Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Azure Residence"in nümayəndəsindən bina sakinləri...
"Azure Residence"in nümayəndəsindən bina sakinlərinin şikayətləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm

"Azure Residence"in nümayəndəsindən bina sakinlərinin şikayətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Xpress.az Redaksiyası 01.11.2025 20:20

"Azure Residence"in nümayəndəsi bina sakinlərinin təmsilçisi tərəfindən şirkət haqqında səslənən fikirlərlə bağlı açıqlama verib.

"Güvənli-Servis Management" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqşünası Hüsniyyə Hüseynova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, son günlər "Azure Residence" yaşayış kompleksi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

H.Hüseynovanın sözlərinə görə, əsl vəziyyət ondan ibarətdir ki, kompleksin sakinləri tərəfindən MMC-yə qarşı 211 min manat məbləğində debitor borc yaranıb:

"Buna baxmayaraq, "Güvənli-Servis Management" MMC xidmətlərin göstərilməsini dayandırmayıb, sakinlərin təhlükəsizliyi və rahatlığını qorumaq məqsədilə bütün xidmətləri fasiləsiz şəkildə davam etdirib.

Borcların ödənilməməsi nəticəsində "Azərişıq" və "Azəriqaz" qarşısında öhdəliklərdə gecikmələr yaranıb, bu da əməkdaşların maaşlarının verilməsində çətinliklərə səbəb olub. Şirkət dəfələrlə rəsmi müraciətlər göndərsə də, sakinlər qərəzli şəkildə ödənişlərdən yayınıb və xidmətlərin davamını tələb ediblər.

Ən acınacaqlı məqam ondan ibarətdir ki, bu prosesə rəhbərlik edən vəkil Davud Məmmədov - Vəkillər Kollegiyasının üzvü olmasına baxmayaraq, hüquqi peşə davranış prinsiplərini pozaraq məsələləri məhkəmə və hüquqi müstəvidə deyil, ictimai təzyiq yolu ilə həll etməyə çalışır.

Daha da narahatedici hal odur ki, Davud Məmmədovun rəhbərlik etdiyi "kampaniyada" məhkəmə qətnaməsinin tələbləri və təhvil-təslim prosesi başa çatmadan, tam qanunsuz şəkildə sakinlərdən vəsait toplanması cəhdləri müşahidə olunur. Bu, həm məhkəmə qərarının icrasına zidd hərəkət, həm də vətəndaşların etimadının sui-istifadəsi kimi qiymətləndirilməlidir".

Açıqlamada əlavə olunub ki, hazırda məhkəmənin qərarına əsasən, binanın idarəçiliyinin bələdiyyəyə, daha sonra isə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) təhvil verilməsi nəzərdə tutulur:

"Güvənli-Servis" MMC təhvil-təslim prosesini həyata keçirməyə tam hazırdır, lakin qarşı tərəf artıq iki aydan çoxdur ki, prosesi əsassız şəkildə yubadır və təhvil aktını imzalamaqdan imtina edir.

Bütün bu hallar nəzərə alınaraq, "Güvənli-Servis Management" MMC tərəfindən Baş Prokurorluğa, Vəkillər Kollegiyasına və digər aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər hazırlanıb. Məqsəd - məhkəmə qətnaməsinin pozulması, sakinlərin aldadılması və təxribat xarakterli hərəkətlərin hüquqi qiymət almasıdır.

Şirkət fəaliyyətində qanuni davranır, şəffaflıq nümayiş etdirir və sakinlərin hüquqlarına, hörmət prinsiplərinə sadiqdir. Yaranmış vəziyyətin hüquqi yolla tam həlli təmin ediləcək".

Bakının Xətai rayonunda yerləşən "Yeni Həyat Şirkətlər Qrupu" MMC-yə məxsus "Azure Residence"in binasının sakinləri istilik sisteminin dayandırılmasından və binanın idarəçiliyində yaranmış problemlərdən narazıdırlar.

Şikayətçi Davud Məmmədov "Azure Residence" binanı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə (MMMC) təhvil verməkdən imtina edir.

O qeyd edib ki, cəmiyyət artıq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib, təsdiqlənib və şəhadətnamə əldə edib.

Şikayətçinin sözlərinə görə, şirkət liftlərin kart sistemlərini, giriş qapılarının təhlükəsizlik mexanizmlərini söküb, qəbul masalarını binadan çıxarıb:

"Sakinlər tərəfindən cəmiyyət yaradıldıqdan sonra şirkət təhvil-təslim prosesinə mane olmağa başladı. Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin rəhbəri kimi tələb edirəm ki, əvvəlki idarəçi şirkət bütün avadanlıqları, sənədləri və açarları bizə təhvil versin".

Davud Məmmədov iddia edir ki, binada yerləşən mərkəzi qazanxana sakinlərə verilmir:

"Şirkət nümayəndələri bildiriblər ki, qazanxana onlara məxsusdur və noyabrın 1-dən etibarən isti suyun verilişi dayandırılacaq. Bina 326 mənzildən ibarətdir. Sakinlərə deyiblər ki, artıq istilik sistemi işləməyəcək, ancaq şirkətə yaxın şəxslərin mənzillərinə ayrıca kombi sistemi quraşdırılır. Beləliklə, 20-25 mənzildə isti su olacaq, digərlərində isə olmayacaq".

Şikayətdə həmçinin qeyd olunur ki, "Azure Residence" ümumi istifadə sahələrində özbaşına dəyişikliklər aparır, şaxtalardan və yüksək gərginlikli elektrik xətlərinin yanından borular keçirir:

"Bütün proseslərə dair videomateriallar bizdə var. "Azure Residence" kommunal ödənişlərin yığılması ilə bağlı da şəffaflıq nümayiş etdirmir. Biz yığılan vəsaitlərin necə xərcləndiyini öyrənmək istəyirik. 3-6 aylıq maliyyə hesabatı tələb etmişik, amma heç bir cavab almamışıq. İşçilərin maaşları gecikdirilir, bina isə baxımsız vəziyyətdə qalıb".

D.Məmmədov əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, binanın idarəçiliyi və ona aid sənədlər MMMC-yə təhvil verilməlidir, bu qətnamə Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb:

"İcra məmurları gəlib sənədlərin və açarların təhvil verilməsini tələb etsələr də, şirkət onların tələblərini yerinə yetirməyib. İndi isə bildiriş paylayıblar ki, noyabrın 1-dən isti su dayandırılır".

Məsələ ilə bağlı "Azure Residence" şirkətinə sorğu ünvanlanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək