasiya qurulmalıdır. Bu, bir neçə konkret istiqamətdə həyata keçirilə bilər:
– abidənin həssas hissələri barədə əvvəlcədən məlumatlandırma aparılmalı;
– ziyarət qaydaları mürəkkəb deyil, aydın və sadə dillə izah edilməli;
– bələdçilərin sırf informativ deyil, həm də maarifləndirici funksiyası gücləndirilməli;
– müasir rəqəmsal vasitələrdən məlumatlandırma məqsədilə istifadə olunmalı,
– ziyarətçi axını daim monitorinq edilməli və pik saatlarda yaranan sıxlığı azaltmaq üçün əlavə tədbirlər tətbiq edilməlidir.
Yalnız bu kompleks yanaşma sayəsində ziyarətçi qadağanı özbaşınalıq yox, ortaq məsuliyyətin bir hissəsi kimi qəbul edə bilər.

Diqqətəlayiqdir ki, UNESCO-nun turizmin idarə olunması üzrə yanaşması da məhz bu prinsipə əsaslanır: ziyarətçi təcrübəsi ilə irsin qorunmasını bir-birinin əksinə çıxan iki məqsəd kimi deyil, məlumat, planlaşdırma və ağıllı idarəetmə vasitəsilə uzlaşdırıla bilən amillər kimi qəbul edir. Bu baxımdan gələcəyin muzey və abidə idarəçiliyi sadəcə "daha çox ziyarətçi" prinsipi üzərində qurula bilməz – çünki mədəni irsin qorunması ilə turizmin inkişafı arasında balans yaratmaq üçün əsas ölçü ziyarətçinin sayı yox, ziyarətin keyfiyyəti və abidənin qorunma vəziyyəti olmalıdır.

“Üçlü fayda” modeli
Bu fikri daha aydın izah etmək üçün sadə bir sual vermək kifayətdir: bir abidəyə yüz minlərlə insanın axışması, ilk baxışda, uğur göstəricisi kimi görünə bilər - bəs bunun arxasında nə dayanır? Əgər bu ziyarətlər nəticəsində abidənin fiziki vəziyyəti tədricən pisləşirsə, tarixi mühit öz orijinallığını itirirsə, yerli əhali bu prosesdən heç bir fayda əldə etmirsə və turist artıq həmin məkana geri qayıtmaq istəmirsə, deməli, burada həqiqi mənada davamlı turizmdən danışmaq mümkün deyil.

Əksinə, yalnız düzgün idarə olunan turizm modeli üçlü fayda yarada bilər: abidəni dünyada daha yaxşı tanıdır, onun qorunması üçün zəruri resursları təmin edir və cəmiyyətdə mədəni irsə qarşı hörmət hissini gücləndirir. Nəticə etibarilə, bütün bu müzakirənin ana xətti bir həqiqətə gətirib çıxarır: mədəni irsi qorumağın ən doğru yolu onu insanlardan təcrid etmək deyil, insana onun əsl dəyərini anlatmaqdır.
Zəminə RƏSULOVA
Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi