"Azəristiliktəchizat" aldığı qaza nə qədər vəsait xərcləyib?
Bu il "Azəristiliktəchizat" ASC-yə məxsus 549 qazanxanada ümumi dəyəri 24 milyon 17,4 min manat olmaqla 145 milyon 560,5 min kubmetr təbii qaz istifadə edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat"dən məlumat verilib.
Bildirilib ki, həmin qaza görə 24 milyon manat və yaxud demək olar ki, 100 % ödəniş edilib.
2025-ci ildə isə 31 milyon 510,2 min manat dəyərində 190 milyon 971,2 min kubmetr təbii qaza görə 32 milyon 317,9 min manat və yaxud 102,6 % ödəniş edilib.
Son mövsümdə Bakı şəhəri və respublikanın 51 regionunda 549 qazanxana vasitəsilə3 833 yaşayış binası, 177 185 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti, 160 büdcədən maliyyələşdirilən digər təşkilatlar və 2 627 təsərrüfat obyekti, o cümlədən respublikanın regionlarında 197 qazanxana istismar edilməklə, 588 yaşayış binası, 100 məktəb, 35 uşaq bağçası, 44 səhiyyə, 60 büdcədən maliyyələşdirilən digər təşkilatlar və 167 təsərrüfat obyekti istiliklə təmin edilib.
Bundan başqa, Bakıda və regionlarda 41 qazanxana vasitəsilə 45 çoxmənzilli yaşayış binasında 3 127 mənzil üzrə 11 116 nəfərə yaxın sakin, 13 büdcə, 104 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edilib.