Qadınlarda insult və ölüm riskini artıran iki əsas amil müəyyən edilib
Danimarkalı alimlər miqren və siqaret çəkməyin qadınların sağlamlığı üçün yaratdığı təhlükəni üzə çıxarıblar. Araşdırmaya görə, bu iki amilin birlikdə mövcudluğu, xüsusilə doğuş etmiş qadınlarda insult və ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Xpress.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın Orhus Universitetinin tədqiqatçıları 15-60 yaş aralığında təxminən 1,7 milyon qadının tibbi məlumatlarını təhlil ediblər.
20 il davam edən araşdırma çərçivəsində iştirakçılar dörd qrupa bölünüblər: miqren və siqaret çəkmə tarixçəsi olmayanlar, yalnız miqren diaqnozu olanlar, yalnız siqaret çəkənlər, eləcə də hər iki risk faktoruna malik qadınlar.
Tədqiqatın nəticələrinə əsasən, miqren və siqaret çəkmənin birlikdə müşahidə edilməsi doğuş etmiş qadınlarda 60 yaşına qədər işemik insult riskini 3,6 dəfə artırır.
Ayrı-ayrılıqda qiymətləndirildikdə isə miqrenin işemik insult riskini 85 faiz, siqaret çəkmənin isə təxminən iki dəfə artırdığı müəyyən edilib.
Alimlər hemorragik insultla bağlı da diqqətçəkən nəticələr əldə ediblər. Belə ki, miqren bu insult növünün riskini 46 faiz, siqaret çəkmək təxminən iki dəfə, hər iki amilin birlikdə mövcudluğu isə 2,6 dəfə artırıb.
Araşdırmada ölüm göstəriciləri də təhlil edilib. Məlum olub ki, siqaret çəkmək miqrenin olub-olmamasından asılı olmayaraq ölüm riskinin yüksəlməsi ilə əlaqəlidir. Hər iki risk faktoruna malik qadınlarda isə müşahidə dövründə ölüm riski müqayisə qrupu ilə müqayisədə üç dəfədən çox yüksək olub.
Qeyd edək ki, işemik insult beynin müəyyən hissəsinə qan axınının damarların tutulması və ya ciddi daralması nəticəsində dayanmasıdır. Bu zaman beyin hüceyrələri oksigen və qida maddələri ilə təmin olunmur və zədələnməyə başlayır. Hemorragik insult isə beyində qan damarının partlaması nəticəsində qanaxmanın baş verməsi ilə xarakterizə olunur.
Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr miqren və siqaret çəkmə ilə insult və ölüm riski arasında əlaqəni göstərir, lakin bu amillərin birbaşa səbəb olduğunu sübut etmir. Bundan başqa, araşdırmaya yalnız doğuş etmiş qadınların daxil edilməsi nəticələrin digər qadınlara və kişilərə şamil edilməsini məhdudlaşdırır.
Alimlər bu nəticələrin siqaretdən imtinanın və insult riskinə təsir edən amillərin vaxtında qiymətləndirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirdiyini bildirirlər.