Son nəfəsinədək döyüşən ARTİLLERİYA ALAY KOMİSSARI
XX əsr bəşəriyyət tarixində ən qanlı və faciəli dövrlərdən biri kimi yadda qalmışdır. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlanan İkinci Dünya müharibəsi altı il davam edərək 60 milyondan çox insanın həyatına son qoydu. Müharibə təkcə dövlətlərin sərhədlərini deyil, milyonlarla ailənin taleyini də dəyişdirdi. Faşizm ideologiyasına qarşı aparılan bu ölüm-dirim savaşında Sovet İttifaqının tərkibində olan Azərbaycan da cəbhənin ayrılmaz hissəsinə çevrildi.
1941-ci il iyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə misilsiz fədakarlıq nümayiş etdirdi. Respublikadan 600 mindən artıq insan müharibəyə yollandı, onların təxminən yarısı doğma yurduna qayıda bilmədi. Bakı nefti sovet ordusunun əsas enerji mənbəyi oldu, Azərbaycan sənayesi isə silah, sursat, hərbi texnika və tibbi ləvazimat istehsal etməklə qələbəyə mühüm töhfə verdi. Cəbhələrdə döyüşən minlərlə azərbaycanlı göstərdikləri şücaətə görə orden və medallarla təltif olundu, yüzdən çox soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Belə qəhrəmanlardan biri də son nəfəsinədək döyüşən, ölüm qarşısında belə geri çəkilməyən Novruz Məmmədqulu oğlu Aslanov idi. 1913-cü ildə Abşeronun qədim yaşayış məskənlərindən olan Saray kəndində dünyaya göz açan Novruz Aslanov gənclik illərindən vətənpərvərliyi ilə seçilirdi. Müharibənin ən ağır günlərində o da minlərlə azərbaycanlı kimi silaha sarılaraq cəbhəyə yollandı. 1942-ci il aprelin 1-də ordu sıralarına göndərilən Aslanov qısa müddətdə öz hərbi bacarığı ilə seçilərək Azərbaycanda formalaşdırılan 396-cı Taman atıcı diviziyasının alay komandiri (komissarı) kimi məsul vəzifəyə yüksəldi. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular.
Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu.
Lakin o, öz yolundan dönmədi. Novruz Aslanovun başçılıq etdiyi qüvvələr komandirlərinin bu qətiyyəti və cəsarətindən ilhamlanaraq onları dəfələrlə üstələyən düşmən qüvvələrinə 4 saatdan artıq müddət ərzində qabağa getməyə icazə vermədilər. Aslanov bu döyüşdə yaralandı. O, heç kəsdən kömək istəməyərək öz yarasını özü sarıdı. Axşama doğru artıq artilleriya qurğuları təhlükəsiz zonaya çəkilmişdi. Aslanovun dəstəsindən yalnız o sağ qalmışdı.
1942-ci il oktyabrın 8-də "Pravda" qəzetində dərc olunan məqalədə qeyd edilirdi ki, “Azərbaycan xalqı cəsur artilleriya alay komissarı Novruz Aslanovun adını heç vaxt unutmayacaq. Cəbhənin bir sahəsində yaranmış son dərəcə ağır vəziyyətdə Aslanov kiçik bir döyüşçü dəstəsi ilə irəliləyən düşməni ləngitməyi öz üzərinə götürdü ki, ön mövqelərdə yerləşən topları təhlükəsiz şəkildə geri çəkmək mümkün olsun. O, demək olar ki, qaçılmaz ölümün üstünə gedirdi, lakin bir an belə tərəddüd etmədi. Müdafiə xətti düşmənin çoxsaylı itkiləri hesabına möhkəmləndirildi. Aslanovun dəstəsi də ağır itkilər verdi, lakin mövqeyini tərk etmədi.
- Azərbaycanın oğulları düşmən qarşısında geri çəkilməz! - komissarın səsi qızılordu əsgərlərinə çatırdı. Aslanov yaralandı. O, heç kimin köməyə gəlməsinə icazə vermədi və yarasını özü sarıdı. Axşama yaxın artilleriya batareyaları artıq təhlükəsizlikdə idi. Lakin Aslanovun dəstəsindən sağ qalan yalnız özü idi. Qaranlıqdan səslər eşidildi:
- "Rus, təslim ol!"
Almanlar cəsur komissarı diri ələ keçirmək qərarına gəldilər. Buna görə də atəşi dayandırdılar və Aslanova tərəf iməkləmək. Komissar yenidən avtomatı əlinə götürdü. Faşistlər geri çəkildilər, lakin çox çəkmədilər.”
Bu gün Abşeron rayonunun Saray qəsəbəsində Novruz Aslanovun adını daşıyan küçə onun xatirəsini yaşadan ünvanlardan biridir. Görkəmli Azərbaycan heykəltəraşı, iki dəfə Dövlət mükafatı laureatı Fuad Əbdürəhmanov tərəfindən qəhrəmanın xatirəsinə həsr edilmiş portret və büst isə onun ölməz obrazını sənətdə əbədiləşdirən qiymətli əsərlər sırasındadır. Bu sənət nümunələri Novruz Aslanovun igidliyini və Vətən uğrunda göstərdiyi fədakarlığı gələcək nəsillərə çatdıran mənəvi irs kimi böyük əhəmiyyət daşıyır.
Günay Rzayeva