Kiçik şəhərlərdə böyük darıxmaq - PSİXOLOJİ ESSE
(Oğlum Ayxana ithafən)
Otağın küncündə əyləşib
Divardakı saatın səsini saymaqdır darıxmaq.
Bu yazıya “Kiçik şəhərlərdə böyük darıxmaq” adını ona görə qoydum ki, bəzən şəhərlərin böyüklüyü insanın tənhalığını müəyyən etmir. İndi başa düşürəm ki, kiçik şəhər bəzən xəritədə ərazisi az olan yer deyil. Kiçik şəhər insanın özünü sığdıra bilmədiyi yerdir. Və bəzən ən böyük darıxmaq, elə ən böyük şəhərlərdə yaşanır. Heç düşünmüsünüzmü, insan niyə böyük şəhərdə özünü yoxluqda hiss edir? Çünki məsələ küçələrin uzunluğunda, binaların hündürlüyündə, əhalinin sayında deyil. Məsələ insanın həmin şəhərə sığıb-sığmamasındadır.
Bəzən minlərlə insanın yaşadığı şəhərdə özünə bircə künc tapa bilmirsən. Küçələr genişdir, amma nəfəsin daralır. Evlər böyükdür, amma içində özünü qonaq kimi hiss edirsən. İnsanlar çoxdur, amma sənə tanış olan bir səsə ehtiyac duyursan.
Bəlkə də insanın doğulduğu, böyüdüyü, illərlə yaşadığı kiçik şəhər də bir az belədir. Orada hər küçənin bir xatirəsi, hər evin bir səsi, hər yolun bir hekayəsi olur. Böyük şəhərlərdə küçələr daha uzundur, binalar daha hündür, insanlar daha çoxdur. Səni heç kimin gözləmədiyi bir şəhərdə minlərlə insanın arasında qalmaq, bəzən bir küçəlik şəhərdə hamının səni tanımasından daha ağır olur. Çünki tənhalıq insanın ətrafında heç kimin olmaması deyil, tənhalıq — səni gözləyən birinin olduğu yerdən uzaqda olmaqdır.
Küçələri bir nəfəsə bitən,
Divarları adamın üstünə yeriyən şəhərlərin
Saatları burda daha yavaş,
Addımları daha ağır olur.
Saat neçədir?
Bilmirəm.
Zaman əqrəbləri paslanıb sanki,
Hər saniyə bir əsr boyda uzanır.
Məsələ şəhərdə deyil, bəlkə insanın içində daşıdığı həyat həmin şəhərə sığmır. Minlərlə insanın içindən keçirsən, amma bir nəfərin yoxluğu bütün şəhəri boşaldır. İnsan bəzən bir şəhər üçün yox, həmin şəhərdəki özünü darıxır.
Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanında Makondo adlı kiçik bir şəhər var. Orada zaman bəzən düz xətt kimi irəliləmir; keçmiş gələcəyə qarışır, insanlar eyni küçələrdən keçərkən özlərindən əvvəl yaşamış insanların izləri ilə qarşılaşırlar. Makondo sadəcə bir şəhər deyil, yaddaşın məkanıdır.
Markesin Makondosu mənə həmişə bir şeyi düşündürür: insanın tənhalığı ətrafındakı insanların sayı ilə ölçülmür. Bəzən küçənin bütün sakinlərini tanıyırsan, amma yenə də içində izah edə bilmədiyin bir boşluq olur.
Ayrılıqlar şəhərdən köçməklə başlamır. İnsan əvvəlcə özünü aid hiss etdiyi yerdən uzaqlaşır, sonra darıxmağın nə olduğunu anlayır. Bəlkə də ən böyük tənhalıq insanların olmadığı yerdə yox, səni tanıyan insanların olmadığı yerdə başlayır. Bəzən böyük şəhər də sənə kiçik gəlir. Küçələri geniş olur, amma sən sığmırsan. İnsanları çox olur, amma sən bir nəfərin səsini axtarırsan. Evləri çox olur, amma sən bir evin qapısına qayıtmaq istəyirsən. Çünki ürəyinin bir hissəsi başqa şəhərdə qalıb. Kiçik şəhərlərdə böyük darıxmaq bəlkə də elə budur: şəhər kiçik deyil, insanın ürəyi böyüyür. Və o ürək bəzən bir şəhərə, bir evə, bir övlada sığmayacaq qədər böyüyür.
İşimlə əlaqədar başqa şəhərdə yaşayıb, hər həftəsonu oğlumun yanına qayıdıram. Və anlayıram: bəzən insanın ən böyük şəhəri bir uşağın “Ana, gəldin?” deyən səsinə, sənin boynunu qucaqlayan o balaca qollarına sığır. Həftəsonu yaxınlaşdıqca içimdə bir yol başlayır. Hələ yoldayam, amma ürəyim artıq onun yanındadır.

“Təqvimdəki rəqəmlər yollardan daha uzundur,
Bir ana ürəyi üçün darıxmaq – şənbəyə qaçan qatardır.
Dünyanın ən ağır işidir darıxmaq;
Beş günlük sürgündən, iki günlük cənnətə boylanmaq kimi...”
Uşaq dünya ədəbiyyatının incilərindən olan, Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərində çox sevdiyim bir fikir var: “Əgər sən günorta saat dörddə gələcəksənsə, mən saat üçdən xoşbəxt olmağa başlayacağam.”
Bəlkə mənim oğlumun gözləməsi də bir az belədir. “Balaca şahzadə”dəki kimi, görüşəcəyimiz saatdan çox əvvəl xoşbəxt olmağa başlayır.
Həftəsonunun gələcəyini bildiyi üçün həftənin hansısa günündən məni gözləməyə başlayır. Mən isə cüməyə, şənbəyə, onun yanına qayıdacağım ana qədər günləri sayıram.
Bu yad şəhərin küçələri çox səs-küylüdür, oğlum,
Amma mənim içimdə ancaq sənin səssizliyin var.
Hər bazar ertəsi vağzaldan geriyə dönəndə
Ürəyimi o balaca çarpayının yanında qoyub gəlirəm.
Burada saatlar çox yavaş asılır divardan,
Günlər keçmək bilmir.
Masa arxasında iş sənədlərinə baxanda da,
Gözümün önünə sənin mənə çəkdiyin o rəngli şəkillər gəlir.
"Anam işə gedib" deyən o balaca dilinə qurban olum...
Mən bura sənin gələcəyin üçün gəlmişəm,
Amma hər saniyə uşaqlığından oğurlayırmışam kimi gəlir mənə.
Darıxmaq — beş günlük sürgün,
Və iki günlük cənnətdir mənim üçün.
Döz, bir az da döz, quzum,
Cümə günü sərnişin qatarı məni yenə sənə gətirəcək.
Anam onun yanındadır, ona çox gözəl baxır. Əlləri onun başındadır, süfrəsi qarşısındadır, səsi evdədir. Mən bunu bilirəm və buna görə rahatam. Bilirəm ki, balam güvəndədir. Bilirəm ki, qayğısı var, yeməyini yeyir, dərsinə gedir, gülür, oynayır. Amma mən onun həmin gülüşünü görmək istəyirəm. Ana ürəyi məsafəni məntiqlə qəbul etmir.
Oğlum bəlkə də məndən daha çox günləri sayır. Bilmirəm. Bəlkə onun üçün həftəsonu sadəcə təqvimdə iki boş gün deyil. Mənim gələcəyim gündür. Bəlkə də o, qapının açılacağı anı məndən daha çox düşünür. Çünki mənim bütün yollarımın sonunda bir uşaq dayanır. Mənim üçün yolun sonu evdir. Onun üçün isə yolun sonu mənəm.
Və sən başa düşürsən ki, “kiçik şəhər” coğrafi anlayış deyil. Mən onun hər gününü görə bilmirəm, amma hər günümün içində o var. Mənim üçün məsafə kilometrlərlə ölçülmür. Mənim məsafəm bir “Ana, nə vaxt gələcəksən?” sualı qədər uzundur. Bəlkə də insanın “kiçik şəhəri” elə budur - ürəyinin sığmadığı yer.
Məsafə ana ilə oğul arasındakı bağı ölçə bilmir. Çünki bəzi bağların kilometri yoxdur. O bağ nə yol tanıyır, nə şəhər, nə də ayrılıq. Və insan bunu anlayanda böyük şəhərin də, kiçik şəhərin də mənası dəyişir. Çünki, dünyanın ən böyük şəhərində belə insan öz oğlunun qucağına sığmayacaq qədər darıxa bilər. Mənim üçün bütün yolların sonu yenə onun yanıdır. Həftəsonlarını ona görə gözləyirəm. Çünki bəzi şəhərlərdən çıxıb evə gedirsən. Bəzi şəhərlərdən isə çıxıb övladına gedirsən.
Nə dəniz günahkardır, nə bu boz binalar.
Səbəbsiz bir sıxıntı boğur adamı.
Bir az uzaqlaşmaq istəyirsən,
Yollar elə ilk döngədəcə bitir.
Özündən qaçmaq istəyirsən,
Şəhər o qədər kiçikdir ki,
Hər tinbaşında özünə çırpılırsan.
Daha çox imkan, daha çox insan, daha çox iş, daha çox səs-küy... Küçələr uzanır, binalar yüksəlir, yollar çoxalır. Amma qəribədir, insanın içindəki dünya bəzən bütün bunların arasında kiçilir.
Kiçik şəhərlərdə isə həyat bəlkə də çox sadə görünür. Eyni küçələrdən keçirsən, eyni insanlarla rastlaşırsan, eyni mağazanın qarşısından ötürsən. Hətta bəzən bu təkrarçılıqdan şikayətlənirsən. “Kaş burada bir az da çox imkan olaydı”, deyirsən. “Kaş həyat bir az da dəyişəydi...”
Sonra gedirsən. Və anlayırsan ki, darıxdığın şey şəhərin özü deyilmiş. Sən səhərlərini darıxırsan. Evdən çıxanda arxanca baxan uşağın gözlərini, işə tələsərkən keçdiyin tanış küçəni, salam verdiyin insanları, səni adınla çağıran səsləri darıxırsan. Ən çox da evdə qalan bir oğlunun səni gözləməsini darıxırsan. Həftəsonunun gəlməsini gözləyən balaca bir ürək var orada. Sən isə böyük şəhərdə həftəsonunu onun yanına qayıtmaq üçün sayırsan. Beləcə, məsafə kilometrlə ölçülmür.
Bəlkə də “kiçik şəhər” dediyimiz şey xəritədə kiçik görünən, amma insanın ürəyində çox böyük olan yerdir. Orada insanın həyatı daha az ola bilər, amma xatirələri daha çox yer tutur. Və bəzən insan böyük şəhərdə yaşayaraq anlayır: Tənhalıq — səni gözləyən birinin olduğu yerdən uzaqda olmaqdır.
Bəzən gün ərzində işin, insanların, yolların, şəhərin səs-küyü fikrini yayındırır. Sonra axşam olur. Telefonun o biri başından gələn bir səs, bir cümlə, bir “ana” sözü bütün günü dağıdır.

Ən böyük darıxmaq kiçik şəhərlərdə başlayır. Bəzən insan elə bir coğrafiyaya sıxışıb qalır ki, ora xəritədə cəmi bir nöqtə, insanın içində isə ucu-bucağı görünməyən bir səhradır. İllərlə rayonda, o kiçik mühitdə çalışırsan. Hər döngə tanış, hər üz doğma olur, amma maddi çətinliklər, dəyişməyən maaş və yerində saymaq hissi insanı boğur. Elə bilirsən ki, bu zəifliyin, bu durğunluğun çarəsi uzaqlardadır. Və bir gün qərar verirsən: övladına gözəl gələcək vermək üçün hər şeyi geridə qoyub böyük şəhərə, yeni imkanlara, yaxşı gəlirə doğru köçürsən ki, bir müddət sonra onu da yanına gətirəsən. Düşünürsən ki, cibin dolduqca, həyatın rahatlaşdıqca hər şey yaxşı olacaq.
Amma sən böyük bir həqiqətlə toqquşursan: böyük şəhərin darıxmağı, kiçik rayonun darıxmağından qat-qat ağır imiş.
İndi bu səs-küylü prospektlərin ortasında, yaxşı qazancın içində hər gün gözlərin dolacaq qədər böyük bir boşluq hiss edirsən. Niyə belə olur? Psixologiyada buna "adaptasiya böhranı" və "yadlaşma" deyilir. Rayonda darıxanda insan gələcəyə ümid bəsləyir, "şəhərə getsəm, hər şey düzələcək" deyə bir xəyal qurur. Amma şəhərə gəlib o maddi hədəfə çatdıqdan sonra daxildəki o boşluq yox olmayanda, insanın ümidi tükənir. Çünki artıq qaçacaq, sığınacaq başqa bir "böyük şəhər" xəyalı qalmır.
Şəhərin göydələnləri ucaldıqca, sanki insanların səmimiyyəti bir o qədər kiçilir. Rayonun o bənzərsiz, hüzurlu axşamüstü sakitliyini, küçədən keçən tanış qonşunun səmimi, təmənnasız salamını heç bir pulla, heç bir böyük maaşla satın ala bilməyəcəyini anlayırsan. İnsan anlayır ki, gözləri dolduran o darıxmaq hissi coğrafi deyil, ekzistensialdır. Biz bəzən pul qazanmaq üçün evimizi tərk edirik, amma sonra anlayırıq ki, ən böyük yoxsulluq elə evdən, doğmalıqdan uzaq düşmək imiş. Şəhər bizə parlaq işıqlar və yaxşı gəlir vəd edir, amma ruhumuz hələ də o kiçik rayonun sakit küçələrində, bəlkə də az maaşla, amma daxili hüzurla keçən günlərin həsrətini çəkir.

Bəlkə də Markesin Makondosu bizə elə bunu deyirdi: tənhalıq ətrafında insanların olmaması deyil, bəzən insanın öz dünyasına çata bilən bir nəfərin uzaqda olmasıdır.
İndi isə mən başqa bir şeyi gözləyirəm. İşimi, həyatımı burada elə qurum ki, oğlumu da yanıma gətirə bilim. Üç ay əvvəlki kimi...
Səhərlər onun səsini eşidim, evdə addım səsləri dolaşsın, “Ana, haradasan?” deyən səsi o biri otaqdan gəlsin. Həftəsonunu gözləməyim. Çünki həftənin hər günü onunla olsun. Bəlkə də indi çəkdiyim bütün bu məsafənin bir səbəbi var: sabah bizi yenidən eyni evə sığdırmaq. Çünki mənim üçün uğurun ən böyük ölçüsü nə böyük şəhərdir, nə yüksək bina, nə də daha rahat həyat. Ona görə bu günlərə ayrılıq kimi baxmıram. Mən onları bir gün bitəcək məsafənin günləri kimi sayıram. İndi mən həftəsonlarını gözləyirəm. Bir gün isə həftəsonunun gəlməsini gözləməyəcəyəm. Çünki o, yanımda olacaq. Və bəlkə onda anlayacağam ki, mən heç vaxt böyük şəhərə sığmağa çalışmırmışam. Mən sadəcə oğlumla birlikdə quracağım həyata yer axtarırmışam. Kiçik şəhərlərdə böyük darıxmaq da bəzən böyük bir qovuşma ümidi ilə yaşanır.
Qatarlar səni mənə gətirəcək...
Bu dəfə qatarların səsi
Ayrılıq kimi gəlməyəcək mənə.
Relslər boyu uzanan yollar
Məni səndən uzaqlara aparmayacaq,
əksinə səni mənə gətirəcək.
Mən vağzalda dayanacağam,
əllərim cibimdə,
ürəyim əllərimdən də səbirsiz.
Qatar uzaqdan görünəndə
bəlkə hamı bir sərnişin gözləyəcək
mən isə
bütün dünyamı.
Sən düşəcəksən qatardan...
Bəlkə çantan çiynində olacaq,
Bəlkə böyümüş olacaqsan bir az,
Amma mən səni uzaqdan da tanıyacağam.
Çünki analar övladlarını
Üzündən əvvəl
Addım səslərindən tanıyır.
Və o gün
aramızdakı bütün yollar
bir qucağın içində bitəcək.
Nə həftəsonlarını sayacağam
Nə günləri iplə özümə çəkəcəyəm.
Nə də “Nə vaxt gələcəksən”
Sualını telefondan eşidəcəyəm.
Sən yanımda olacaqsan.
Mən yenə səhərlər
Sənin səsinə oyanacağam,
Evdə yenə addım səslərin dolaşacaq.
Və mən anlayacağam ki,
Bəzi qatarlar
İnsanı bir şəhərdən o birinə aparmır.
Bəzi qatarlar bir ailəni qovuşdurur.
O günə qədər səni gözləyəcəyəm.
Qatarlar səni mənə gətirəcək,
Mən isə
Səni qucaqlamaq üçün
Bütün yolları gözləyəcəyəm.
Məhluqə Nuraliyeva
Xpress.az
