Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir
Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumlara verilmiş 369 akkreditasiya attestatı hazırda qüvvədədir.
Xpress.az xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda təşkil olunan media təlimində deyib.
O qeyd edib ki, qüvvədə olan attestatlar sınaq və kalibrləmə laboratoriyalarını, sertifikatlaşdırma qurumlarını, eləcə də inspeksiya orqanlarını əhatə edir:
"Akkreditasiya müvafiq təşkilatların müəyyən edilmiş standartlara uyğun fəaliyyət göstərdiyini və texniki səriştəyə malik olduğunu təsdiqləyir. Bu mexanizm məhsul və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin artırılmasına, sahibkarlığın inkişafına və bazarda sağlam rəqabətin təmin edilməsinə töhfə verir".
O əlavə edib ki, Azərbaycan Akkreditasiya Mərkəzinin başlıca hədəfləri akkreditasiya sistemini beynəlxalq standartlar əsasında inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkənin keyfiyyət infrastrukturunu möhkəmləndirməkdir.
Əli Məmmədli