Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Şəhidlərin qanı ilə yazılan tarix:
Şəhidlərin qanı ilə yazılan tarix:
Siyasət

Şəhidlərin qanı ilə yazılan tarix: Kiprdən Qarabağa qəhrəmanlıq yolu

Xpress.az Redaksiyası 21.11.2025 19:53

“Qarabağ da Kipr də ədalətsiz dünyanın oyununda buraxılmadı!”

Bu fikri millət vəkili Anar İsgəndərov Xpress.az-a açıqlamasında bildirib.

Şimali Kiprə ilk səfərim baş tutanda Qarabağ və Şərqi Zəngəzur hələ işğal altında idi. Kiprin 60–70-ci illərdə yunan zülmünə qarşı verdiyi istiqlal savaşının izlərini, şəhidlik məkanlarını ziyarət etdikcə həm orada can vermiş insanların ruhuna dua edir, həm də 1920-ci ildə müstəqilliyimizi boğan qırmızı orduya qarşı göstərilən müqaviməti və Birinci Qarabağ müharibəsinin şəhidlərini xatırlayırdım.

Xüsusilə 1920-ci ilin son üç günündə 11-ci orduya qarşı son nəfəsinə qədər döyüşən Samur alayı gözümün önündə canlandı. Bilirdilər ki, düşmən çox güclüdür, lakin geri çəkilmədilər və bu günümüz üçün şərəfli bir tarix qoyub getdilər.

Türk Kipri tarixə zəhmət və əməklə yoğrulmuş bir torpaq kimi düşüb. Halal zəhmət, sağlam türk ailəsi və insan əlinin yaratdığı hər şey bu torpağın kimliyinin əsasını təşkil edir. Lakin yunan tərəfi bununla barışmadı; Kipri türksüz Yunanıstana birləşdirmək məqsədilə türklərə qarşı saysız-hesabsız zülm tətbiq etdi. Kiprin türk əhalisi öz dədə-baba yurdundan çıxarılmaq təhlükəsi ilə üz-üzə qaldı. Əliyalın kiprli müqavimət göstərirdi, amma gücü tükənmək üzrə idi. Onların haqqını müdafiə edəcək güclü bir dövlətin dəstəyinə ehtiyac vardı. Allah-Təala belə bir yardımı türk ordusu ilə göndərdi.

Bir haşiyə:
1918-ci ilin mayında milli-demokratik qüvvələr Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Hökumət iyunun ortalarında Gəncəyə köçməli oldu, çünki Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti hökm sürürdü. Mart soyqırımının qanı hələ qurumamışdı. Bakı Soveti Cümhuriyyəti boğmaq üçün cəllad Korqanovun rəhbərliyi altında 20 minlik erməni-sovet qoşununu Gəncəyə doğru yürüş etdirdi. O zaman haqqı müdafiə edən Qafqaz-İslam Ordusu Cümhuriyyətin harayına yetişdi, düşməni darmadağın etdi, Bakını azad etdi və 1300-dən çox şəhid verdi. Bu gün Şəhidlər Xiyabanında ziyarət etdiyimiz qəhrəmanlar həmin şəhidlərdir.

Kiprdə də xilaskar çox gecikmədi. 1974-cü ilin qızmar yayında müzəffər türk əsgəri Kiprə havadan daxil oldu. Yunan tərəfi bu gücün qarşısında aciz qaldı. Şimali Kipr torpaqlarını ziyarət edərkən qəhrəmanlıq, müqavimət, türk əsgərinin şücaəti və qərb dövlətlərinin ədalətsiz çağırışları insanı düşündürür. Nə yaxşı ki, Türkiyə bu çağırışlara məhəl qoymadı.

Bir haşiyə də:
30 ildən sonra biz də Vətən Müharibəsinə başladıq, çünki torpaqlarımızın 20 faizi üç onillik idi ki, işğal altında idi. Bizi müharibədən çəkindirmək istəyən çoxları oldu – məsləhət verənlər də, hədə-qorxu gələnlər də. Lakin onlar bir şeyi hesablaya bilməmişdilər: Ali Baş Komandanın qətiyyətini və Azərbaycan əsgərinin illər boyu ürəyində daşıdığı Vətən sevgisini.

Şimali Kipr yarım əsr əvvəl məcburən ayrıldı. Lakin yaşayır, inkişaf edir, şəhidlərinin xatirəsini yaşadır. Azərbaycan isə 44 günlük müharibə ilə Ermənistanı məğlub etdi, havadarlarını məyus etdi, ərazi bütövlüyünü bərpa etdi. Amma sovet rəhbərliyi tərəfindən Qarabağda yaradılan separatçı yuva qalıb idi. 2023-cü ilin sentyabrında o yuva da əbədi olaraq tarixə qovuşdu.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə gedir. 44 günlük müharibədən sonra həyatımız yeniləndi; qalib dövlətlər sırasına qoşulduq. Yeni nəslin dərsliklərində artıq fərqli ruh yaşayır: Qarabağ dərdi bitdi, lakin Vətəni qorumaq və Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq vəzifəsi davam edir.

Ali Baş Komandan əsrlər boyu arzuladığımız suverenliyi əsgərinin gücü ilə bərpa etdi. Yaşa, Ali Baş Komandan! Yaşa, Azərbaycan əsgəri! Yaşa, hər cür tərifə layiq Azərbaycan xalqı!

Şimali Kipr Türk Cümhuriyyəti hələlik yalnız Türkiyə tərəfindən tanınır. Türk Dövlətləri Təşkilatı onu tədbirlərinə dəvət edir. Azərbaycan bu məsələdə xüsusi fəallıq göstərir, Bakıda Şimali Kiprin nümayəndəliyi fəaliyyət göstərir. Qalib Azərbaycan beynəlxalq platformalarda Şimali Kipri daim dəstəkləyir və ona qarşı edilən ədalətsizliklərə “yox” deyir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək