Saturnun peykindən gələn məlumatlar- BİLDİYİMİZ HƏR ŞEYİ DƏYİŞƏ BİLƏR
Saturnun peyki Enceladusdan gələn məlumatlar bütün bildiklərimizi dəyişə bilər.
Günəş sisteminin ən sirli buzlu peyklərindən biri olan Enceladus, həyat axtarışında yeni bir dövr açır. NASA-nın artıq fəaliyyətini dayandırmış Cassini kosmik aparatından əldə edilən köhnə məlumatların yenidən təhlili nəticəsində, peykin səthinin altında gizlənən okeanın düşündüyümüzdən çox daha “mükəmməl” ola biləcəyi ortaya çıxıb.
Günəş sistemimizin ən maraqlı səma cisimlərindən biri olan Saturnun Enceladus peyki üzərində aparılan son elmi araşdırmalar, orada həyat üçün uyğun şərait ola biləcəyinə dair ehtimalları gücləndirib. Cassini missiyasından əldə edilən məlumatların yenidən araşdırılması nəticəsində, peykin Şimal qütbündən davamlı istilik sızdığı müəyyən edilib. Bu tapıntı, səthin altında yerləşən geniş yeraltı okeanın əvvəllər düşünüləndən çox daha sabit bir iqlimə sahib ola biləcəyinə işarə edir.
Alimlərin fikrincə, bu sabitlik həyatın yaranması və inkişafı üçün ideal bir mühit yarada bilər. Enceladusun səthi -201°C-yə qədər düşən dondurucu soyuqlara malik olsa da, yeraltı okeanın həyat üçün zəruri olan bütün kimyəvi elementləri ehtiva etdiyi artıq bilinir. Lakin indiyə qədər bu okeanın temperaturunun orqanizmlərin yaranması üçün kifayət qədər uzun müddət sabit qalıb-qalmadığı məlum deyildi.
“Biz düşünürük ki, həyatın mövcud ola bilməsi üçün sabitliyə ehtiyacı var. Buna görə də Enceladusun enerji çıxışının sabit olduğunu göstərmək, yeraltı mühitinin də çox güman ki, sabit olduğu mənasına gəlir.”
Təxminən 500 kilometr diametrə malik Enceladus, Saturnun cazibə qüvvəsi tərəfindən davamlı olaraq sıxılıb-uzadıldığı üçün gelgit istiləşməsi adlanan proses nəticəsində isinməkdədir. Bu enerji peykin tamamilə donmasının qarşısını alır. Lakin yeraltı okeanın həyatı dəstəkləyə bilməsi üçün qazandığı enerji ilə itirdiyi enerjinin bərabər olması, yəni tarazlıqda qalması vacibdir. Əgər Enceladus qazandığından çox enerji itirirsə, okean tamamilə donar — bu isə həyat üçün mənfi ssenaridir. Əksinə, daha çox enerji qazanarsa, buz qabığını altdan əridərək okeanın istiliyini və kimyəvi tərkibini dəyişdirər, bu da həyat üçün təhlükə yaradar.
Əvvəlki araşdırmalar, Enceladusun aktiv Cənub qütbündəki “kaplan zolaqları” adlanan çatlaqlardan püskürən su jetləri vasitəsilə nə qədər enerji itirdiyini təxmin etmişdi. Lakin okean bütün buz təbəqəsini eyni anda qızdırdığı üçün, bu enerji itkisini bütün peyk üzrə hesablamaq çətin idi.
Tədqiqatçılar aşkar ediblər ki, bu zəif istilik artımları ən asanlıqla soyuq səthlərlə müqayisədə aşkar edilə bilər və buz qabığının ən nazik olduğu bölgələrdə görünür. Şimal qütbü məhz bu şərtlərə tam uyğun gəlir.
Cassini aparatının məlumatlarını analiz edən alimlər, Şimal qütbünün səth temperaturunu dərin qış və yay dövrlərində müqayisə etdilər və nəticə təəccüblü oldu: Qütb ətrafındakı səth təxminən 7°C daha isti idi. Hesablamalara görə, peyk hər kvadratmetr üçün 46 millivatt, yəni ümumilikdə 35 qiqavatt enerji itirir.
Cənub qütbündəki məlum enerji itkisi də əlavə edildikdə, Enceladusun ümumi enerji itkisi 54 qiqavatt təşkil edir. Bu göstərici, gelgit istiləşməsindən əldə olunan təxmini enerji miqdarı ilə demək olar ki, tam tarazlıqdadır. Bu balans, Enceladusun okeanının uzunömürlü və sabit olduğunu sübut edir. Dr. Howett bu barədə deyir:
“Bu, Enceladusun həyatın inkişaf etməsi üçün daha çox şansa sahib uzunömürlü və sabit bir okeana malik olduğunu göstərir.”
Alimlər hələ bu həyatın necə görünə biləcəyini dəqiq bilmirlər. Lakin Dr. Howett bildirir ki, Enceladusdakı həyat formaları, Yerdəki dərin okean hidrotermal bacalarında yaşayan karides, xərçəng və ya ıstakoz kimi canlılara bənzəyə, yaxud tamamilə fərqli formaya malik ola bilər.
Növbəti mərhələdə alimlər bu okeanın həyatın yaranması üçün kifayət qədər uzun müddət mövcud olub-olmadığını müəyyənləşdirməyə çalışacaqlar. Əgər bu sübut edilərsə, onlar Cənub qütbünün buz sütunlarında kimyəvi həyat izləri axtara və ya birbaşa okeana enmək üçün yeni bir zond göndərə bilərlər.