Məktəbli forması almaq istəyənlər BUNU BİLSİN
Yeni tədris ilinin başlamasına hələ bir aydan çox vaxt qalsa da, bəzi valideynlər artıq məktəbli forması almağa başlayıblar. Bir neçə gündür geyim mağazalarında məktəbli formalarının satışına start verilib. Bəs bu il məktəbli formalarının qiymətləri necədir? Valideynləri qarşıda hansı xərclər gözləyir?
Vəziyyəti yerində araşdırmaq üçün metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən bir neçə geyim mağazasında olduq.
Müşahidələrimiz göstərdi ki, hazırda məktəbli formalarının qiymətlərində ciddi dəyişiklik yoxdur və qiymətlər, əsasən, sabit qalır.

Mağazalarda yerli istehsalı olan məktəbli köynəklərinin qiyməti 12 manatdan, ətək və şalvarların qiyməti 19 manatdan, jiletlərin qiyməti isə 23-24 manatdan başlayır.
Satıcılarla söhbət zamanı məlum oldu ki, hazırda satışlar elə də yüksək deyil. Bunun əsas səbəbi isə tədris ilinin başlamasına hələ kifayət qədər vaxt qalmasıdır.
“Əksəriyyət hələ dincəlir. Ona görə də gün ərzində çox az sayda alıcı gəlir və məktəbli formaları ilə maraqlanır. Amma məhsulları satışa çıxarmışıq. Tədricən alış-verişin öz qaydasına düşəcəyinə əminik”, – deyə satıcılardan biri bildirdi.
Ötən il daha ucuz idi – bu il endirim olacaq?
Qeyd edək ki, ötən ilin sentyabr ayının əvvəllərində bir sıra mağazalarda məktəbli geyimlərinə endirimlər edilmişdi. Xüsusilə köynəklərin qiymətində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunurdu. Belə ki, ötən il bəzi mağazalarda köynəkləri 9-10 manata almaq mümkün idi.
Lakin bu il hələlik endirim gözlənilmir. Satıcıların sözlərinə görə, tədris ilinin başlanmasına yaxın qiymətlərdə müəyyən dəyişiklik ola bilər.
Digər mağazalarda isə əsasən Türkiyə istehsalı olan məktəbli geyimləri satışa çıxarılıb. Bu məhsulların çeşidi hələlik çox geniş deyil. Türkiyə istehsalı geyimlərin qiymətləri isə yerli məhsullarla müqayisədə daha yüksəkdir.

Belə ki, qısaqol köynəklərin qiyməti 19-20 manatdan, uzunqol köynəklərin qiyməti 20-21 manatdan başlayır. Şalvarların qiyməti model və keyfiyyətindən asılı olaraq 32 manatdan 45 manatadək dəyişir. Ətəklər 25-40 manat, jaketlər isə 30-35 manat arasında təklif olunur.
Satıcılar bildirirlər ki, Türkiyə istehsalı olan geyimlərdə də sentyabr ayında endirimlərin olması mümkündür.
“Hər il sentyabrın ilk həftəsindən sonra adətən endirimlər edirik. Tədris ili yaxınlaşdıqca alıcıların sayı artır və həmin vaxt müəyyən kampaniyalar tətbiq olunur”, – deyə digər mağazanın satıcısı qeyd etdi.
Hələlik mağazalarda sakitlikdir
Mağazalarda apardığımız müşahidə zamanı məktəbli forması almaq üçün gələn valideynlərin sayının çox az olduğu diqqət çəkdi. Əsasən qiymətlərlə maraqlanan, geyimlərin keyfiyyətinə baxan alıcılar var idi.
Satıcıların sözlərinə görə, əsl alış-verişin avqustun sonu – sentyabrın ilk günlərində canlanacağı gözlənilir. Çünki bir çox valideyn məktəbli forması ilə yanaşı, çanta, ayaqqabı, dəftərxana ləvazimatları və digər məktəb ehtiyaclarını da məhz həmin dövrdə almağa üstünlük verir.
Yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, tikib çatdırmaq mümkün deyil".

“Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov Musavat.com-a açıqlamasında bildirdi ki, bu il də məktəbli formalarının qiymətində 25 faiz endirim var:
"Məktəbli formalarının satışı yalnız yeni tədris ili ərəfəsində aktivləşən proses deyil. Uşaqlar ilboyu eyni ölçüdə qalmır. İl ərzində kiminsə boyu arta bilər, yeni şalvar, köynək və ya başqa geyimə ehtiyac yarana bilər. Ona görə də mağazalarımız ilboyu fəaliyyət göstərməlidir ki, ehtiyacı olan insanlar gəlib məktəbli formalarını ala bilsinlər. Bizdə bu proses davamlı olaraq ilboyu gedir.
Hazırda 8 mağazamız fəaliyyət göstərir. Məktəb formalarının bütün ölçüləri üzrə kifayət qədər ehtiyatımız var. Bunun üçün il ərzində hazırlaşmışıq, məhsulları əvvəlcədən istehsal etmişik. Bakı Tikiş Evində məktəbli formasına ehtiyacı olan hər kəs üçün kifayət qədər məhsul var.
Valideynlərə tövsiyəmiz odur ki, son günlərdə sıxlıq yaranmaması, növbələrdə gözləməmək və tələsməmək üçün məktəbli formalarını indidən ala bilərlər.
Qiymətlərə gəlincə, məhsullarımıza ötən ildən tətbiq olunan endirimlər bu il də qüvvədədir.
Belə ki, şalvar və ətəklərdə ötən il 25 faiz endirim etmişdik və həmin endirim bu il də qüvvədədir. Yəni, şalvar və ətəklər 15 manata satılır. Hətta böyük ölçülü şalvarlar da eyni qiymətə təklif olunur. Təsəvvür edin, 54 ölçülü şalvar 15 manatdır. Həmin məbləğə atelyedə şalvar tikdirmək belə mümkün deyil.
Jaketlərin qiyməti isə modelindən asılı olaraq 20 və 22 manatdır. Jaketlərin həm qalın, həm də nazik variantları mövcuddur. Ötən il 30 manata satılan bəzi jaketlərə 8 manat endirim tətbiq etdik, indi də 22 manata satılır.
Qısaqol köynəklər 12 manata, yzunqol köynəklər 15 manata satılır".
b5571b97-31fa-497d-83a7-c54d20aab378.jpg (230 KB)
Etibar Əzimov onu da qeyd edib ki, məktəbli formalarının hazırlanmasında pambıq parçadan istifadə olunur və məhsulların sertifikatı var: “Hamısı pambıq parçalardır, sertifikatı var. Məhsullara bir il zəmanət verilir. Kim alıbsa, bir il ərzində rahat şəkildə geyinə bilər, heç bir problem olmadan istifadə edə bilər”.